“...Çünki hazırda “VAZ” sərf edir”

Maşın bazarında Rusiya istehsalı olan avtomobillər çox satılır



Son vaxtlar xaricdən gətirilən avtomobillərin satışında azalma müşahidə olunursa da Rusiya istehsalı olan avtomobillərə əksinə olaraq tələbat artıb. Bazardakı müşahidələr göstərir ki, ən çox alınan və satılan avtomobillər Rusiya istehsalı olan "VAZ”lardır.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı Rusiya istehsalı olan maşınlara təlabatın artmasının səbəbini dolların bahalaşması ilə əlaqələndirib. Ekspert deyib ki, əvvəl dollarla maşın alıb onu manata çevirəndə qiymətdə müsbət fərq

olurdusa, indi satıcılara bu qazanc gətirmir: "Həm qiymətdə münasiblik həm də bizim mental xüsusiyyətlərimiz Rusiya istehsalı avtomobillərə üstünlük verməyimizə səbəb olur. Əhalidə sovetdən qalan fikirlərə görə bu maşınların üstün cəhəti qənaətcil və dözümlü olmağıdır. Əsasən gənclərin marağında olmağına baxmayaraq son vaxtlar orta yaşlı insanlar da bu maşınlardan alır. Düzdür, Azərbaycana artıq "VAZ” markalı avtomobillərin gətirilməsi dayandırılıb, lakin daxili bazarda bu maşınlar dövr edir”.

E. Muradlı Azərbaycanda yanacağın da kifayət qədər baha olduğunu və əhalinin bu maşınları seçməklə yanacağa qənaət etdiyini deyib: "Artıq son illərdə Rusiya istehsalı olan avtomobillər müasir standartlara cavab verən qurğularla təmin olunub. Rusiya istehsalı maşını alaraq istifadə edib, müəyyən bir vaxtdan sonra satanda qiymətində də kəskin fərq müşahidə olunmur. Bu da tələbatın artmasına bir səbəbdir”.

Daxili təlabatı ödəmək və büdcəyə gəlir qazandırmaq üçün ölkə ərazisində olan avtomobil zavodlarının inkişaf etdirilməsinin vacibliyini də qeyd edib: "Azərbaycanın texnologiya baxımından inkişafı yüksək olduğuna görə daxili avtomobil zavodlarının inkişaf etdirilməsi, Azərbaycan brendi yaradılması məqsədəuyğundur”.

Aysel Aslan