"Çimərliklərdə zərərli maddələrin aşkar edilməsi hər il təkrarlanan problemdir”.
Bunu "Sherg.az”a Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil” və Səbail rayonunun Şıx çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olmasının səbəblərini izah edərkən AVCİYA-nın seçki qərargahının rəhbəri, Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı deyib.
O bildirib ki, Sumqayıta yaxın olan Corat və Novxanı çimərlikləri nisbətən təmizdir:
"Sumqayıtın şəhər çimərliyində isə hər zaman gigiyenik problemlər, suyun tərkibində zərərli maddələrin aşkarlanması müşahidə edilir. Bu isə kanalizasiya xəttinin birbaşa dənizə axıdılmasından qaynaqlanır. Burada istifadə edilən təmizləyici qurğu normal işləmədiyinə görə, anti-sanitar vəziyyət yaranıb.

Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun vəzifədə olduğu müddətdə mətbuatda çoxlu informasiyalar yayımlandı. Hətta şəhərə yeni təmizləmə qurğusunun gətiriləcəyi, dəniz suyunun zərərli maddələrdən mühafizə ediləcəyi deyilirdi. Amma bəzi digər məsələlər kimi bu da reallaşdırılmadı. Problemin həllinin yarımçıq qalmasının səbəbləri isə məlum deyil”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.
Aysel Aslan