
"Daha çox Avropa ölkələrindəki təhsilə maraq göstərirəm" - 700 bal toplayan abituriyent
Mayın 13-ü keçirilən ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Haşımzadə Cahanın "Sherg.az”a müsahibəsini təqdim edirik:
- Cahan, öncə özün haqqında məlumat verə bilərsənmi?
- Haşımzadə Cahan Vüqar qızı. Oktyabrın 19-u 2001-ci ildə Şəkidə anadan olmuşam. İbtidai təhsilimi 2007-2011-ci illərdə Sumqayıt şəhər 23 saylı tam ota məktəbdə almışam. Hazırda isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11B sinif şagirdiyəm. 1-ci sinifdən, 11-ci sinfə kimi əlaçı olmuşam və son iki il intensiv şəkildə ali məktəbə qəbul imtahanlarına hazırlaşmışam.
- Qəbul imtahanlarına hazırlaşarkən repetitor xidmətindən istifadə etmisənmi?
- Əvvəla, onu deyim ki, gimnaziya müəllimləri çox kömək etdilər. Hazırlıq prosesində onların rolu yüksək olub. 10-cu sinifdə yalnız iki fəndən fərdi hazırlığa gedirdim, son bir ili isə bütün ixtisas fənlərim üzrə repetitor köməyindən yararlandım. Bununla bərabər, orta məktəbdə keçirilən gündəlik dərsləri oxumuşam. Açığını desəm sonuncu siniflərdə repetitor yanına getməyə ehtiyac qalmadı. Sadəcə bildiklərimizi təkrarlamaq üçün müəllimlərimizin köməyindən istifadə etməli oluruq.
- Çox abituriyent orta məktəbin son siniflərində ancaq hazırlaşdığı qrupa aid olan fənləri oxuyur. Sən necə, digər fənləri oxumusan, yoxsa ancaq ikinci qrupa aid olan fənlərə güc qoymusan?
Bütün fənləri yaxşı oxuyurdum. Qeyd etdiyim kimi, 11 il əlaçı olmuşam. Amma düzü, son bir ildə əsasən ixtisas fənlərinə diqqət edirdim.
- Hansı ixtisası seçəcəksən?
- 10-cu sinifdən, abituriyent adını qazanandan ixtisas seçimimi etmişəm. Əvvəldən istəyim olub ki, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİQ) Maliyyə ixtisası üzrə bakalavr təhsilimi davam etdirim. Bir necə aydan sonra seçim mərhələsində də bu ixtisası yazacam.
- Səni Maliyyə ixtisasını seçməyə ruhlandıran amil nədir?
- Maliyyə hazırkı duruma görə, perspektivli ixtisasdır. İqtisadçılara, maliyyəçilərə yüksək tələbat var. Diqqətimi cəlb edən də ixtisasın bu cür imkanlar vəd etməsi oldu. Amma ikinci qrup fənlərinə aşağı siniflərdən marağım olub. Xüsusilə, tarix və coğrafiya fənlərini həvəslə oxuyurdum. Nəticə olaraq, 10-cu sinifdə ikinci qrupu və maliyyə ixtisasını seçdim.

- İqtisad Universitetini seçməyinə səbəb nədir?
- Bu universitetin imkanları, gələcəyi barədə məndə müsbət fikirlər formalaşıb. Qohumlarımdan, tanışlarımdan da İqtisad Universitetində oxuyanlar var və təriflər eşidirəm. Rəhbərliyin və mühitin səmimi olduğunu deyirlər. Bu gün də birgünlük tələbə bileti ilə universiteti gəzmişəm. Öyrəndim ki, ingilis dilində keyfiyyətli təhsil verilir. Bu keyfiyyətlər İqtisad Universitetini seçməyimə əsas verir.
- Bakalavr təhsilin müddətində məqsədlərin nələrdir?
- Universitet dövründə ən çox yaxşı oxumağı qarşıma məqsəd qoymuşam. Tələbəlik illərində də liderliyi qoruyub saxlamaq istəyirəm. Amma tələbə cəmiyyətlərində, müxtəlif təşkilatların ictimai tədbirlərində fəal iştirak etməyi düşünürəm.
İngilis dilini daha da təkmilləşdirmək istəyirəm. Bakalavr dövründə müxtəlif fərdi hazırlıqlara gedəcəm. Bununla kifayətlənməyərək, başqa dilləri də öyrənmək fikrim var. Nə qədər çox xarici dil öyrənsəm, gələcəkdə o qədər perspektivli sahələrdə çalışa biləcəyimi düşünürəm.
Tələbə olduğum müddətdə xarici ölkələrdə ölkəmizi təmsil etmək imkanım olsa, belə layihələrə qatılacam.
- Təhsilini xaricdə davam etdirməyi düşünürsənmi?
- Təbii ki, xaricdə oxumaq istəyərəm. Bakalavr pilləsini İqtisad Universitetində oxuduğum müddətdə xaricə getmək imkanım olarsa, hansısa ölkəyə oxumağa gedərəm. Daha çox Avropa ölkələrinə, oradakı təhsilə maraq göstərirəm.
- 700 bal toplayan abituriyentlərə bakalavr təhsilini orada davam etdirmək üçün bəzi universitetlər tərəfindən dəvət göndərilir. Sənə belə təklif olubmu?
- Əslində qarşıda yay imtahanları da olduğuna görə, bizlərə veriləcək mükafatlar, ediləcək ali təhsil təklifləri üçün müvafiq qurumlar hələlik gözləyir. Yay imtahanlarında da 700 bal toplayan abituriyentlər olacaq.
Buna baxmayaraq, Azərbaycan Diplomatik Akademiyasında, Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbələr bu ali təhsil ocaqlarını seçməyimi təklif etdilər. Amma qərarımı artıq vermişəm və dəyişməyəcəm.
- Son olaraq, abituriyentlərə məsləhətlərini bilmək istərdik.
- 700 bal toplamaq çox oxumaq tələb edir. Səmərəli oxumaq, çoxlu test işləmək, istirahətini, dərs vaxtını intensiv qurmaq vacibdir. Abituriyentlər biliklərini yerində tətbiq etməyi bacarsalar, yüksək nəticələrə nail ola bilərlər.
Söhbətləşdi: Aysel Aslan