Cibgirlərin sayı çoxalıb

Ekspertlər tövsiyə edir ki, vətəndaşlar üstlərində, çantalarında az miqdarda pul saxlasınlar



Manatın dəyərdən düşməsi əhalinin yaşayış şəraitinin kəskin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən Azərbaycanda istər özəl, istərsə də dövlət müəssisələrində çalışanların ixtisara düşəcəyi də istisna edilmir. Şübhəsiz ki, həm qiymətlərin bahalaşması, həm də gözlənilən ixtisarlar cəmiyyətdə mənfi proseslərə yol aça bilər. Bəzi ekspertlərin fikrincə, indiki situasiya bəzi cinayətlərin, xüsusilə oğurluqların, talanların sayını artıra bilər. Qeyd edək ki, artıq küçələrdə əli bıçaqlı qabaq kəsən xuliqanlar peyda olmağa başlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Bilal Məmmədov küçə ilə gedərkən tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq, pul tələb ediblər. Bilal Məmmədov pul verməkdən imtina edib və tərəflər arasında dava düşüb. Gənci qarət etmək istəyənlərdən biri üzərində olan bıçaqla Bilal Məmmədova çoxsaylı zərbələr endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralıda 8-ə yaxın bıçaq xəsarəti aşkarlayıblar.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay deyib ki, manatın yenidən devalvasiyaya uğramasından sonra ölkədə iqtisadi böhran ab-havası yaranıb. Bu reallıq artıq qaçılmaz hal alıb. Ən pisi də odur ki, mövcud durum həm mənəvi-psixoloji cəhətdən, həm də iqtisadi cəhətdən insanlara təsir edir: "Təbii ki, baş verən proseslər insanların psixoloji durumuna təsir edəcək. Maddi vəziyyət çətinləşdikcə, insanlar stress və mübahisələrə daha meyilli olurlar. Varlı-kasıb olmasından asılı olmayaraq devalvasiya hər kəsi çətin duruma salıb. Bu mənada vətəndaşlar ehtiyatlı olmalıdır. Çünki bu günə qədər rahatlıqla pul qazanan insanlar birdən-birə vəziyyəti çətinləşdikcə qanunsuz əməllərə əl atacaq. İnsanlar indiki kimi ciblərində, çantalarında yüklü miqdarda pulla dolaşmasınlar. Oğurluğun, dələduzluğun, xuliqanlığın artmasını istisna etmirəm. Biz bir cəmiyyət olaraq buna hazır olmalıyıq. Hüquq-mühafizə orqanları da müəyyən qədər ayıq-sayıq olmalıdırlar. Bunları deməklə cəmiyyətdə qorxu, gərginlik yaratmaq istəməzdim. Amma nə edək ki, vəziyyət bundan ibarətdir”.

Şəymən