“Cinayəti törədənlərin adını açıqlamaq istəmirəm”

Vəkil: “Jurnalistin ölümünə görə, 6 nəfər həbsdədir, lakin onlardan 4-nün Rasimə əli belə dəyməyib”




Məhkəmə-Tibbi Ekspertiza jurnalist Rasim Əliyevin döyülmə nəticəsində öldüyünü təsdiqləyib. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev məlumat verib.

Onun sözlərinə görə, mərhumun üzərində çoxsaylı ağır xəsarətlər və yüksək travmalar olub: "Ekspertiza iki mərhələli aparılıb. Proses zamanı həm meyitin ekspertizası aparılıb, həm də mərhuma göstərilən tibbi yardım araşdırılıb. Mərhuma tibbi yardımın göstərilməsi ilə bağlı araşdırma Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət xüsusi komissiyası tərəfindən həyata keçirilib”.

Ş.Musayev onu da söyləyib ki, artıq Məhkəmə-Tibbi Ekspertizanın nəticələri hüquq-mühafizə orqanlarına təqdim edilib: "İstintaq sirri olduğundan ekspertizanın nəticələri tam olaraq açıqlanmır”.

Məlumat üçün bildirək ki, Bakı şəhər sakini R.Əliyev avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
R.Əliyevin işi ilə bağlı hazırkı durumu şərh edən vəkili Adəm Məmmədov "Şərq”ə deyib ki, jurnalistin ölümünə görə, 6 nəfər saxlanılıb. Lakin onlardan 4-nün Rasimə əli belə toxunmayıb: "Hazırda onların altısı da içəridədir. Amma cinayəti tərədənlərin adlarını açıqlamaq istəmirəm. Artıq hər şey məlumdur. Rasim döyülərək öldürülüb. Məhkəmənin qərarını gözləmək lazımdır. İş yekunlaşmaq üzrədir. İş yekunlaşandan sonra materialı mətbuata təqdim edəcəyik. Hələ ki qabaqcadan danışmaq istəmirəm. Məhkəmənin hökmü olmasa, nəsə demək olmaz. O iki nəfərin də təqsirkar olmasını dəqiq deyə bilmərik. Amma ehtimal olunur”.

Vəkil diqqətə çatdırıb ki, R.Əliyevin ölümünə jurnalistin status paylaşması səbəb olub: "Amma sonrakı proseslərdən futbolçu Cavid Hüseynovun xəbəri olmayıb. R.Əliyevlə Cavidin yaxın qohumu arasında gərginlik yaranıb. Bu iş tam müəyyən olunub. Bunu gizlətmək mümkün deyil. Bununla yanaşı, prosesləri qabaqlamaq da olmaz. Tələsmək lazım deyil. Məhkəmənin hökmündən sonra hər şey tam aydın olacaq”.

Ayyət Əhməd