Çində buzlar ərimədi

Obama Putinlə təkbətək görüş istədiİki saatdan artıq davam edən görüşdə Ukrayna və Suriyada yaranmış situasiya müzakirə olunub
Vladimir Putin rəsmi Vaşinqtonun Rusiyanın maraqlarına hörmətlə yanaşmadığını bildirib
Çinin Xançjou şəhərində "Böyük iyirmilik” (G-20) ölkələrinin sammiti tarixə keçdi. "G-20”-nin 11-ci sammiti iki gün davam edib. Xatırladaq ki, "Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır. "G-20” ölkələri planet əhalisinin üçdə ikisini əhatə edir. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.
Putin dünyaya səsləndi: "Vəziyyət sabitləşib”
Rusiya Prezidenti Vladimir Putin "Böyük iyirmiliy”in birinci iclasında bildirib ki, dünyanın iqtisadi vəziyyəti xeyli stabilləşib. Putin çıxışında deyib ki, bir çox ölkə liderləri dünyanın qarşılaşdığı problem və çətinliklərdən danışırlar. Lakin hazırda ləng də olsa, iqtisadiyyatın müsbət bərpası müşahidə olunmaqdadır: "Rusiyaya gəldikdə biz öz səylərimizi cüzi qiymətləndiririk. Lakin iqtisadiyyatımız stabildir. Ehtiyatlarımız qorunub saxlanılıb, kapital axınını əhəmiyyətli dərəcədə azaltmışıq. Ötən illə müqayisədə kapital axını 5 dəfə azalıb. İnflyasiya iki dəfə aşağı salınıb. Büdcə kəsiri 2,6 faizdir. İşsizliyi 5,7 faiz səviyyəsində saxlayırıq. Xarici borc olduqca aşağı səviyyədədir”.
Rusiya rəhbəri Ərdoğandan danışıb..
Putin bildirib ki, Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görür: "İlk növbədə, Türkiyənin məlum insidentə, vətəndaşımızın ölümünə görə birbaşa, heç nə uydurmadan üzr istəməsini nəzərə alırıq. Biz bu addımı yüksək qiymətləndiririk. Prezident Ərdoğan buna getdi və biz Türkiyə Prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında maraqlı olduğunu müşahidə edirik. Rusiya və Türkiyənin həm Qara dəniz regionunda, həm qlobal planda, həm də Yaxın Şərq regionunda bir çox ortaq maraqları var”.
Putin və Obamanın görüşü iki saat çəkib
ABŞ və Rusiya liderlərinin "G-20” sammiti çərçivəsində görüşü baş tutub. Görüşdə Rusiya tərəfdən Lavrov, Peskov və Uşakov ABŞ tərəfdən isə Kerri iştirak edib. Verilən məlumatlara görə, sammit çərçivəsində bir-neçə dəfə iki liderin ayaqüstü görüşü olub. Daha sonra ABŞ Prezidenti təkbətək görüşmək istədiyini bildirib. İki saat davam edən görüş barədə məlumat verən Prezidentin mətbuat katibi Peskovun sözlərinə görə, iki saatdan artıq davam edən görüşdə
Ukrayna və Suriyada yaranmış situasiya müzakirə olunub. Putin və Obama Suriyada sülhün əldə olunması üçün yekun sənədin detallarını da müzakirə ediblər.
"ABŞ-la münasibətlər dondurulub”
Rusiya Prezidenti Vladimir Putin ABŞ-la münasibətlərin dondurulduğunu açıqlayıb. Kreml rəhbəri rəsmi Vaşinqtonun Rusiyanın maraqlarına hörmətlə yanaşmadığını bildirib: "Təəssüf ki, əlaqələrimiz donmuş vəziyyətdədir. Bunun bizim xətamız olmadığını düşünürəm. Əlaqələrin soyumasına yol açan ilk tərəf biz deyilik. Əməkdaşlığımızı ortaya qoymağa hazırıq. Ancaq bu, təkcə bizdən asılı deyil, gələcəkdəki ABŞ rəhbərliyinin Rusiya ilə necə münasibət qurma istəyinə bağlıdır”.
Ərdoğan dünyanın iki əsas problemini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi ölkələrin qlobal problemlərin həllinə maraq göstərmədiyini deyib: "Beynəlxalq sabitliyi təhdid edən ünsürlər hazırda bizim əsas problemimizdir. Bunun biri terror, digəri isə miqrant böhranıdır.
Bəzi ölkələrin strateji marağı var, hələ də buna görə əziyyət çəkirlər. Terrorçunun yaxşısı, pisi olmaz, bütün terrorçular pisdir. Mübarizə qlobal miqyasda aparılmalıdır. Terrorizmin içində yer alan bütün təşkilatlar lənətlidir. Biz hadisələrə baxırıq və mübarizəmizi də bu şəkildə qururuq”.
"Türkiyə PYD-nin koridor yaratmasına icazə verməyəcək”
Ərdoğan bildirib ki, Türkiyə və ABŞ arasında model ortaqlıq mövcuddur və iki ölkə arasında münasibətlər xüsusidir. Prezident vurğulayıb ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoyulmalıdır: "Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu mübarizədən qalib çıxacağımıza inanıram”.
Ərdoğanla Putinin görüşü
"G-20” sammiti çərçivəsində türkiyəli həmkarı Ərdoğanla görüşən Putin Türkiyənin ciddi terror cinayətləri ilə üzləşdiyini bildirərək, hökumətin ölkədəki vəziyyəti tamamilə normallaşdıra biləcəyinə əmin olduğunu vurğulayıb: "Biz Türkiyənin daxilindəki siyasi mühitin normallaşmasına şadıq. Türkiyənin çətin vaxtlar yaşadığını, terrorçuluqla mübarizə apardığını və ciddi cinayətlərlə üzləşdiyini görürük. Əminəm ki, Ərdoğan Türkiyədəki vəziyyəti tamamilə normallaşdıracaq. Siz buna, demək olar ki, artıq nail olmusunuz”. Ərdoğan da öz növbəsində Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarına minnətdarlığını bildirib.
"Terrora qarşı qətiyyətliyik”
Ərdoğan deyib ki, Türkiyə qəti şəkildə terrorçulara qarşı mübarizəni davam etdirir: "Biz istəmirik ki, ölkəmizin cənub bölgəsində terror təhlükəsi yaşansın. ABŞ-a Fətullah Gülənin ekstradisiyası ilə bağlı sənədlər göndərilib. ABŞ-a Türkiyənin ədliyyə nazirinin və daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti gedəcək, orada Gülənin ekstradisiyası ilə bağlı danışıqlar aparılacaq. Tezliklə müsbət nəticə olacağına ümid edirik. Eyni zamanda Suriya qaçqınlarının problemi də tək Ankaranın məsələsi deyil. Dünya gücləri bu məsələlərdə bizə yardım etməlidir”. ABŞ Prezidenti Barak Obama baş tutmayan dövlət çevrilişi təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün Ankaraya kömək edəcəyinə dair Türkiyəyə vəd verib: "Mənim administrasiyam dövlət çevrilişi cəhdinə görə, məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə verilməsinə nail olmaq üçün Türkiyə ilə işləyəcək.
Obama Çində xoşagəlməz insidentlə üzləşib
ABŞ Prezidenti Barak Obama "G-20” sammitinin keçirildiyi Xancjou aeroportunda xoşagəlməz insidentlə üzləşib. Ağ Ev rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb. Bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub. Ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yaranıb. Həmin məmur ABŞ Prezidenti ilə uçan jurnalistlərdən aeroportda baş verənləri işıqlandırmamağı tələb edib. Ağ Ev nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdirir. Çinlilər isə "bura bizim ölkəmiz, bizim aeroportumuzdur” - deyiblər. Lakin bu yeganə insident olmayıb. Obama və Çin rəhbəri Si Szinpinin ikitərəfli danışıqlarına da amerikalı jurnalistlər buraxılmayıb. Çin tərəfi zala cəmi 10 amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.
"G-20”- nin ən çox müzakirə olunan fotosu
Sammitin açılış mərasimindən öncə liderlər foto çəkdiriblər. Həmin foto Türkiyə KİV-lərində maraqla qarşılanıb və ötən ilin fotosu ilə müqayisə olunub. Belə ki, fotosu çəkilərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bir müddət söhbət ediblər. Çəkilən fotoda 2 liderin söhbət etdiyi və ABŞ Prezidenti Barak Obamanın onları diqqətlə nəzərdən keçirməsi əks olunub. Xatırladaq ki, liderlərin ötənilki fotosunda ABŞ və Türkiyə Prezidentlərinin söhbət etməsi, Rusiya liderinin isə onları nəzərdən keçirməsi əks olunmuşdu. Türkiyə mediası iki fotonu qarşılaşdıraraq "G-20 yenə fotolarla danışır” yazıblar.
Çin lideri Putinin hədiyyəsinə sevindi
Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Szinpinə bir qutu rus dondurması hədiyyə edib. İkitərəfli görüş zamanı Putin rus dondurmalarının Çində çox sevildiyini bildirib: "Mən dondurma gətirməyə söz vermişdim. Sizə 1 qutu dondurma gətirmişəm”. Si Szinpin Putinə hədiyyəyə görə təşəkkürünü bildirib: "Hədiyyəyə görə çox sağ olun. Rusiyaya hər dəfə gələndə həmişə xahiş edirəm ki, mənə dondurma alsınlar. Sonra biz onu evdə yeyirik. Sizin yaxşı kremləriniz var, ona görə də dondurma ləzzətli alınır. Mənim çox xoşuma gəlir. Bu yaxşılığınıza görə çox sağ olun”. Məlumat üçün deyək ki, Şərq İqtisadi Forumu zamanı Putinə Çin vətəndaşlarının Rusiyadan dondurma çıxara bilmədikləri barədə məlumat verilib. Məhz bundan sonra Putin Si Szinpinə dondurma hədiyyə edəcəyini söz verib.
Kəşfiyyatdan "G-20” üçün xəbərdarlıq...
İngiltərə kəşfiyyatı Çinin ev sahibliyi etdiyi "G-20” sammitində ingilis nümayəndələrinə "əxlaqsız tələ” mövzusunda xəbərdarlıq edib. Təhlükəsizlik orqanı ingilis nümayəndə heyətini Çin kəşfiyyatı üçün çalışan qadınların tələsinə düşməməyə çağırıb. İngiltərə kəşfiyyatı xəbərdarlıq edib ki, elektron cihazlar və ya çantalarında olan hər cür məlumatı oğurlamağa çalışacaq gözəl çinli qadınlara diqqət yetirmək lazımdır. Bu xəbərdarlıq İngiltərənin Çinlə bağlı daha əvvəllər yaşadığı təcrübələrə söykənir. 2008-ci ildə həmin dövrün baş naziri olan Qordon Braun ilə birlikdə Pekinə səfər edən bir hökumət səlahiyyətlisi çinli qadınların tələsinə düşüb.
İsmayıl