
Daha da rüşvətə yol açırlar
“Guya yol polisinin xəstə yoxlayan aparatı var?”Rayon qeydiyyatında olan maşınların Bakıya girişi qadağan edilib, Bakı qeydiyyatında olan maşının şəhərə buraxılması birbaşa ayrıseçkilikdir, bərabərlik hüququnun pozulmasıdır

Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması qərarı hələ də müzakirə mövzusu olmaqda davam edir. Bu qərar Bakıda nəqliyyat sıxlığının qismən azalmasına səbəb olsa da, böyük əksəriyyət hökumətin belə qadağaları yersiz və lazımsız və daha çox insan hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirir. Hətta rəsmi qurumların bəzi nümayəndələri də hökumətin bu qərarının yanlış olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmirlər. Millət vəkilləri də dəfələrlə parlamentdə bu məsələni qaldırıb və rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulmasına öz etirazlarını bildiriblər.
Qeyd edək ki, məlum məhdudiyyətlər yalnız xəstə insanların olduğu minik avtomobillərinə şamil edilmir və onların Bakıya buraxılmasında heç bir problem yaradılmayacağı iddia olunur.
Ancaq bu istisna toy karvanlarına şamil edilmir. Qərarın icrasından sonra bəy-gəlin karvanı da şəhərin girişində saxlanılır ki, bu da toy sahiblərinin etirazına yol açır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis-polkovniki Kamran Əliyev isə bu kimi hallarda istisnalar ola biləcəyini deyib: "Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”.
Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması qərarına münasibət bildirən ictimaiyyət nümayəndələri də hesab edir ki, bu qərar ləğv olunmalıdır.
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, hansısa fövqəladə halda başqa region qeydiyyatlı maşınların şəhərə girişi heç bir halda qadağan edə bilməz”. Məhdudlaşdırıcı tədbirlərin dünyanın bir çox ölkələrində olduğunu vurğulayan sosioloq deyib ki, ancaq bu, bir regiondan digər regiona maşının hərəkətini qadağan etmək hesabına tənzimlənmir, bu, daha çox "pullu giriş” və ya "cərimə” ilə tənzimlənir.
Cavid İmamoğlu məsələnin transport menecment tərəfini nəqliyyat mütəxəssislərinə buraxmaqla sadəcə yaranmaqda olan sosial problemlərə toxunub: "Hazırda region və paytaxta mənsubluq ilə bağlı ciddi sosial mənsubiyyətlik hissi yaranır ki, bu da sosial konfliktlərin artmasına yol aça bilər. Bu gün bütün regionların, oradakı icmaların paytaxt ilə birbaşa bağlılığı var və bu bağlılıq özünü iqtisadi, təhsil, səhiyyə sferasında göstərir. Ölkədə rifah üçün lazım olan vacib institutların əksəriyyəti (institutlar, klinikalar, iş yerləri, qohum-əqrəba və s) paytaxtdadı və belə bir vəziyyətdə region maşınlarının şəhərə girişini qadağan etməyin özü bir faciə, fövqəladə durumdu”.
Tanınmış jurnalist, köşə yazarı Zamin Hacı da rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması qərarını pisləyir və bu addımı vətəndaşların hərəkət azadlığına qarantiya olan Konstitusiyanın, beynəlxalq insan haqları konvensiyalarının pozulması hesab edir. Onun sözlərinə görə, indiki situasiyada bu qadağaya heç bir zərurət yoxdur: "Bakıda tıxac problemini həll etmək üçün regionların inkişafına nail olmaq lazımdır. Regionlarda iş yerləri, yüksək tibbi xidmət, keyfiyyətli ali təhsil ocaqları olmalıdır. Bu halda rayon əhalisi paytaxta axışmaz. Nəticəsi olmayacaq, çünki adamlar kütləvi olaraq nömrəni dəyişdirirlər. Rüşvət də artıb. "Nəticə” budur”.
Bu məhdudiyyətlərin paytaxta xəstə gətirən sərnişinlərə aid edilmədiyinə toxunan Z.Hacı deyib ki, bu, absurd yanaşmadır: "Çünki yol polisinin xəstə yoxlamaq üçün aparatı yoxdur. Deməli, bu da rüşvət məqsədli açıqlamadır”.
Şair Aqşin Yenisey isə deyib ki, rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması qərarını hələ də özü üçün izah edib aydınlaşdıra bilməyib: "Əhalinin bir qisminin rahatlığını təmin edib, o biri qismlərini problemlər içində buraxmaq həll yolu deyil.
İnsanlar nə üçün yalnız xəstə halda şəhərə buraxılmalıdırlar? Xüsusi pik saatlar var ki, şəhərə məhz həmin saatlarda giriş-çıxışı məhdudlaşdırmaq olar. Bu cür qərarlar veriləndə xalqın psixologiyasını da nəzərə almaq lazımdır. Bu qərar xırda rüşvətxorluğun birbaşa inkişafına təsir göstərə bilər və artıq göstərir də”.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də qadağanı qanunvericiliyə uyğun hesab etmir. "Konstitusiyanın 25-ci maddəsində konkret göstərilir ki, hər kəsin qanun qarşısında bərabərlik hüququ var. Rayon qeydiyyatında olan maşınların Bakıya girişi qadağan edilib, Bakı qeydiyyatında olan maşının şəhərə buraxılması birbaşa ayrıseçkilikdir, bərabərlik hüququnun pozulmasıdır. Bununla bağlı Nazirlər Kabinetinin qərarı konstitusion normaya da, "Yol hərəkəti haqqında” qanuna da ziddir. Bu cür ayrıseçkiliyə məruz qoyaraq tənzimləmə aparmaq olmaz. Ya konkret olaraq hansısa saatda təcili yardım, yanğınsöndürən, polis və s. istisna olmaqla bütün maşınların girişi qadağan edilə bilər, yaxud da bu tip ayrıseçkilik ola bilməz ki, sən rayon qeydiyyatısan, səni buraxmıram, sən Bakı qeydiyyatısan, sən keç. Bu, bilavasitə, Azərbaycan vətəndaşlarını iki kateqoriyaya ayırmaq və qeyd etdiyim kimi, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin pozulmasıdır. Həmçinin hüquq dövləti prinsiplərinə ciddi zərbədir”.
Sözügedən qadağanın Bakıda tıxacın qarşısının alınmasına təsir edəcəyinə əmin olmadığını vurğulayan Ə.Məmmədli deyib ki, avtomobillərin hərəkətinin müəyyən qaydalar çərçivəsində məhdudlaşdırılması bir çox ölkələrdə var. "Məsələn, Hollandiyada bəzi küçələr var ki, minik maşınlarına məhdudiyyət qoyulub, orada yalnız ictimai nəqliyyat tramvay, trolleybus, avtobuslar hərəkət edir. Həmin küçəyə yalnız girib-çıxmaq hüququ olanlar - orada yaşayanlar avtomobillə daxil ola bilir. Bu tip tənzimləmə ola bilər və təbiidir. Amma bütünlüklə bir şəhərə girişi qadağan etmək və girişdə post qoymaq ki, rayon nömrəli avtomobillər girməsin, belə bir tənzimləmə heç bir normal ölkədə yoxdur və ola da bilməz. Qeydiyyatına yox, texnikanın vasitəsinə, yaxud digər kriteriyalara əsasən məhdudiyyət tətbiq olunsa, bunu da başa düşmək olar. Şəhərin mərkəzinə yük maşınlarının girməsi, kütləsi 3 tondan artıq olan maşınların hərəkət etməsi ilə bağlı məhdudiyyətlər qoyulsa, burda da bir məntiq var. Hansısa ölkələrdə bu tip tənzimləmələr ola bilər. Həmçinin, tarixi yer kimi, orda yaşayan insanlar istisna olmaqla, "İçərişəhər”ə avtomobillərin girişinə qadağa qoyula bilər. Amma ölkə iqtisadiyyatının 90 faizinin toplaşdığı paytaxta bu tip məhdudiyyət qoyulmasının nə hüquqi, nə siyasi, nə də məntiqi əsası var”.
Şəymən