Ceyms Uorlikin separatçılara dəstəyi...

Tofiq Abbasov: “Bu, bəzi Amerika siyasi qruplarının düşünülmüş siyasətidir”
Sahib Alıyev: “Biz belə bir dövlətin ədalətliliyinə, neytrallığına inana bilərikmi?”


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə "məşğul olan” ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda qondarma rejimin yaradılması ilə bağlı təşkil edilən tədbirə qatılıb. Bununla kifayətlənməyən həmsədr separatçı rejimin "rəsmisi” Karen Mirzoyanla da görüşüb.

Uzun müddətdir fəaliyyəti Azərbaycanda narazılıq doğuran Ceyms Uorlikin bu hərəkəti onun geri çağırılması və başqası ilə əvəz olunması məsələsini gündəmə gətirib. Verilən açıqlamalardan da aydın görünür ki, həmsədrin son addımı Azərbaycan tərəfinin səbir kasasını daşırıb. Ekspertlərə görə, Ceyms Uorlikin Karen Mirzoyanla görüşü arxadan vurulan xəyanətkar zərbədən başqa bir şey deyil. Çünki münaqişədə maraqlı olan tərəflərin hər biri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və orada yaradılan istənilən qurum qeyri-qanunidir. Xüsusən, işğal edilmiş həmin ərazilərdə hərbi xunta, separatçı, bölücü, qondarma qurum yaradılıbsa, dünya ölkələri bu qurumun təmsilçiləri ilə əlaqə qurmamalı, istənilən formatda görüş keçirməməlidir. Əgər belə bir görüş baş tutubsa, deməli, həmin dövlətin rəsmisi beynəlxalq qanunları kobudcasına pozub.

Həmsədrin qanunsuz hərəkətinə münasibət bildirən amerikalı politoloq Piter Teys deyib ki, Uorlikin Mirzoyanla görüşü tamamilə qərəzlidir. Onun sözlərinə görə, bu cür görüşlər yanlış mesaj verir və qarışıqlığı gücləndirir: "Uorlikin bu cür "dəstəyi” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə heç bir dəyər gətirmir. Bakı, haqlı olaraq bu cür təşəbbüsü pisləyir. Ötən aydan bəri üçüncü dəfədir ki, həmsədr tvitter hesabında yazdığı provokativ bəyanatlarla ikili standartlara əsaslanan münasibət nümayiş etdirir. Uorlik bəlkə də ABŞ Dövlət Departamentinin ən qeyri-diplomatik fiqurudur. O, sosial mediada elə bəyanatlar yayır ki, bunlar qırmızı bayraqları qaldıra və dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərər vura bilər. Onun tvitterdəki rəyləri Ermənistan və Dağlıq Qarabağın qeyri-legitim hakimiyyətinin xeyrinədir”.

Politoloq vurğulayıb ki, bu qədər təkrarlanan diqqətsizlikdən sonra Uorlik istefa verməlidir. Amerikalı həmsədrin Karen Mirzoyanla görüşməsini şərh edən politoloq Tofiq Abbasov da deyib ki, Ceyms Uorlik daim anlaşılmaz hərəkətlərə rəvac verir: "Dolayısı ilə o, separatçı rejimə bəraət qazandırmağa çalışır ki, bu da bəzi Amerika siyasi qruplarının düşünülmüş siyasətidir. Uorlik Minsk Qrupundakı fəaliyyətinə xitam verəcəyi barədə açıqlama verib. Ola bilsin ki, ən yaxın zamanda o, üçlüyü tərk etsin. Lakin nə qədər ki, o postunu təhvil verməyib və fəaliyyətdədir, o, separatçı rejimə açıq-aşkar siyasi dəstək verməli deyil”. Politoloq hesab edir ki, Uorlikin qondarma respublikanın "xarici işlər naziri” ilə görüşü Azərbaycan maraqlarına zərbə vurma anlamına gəlir: "Bu məsələdə rəsmi Bakı mütləq şəkildə gərək etirazını bildirsin. Uorlikin Minsk Qrupuna alternativ görməməsi barədəki fikri də siyasi demaqogiyadan başqa bir şey deyil. Minsk Qrupunun nəticəsiz fəaliyyəti məhz onu göstərir ki, həmsədrlər vəzifələrinin öhdəsindən gələ bilmirlər. Odur ki, Azərbaycan istənilən zaman ATƏT-in bu qurumuna öz etirazının bildirib danışıqlar prosesini dayandıra bilər. Onsuz da nizamasalma işi dalana dirənib və onun fəaliyyətsizliyi diplomatiyaya utanc gətirməkdə davam edir”.

Millət vəkili Sahib Alıyev də Ceyms Uorlikin qanunsuz addımını sərt tənqid edib: "Amerikanın vitse-prezidenti Cozef Bayden Ukraynaya gələrək Rusiyaya "Donbas və Krımdan çıx” deyə barmaq silkələyəndə Dağlıq Qarabağdakı erməni separatçılarının "xarici işlər naziri” Karen Mirzoyan ABŞ-a səfərə çıxdı. İndi bu erməni separatçısı orada dalbadal görüşlər keçirir. Onlardan biri də Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə oldu. Nəzərə almaq lazımdır ki, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgənin "xarici işlər nazirləri”, o cümlədən Donbas və Krım separatçılarının liderləri Amerikaya gedə bilməzlər. Əgər getsələr, onları orada konqresmenlər qarşılamayacaq. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları separatçıların əlinə qandal vurub həbs edəcəklər. Elə isə erməni separatçısı ilə belə təmtəraqlı görüş nə üçündür? Biz belə bir dövlətin ədalətliliyinə, neytrallığına inana bilərikmi?”.

İsmayıl