Çikaqoda Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi qeyd edildi - FOTOLAR

Yubiley tədbirində M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, görkəmli tarixçi-araşdırmaçı Nəsiman Yaqublu da iştirak edib
Mayın 18-də ABŞ-ın İllinois ştatının Çikaqo şəhərində həmin ştatda yaşayan "Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin (Respublikası) yaranmasının 100 illiyi münasibəti ilə geniş yubiley tədbiri keçirilib.
Bu barədə Moderator.az-a Cümhuriyyət tarixi və M.Ə.Rəsulzadə irsinin görkəmli araşdırmaçısı Nəsiman Yaqublu məlumat verib.
Cumhuriyyətin 100-cü ildönümünü qeyd etmək məqsədi ilə keçirilən möhtəşəm yubiley gecəsində İllinoisdə yaşayan Azərbaycan Cəmiyyətinin 200-dən çox fəalı, eləcə də yaxın əyalətlərdən qonaq olan azərbaycanlılar iştirak ediblər.
Yubiley gecəsində təşkilatçılar qonaqları salamladıqdan sonra bir sıra azərbaycanlı və Amerikalı dövlət rəsmiləri, alimləri tərəfindən təbrik çıxışları səsləndirilib. Çıxışlarda Çikaqo meri cənab George Van Dusen, Türkiyənin Çikaqodakı konsulu cənab Umut Acar, Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi cənab Rəis Rəsulzadə, Tomris Azəri, Dr. cənab Adil Bağırov, eyni zamanda Prof. Dr. cənab Nəsiman Yaqublu, Prof. Dr. cənab Harry Lepinske və digər qonaqlar Azərbaycan haqda xatirələrini və təbriklərini qonaqlara səsləndiriblər. Professor Nəsiman Yaqublu toplantı iştirakçılarına Cümhuriyyət tarixi haqqında geniş məlumat verib.
Yubiley gecəsinə gələ bilməyən Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin Komandiri vəzifəsində çalışan azərbaycanlı cənab Naimi Amiral (John Amiral) və digərlərinin təbrik məktubları da oxunub. Gecənin musiqili hissəsini canlandıran Azərbaycanın tanınmış tar ustadı professor Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianoçu Etibar Əsədli unudulmaz ifalarını qonaqlara bəxş ediblər.
 Tədbirdə iştirak edən qonaqlara təşkilatçı komanda tərəfindən xüsusi olaraq hazırlanmış, Cumhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr də təqdim edilib. Tədbirin daha yüksək səviyyədə təşkili üçün İllinoisdə yaşayan Azərbaycan cəmiyyəti fəalları tərəfindən də maliyyə dəstəyi göstərilmişdir.