Elman Məmmədov: “Dedi ki, ABŞ-da söhbət etdiyi 70 yaşında bir erməni qadın əvvəllər yaşadığı Gəncəyə qayıtmaq istədiyini bildirib”
“Necə olur ki, həmsədrlər bizim illərlə dediklərimizə reaksiya vermirlər, amma bir erməni qadının sözlərindən bu qədər təsirlənirlər?”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə xəttində monitorinqi zamanı ermənilər tərəfindən atəş açılması vasitəçilərin "narahatlığına” səbəb olub. Amerikalı həmsədr Ceyms Uorlik "twitter” səhifəsində monitorinq zamanı atəşkəsin pozulmasının yolverilməz olduğunu yazıb:
"Biz təmas xəttini keçərkən atəşkəs pozuntusunun davam etməsi ATƏT müşahidəçilərini sığınmağa məcbur edib. Əlbəttə, bu hal qəbuledilməzdir”. Ancaq məsələ burasındadır ki, həmsədrlər ermənilərin atəşkəsi pozması faktı ilə bağlı "narahatlıq” ifadə etməkdən o yana keçməyiblər. Yaşanan insidentdən sonra Azərbaycan nümayəndələri ilə keçirilən görüşlərdə də vasitəçilərin mövqeyində heç bir dəyişiklik müşahidə olunmayıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov həmsədrlərlə təşkil olunan görüşdə onları haqlı tənqid etdiyini deyib: "Görüşdə Ceyms Uorlik bizə bir "nağıl” danışdı. Dedi ki, ABŞ-da söhbət etdiyi 70 yaşında bir erməni qadın əvvəllər yaşadığı Gəncəyə qayıtmaq istədiyini bildirib. Hətta həmsədr bunu Prezidentə danışdığını da dedi. Bilirsiz, çox qəribə yanaşmadır. Necə olur ki, həmsədrlər bizim illərlə dediklərimizə reaksiya vermirlər, amma bir erməni qadının sözlərindən bu qədər təsirlənirlər. Bir milyondan artıq azərbaycanlı qaçqın 25 ildir öz torpaqlarına qayıtmaq istəyir və bununla bağlı çağırış edirlər. Bəs niyə onların çağırışı eşidilmir?”. E.Məmmədov monitorinq məsələsinə də münasibət bildirib: "2 il əvvəl ATƏT-in Baş katibi Kasprşikə dedim ki, "siz bu qədər monitorinq keçirirsiz və yəqin ki, bununla bağlı harasa hesabat verirsiz. Sizin monitorinqlər keçirməkdə məqsədiniz nədir?”. Əgər mütəmadi keçirilən belə monitorinqlərdən sonra heç bir tədbir görülmürsə, onlara atəş açan ermənilərə qarşı təzyiq edilmirsə, onda bu "tamaşanın” kimə xeyri var? Düşmənin atəşkəsi pozmasına həmsədrlərin özü cəbhə xəttində şahid oldular. Həmçinin, dəfələrlə onlara çatdırılıb ki, ermənilər təkcə hərbiçilərə deyil, mülki adamlara da atəş açırlar. Dinc yaşayış məntəqələrini ağır silahlarla təhdid edirlər. Ancaq hər şeyi aydın şəkildə görən həmsədrlər bu illər ərzində Ermənistana yüngül də olsa cəza tətbiq etmədilər. Cəzasız qalan ermənilər isə günü-gündən daha da həyasızlaşdılar”.
Millət vəkili amerikalı həmsədrə önəmli bir məsələni də xatırladıb: "Ceyms Uorlikə dedim ki, ötən gün beynəlxalq cani Sarkisyan bəyanat verdi və söylədi ki, "Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir”. İndi sual edirəm, belə yanaşma sərgiləyən bir rəhbərlə hansısa münaqişəni sülh yolu ilə həll etmək olarmı? Axı necə ümid edək ki, bu cür açıqlama verən bir "lider” problemin ədalətli həllinə çalışacaq? Təəssüflər olsun ki, həmsədrlər sualıma cavab vermədilər. Daha doğrusu, dolayı yolla cavab verdilər”.
İsmayıl