Daha 20 il gözləməliyik
“Biz nə hakim, nə də vəkilik” deyən həmsədrlər, deyəsən Bakı və İrəvan arasında qocalmaq istəyir
"Bizim vəzifəmiz münaqişənin tənzimlənməsi, danışıqların yüngülləşdirilməsidir. Biz nə hakim, nə də vəkilik”. Bunu ATƏT-in Minsk Qrupu həmsədrləri təşkilatın Daimi Şurasındakı çıxışları zamanı bəyan ediblər. Həmsədrlər bildiriblər ki, tərəflər sülh yolu ilə münaqişənin həll olunması üçün tədbirlər görməlidir:
"Biz bundan sonra da təsdiqlənmiş mandat üzrə tərəflərə vasitəçilik edəcəyik. Əminik ki, Minsk Qrupunun fəaliyyəti çərçivəsində unikal vasitəçilik təcrübəsi mövcuddur. Formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq danışıqlar prosesini poza bilər və tənzimlənmə istiqamətində irəliləyişə nail olmağa mane olar”.
"Hakim və ya vəkilliyiniz bizə lazım deyil”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyanatı şərh edərkən deyib ki, həmsədrlərdən vəkillik deyil, beynəlxalq təşkilatların müvafiq qətnamələri və qərarlarının icrasını təmin etmələri tələb olunur. H.Hacıyev vurğulayıb ki, həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia etsələr də, əslində bu belə deyil: "Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən həmsədrlərin AŞ PA-nın qətnaməsinə münasibəti onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə "hazır” olduğunu sübut etdi. Beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü tanıyırsa, bu, Minsk Qrupunu qətiyyən qıcıqlandırmamalıdır. Əksinə, bu məsələdə daha fəal olmaq üçün onlara əsas verməlidir”.
Həmsədrlər öz missiyalarını yerinə yetirmirlər...
Minsk Qrupunun fəaliyyəti ilə bağlı "Şərq”ə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bu cür təşkilatların mandatı BMT tərəfindən müəyyən edilir və onlar vəzifələrinin nədən ibarət olduğunu, münaqişə tərəflərinə hansı şəkildə təsir edəcəklərini əvvəlcədən öyrənirlər. S.Cəlaloğlunun sözlərinə görə, həmsədrlər özbaşına bəyanat verə, təklif irəli sürə bilməzlər: "Biz ATƏT-in Minsk Qrupunu ona görə tez-tez tənqid edirik ki, həmsədrlər verdikləri bəyanatlarla, etdikləri hərəkətlərlə öz mandatlarından kənara çıxırlar. Həmsədrlər dəfələrlə münaqişənin həlli ilə bağlı Azərbaycana təslimçilik layihələri göndəriblər, Ermənistanı müdafiə ediblər. Halbuki həmin məsələlər Minsk Qrupunun mandatına daxil deyil. Həmsədrlərin missiyası bölgədə baş verən hadisələrin, erməni təxribatlarının, Rusiyanın Ermənistanı silahlandırmasının, ABŞ-ın düşmənə maddi yardım göndərməsinin qarşısını almaq, onlara etiraz etməkdir. Ancaq problem ondadır ki, bu işləri görən elə Minsk Qrupunda təmsil olunan dövlətlərdir. Onlar özlərini necə tənqid etsinlər?!”.
"Minsk Qrupu aydın şəkildə mövqesizlik nümayiş etdirir”
Partiya sədri bildirib ki, həmsədrlərin üçü də mandatlarından istifadə edərək işğalçı Ermənistanı müdafiə edirlər, nəinki Azərbaycanı: "Bu baxımdan onların fəaliyyətinə iki istiqamətdə qiymət vermək lazımdır. Birincisi, mandatlarından kənar Ermənistanı müdafiə etdiklərinə görə, qrupu ciddi tənqid etməliyik və edirik də. İkincisi isə həmsədrlərdən mandatdan kənar heç nə gözləməməliyik. Əslində Minsk Qrupunun əsas missiyası tərəfləri bir araya gətirmək və atəşkəs rejiminə nəzarət etməkdir. Yəni qrup atəşkəsin kim tərəfindən pozulmasına diqqət yetirməli və günahın hansı tərəfdə olduğunu deməlidir. Neçə illərdir ki, atəşkəs rejimi Ermənistan tərəfindən pozulur və xeyli itkilərə səbəb olur. Amma həmsədrlər bu barədə bir kəlmə də olsun danışmırlar. Minsk Qrupu aydın şəkildə mövqesizlik nümayiş etdirir və həqiqəti gizlədir. Ona görə də Minsk Qrupunun bu məsələdə qeyri-adi iş görəcəyini ümid etmək yersizdir”.
"Minsk Qrupu eksperiment məqsədi ilə yaradılıb”
ADP sədri məsələnin maraqlı tərəfinə də diqqət çəkib: "Dəfələrlə buna toxunmuşam. Amma təəssüflər olsun ki, ictimaiyyətimiz məsələni ciddiyə almır. Dünyada münaqişə ocaqları çoxdur. Hətta Qarabağ münaqişəsindən daha yaşlı problemlər var. Məsələn, Kəşmir münaqişəsi və ya Yaxın Şərq məsələsi Dağlıq Qarabağ problemindən 40-50 il əvvəl meydana gəlib. Amma nədənsə, köhnə və yeni münaqişə ilə bağlı Minsk Qrupu kimi bir qrup yaradılmayıb. Bu praktika ilk dəfə Azərbaycana tətbiq edilib. Ona görə də biz qrupun fəaliyyətini hansısa başqa formatla müqayisə edib ona qiymət verə bilmirik. Çünki Minsk Qrupu eksperiment məqsədi ilə yaradılmış bir qurumdur. Minsk Qrupunda təmsil olunan ABŞ və Rusiya Ermənistanı dəstəkləyir. Bu ölkələr Qarabağ məsələsində bizimlə əks mövqeyə malikdir. Ancaq bununla yanaşı, münaqişənin genişlənməsini də istəmirlər. Həmsədrlər özləri də etiraf edirlər ki, onların məqsədi münaqişəni dondurmaq və gərginliyin müharibə müstəvisinə keçməsinə mane olmaqdır”.
"Biz nə hakim, nə də vəkilik” sözləri məntiqə uyğun deyil”
Politoloq Fikrət Sadıqov da Minsk Qrupunun fəaliyyətinin göz qabağında olduğunu deyib: "Onların sonuncu bəyanatı reallıqdan uzaqdır. Görünür, bunlar hesab edir ki, biz daha 20 il də gözləməliyik. Deyirlər ki, ancaq kömək edə bilərlər. Mən hələ də başa düşmürəm, Minsk Qrupunun vasitəçiliyi və köməyi nədən ibarətdir. Bunların işi ancaq prezidentləri görüşdürmək üçün yer tapmaqdır? Həmsədrlərin "biz nə hakim, nə də vəkilik” sözləri məntiqə və beynəlxalq hüquqa uyğun deyil. İlk növbədə, Minsk Qrupu iki tərəfi eyni tutmamalıdır. Ermənistan bizim torpaqlarımızı işğal altında saxladığına görə, ona qarşı təzyiq olunmalıdır. Yalnız torpaqlar azad edildikdən sonra biz normal və konstruktiv şəkildə Ermənistanla müəyyən danışıqlara gedə bilərik. Həmsədrlər nə danışdıqlarını başa düşmürlər”.
İsmayıl