Daha əvvəlki dövr deyil

Binaların blokuna da, zirzəmisinə də həmin binanın sakinləri cavabdehdir



Adətən paytaxtdakı binaların mərkəzə və ya magistral yollara baxan fasad hissəsi təmirli olur.
Amma arxa və yan tərəflərindəki vəziyyət ürək açan deyil. Qapısız və təmirsiz bloklar, su ilə dolu ağcaqanadlı zirzəmilər bina sakinlərinin narahatlığına səbəb olur. Necə deyərlər, "altı bəzək, üstü təzək”. Buna görə bina sakinləri bəzi dövlət qurumlarını günahlandırır. 

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Şərq”ə açıqlamasında deyib ki, hər bir əmlakın özünün mülkiyyətçisi var: 

"Əgər binanın mülkiyyətçisi dövlət və ya dövlətin qismində hər hansı bir idarədirsə, onda onun məsuliyyətini həmin qurum daşıyır. Yaxud da, bina yaşayış binasıdırsa və ya qeyri-yaşayış binasıdırsa, onun mülkiyyətçisi həmin binanı qorumalıdır. Bina çoxmənzillidirsə, artıq o binada yerləşən mənzillər özəlləşdirilmiş şəkildə hər hansısa bir şəxsin mülkiyyətindədirsə, bu zaman ona cavabdeh həmin binanın sakinləridir. 

Onlar həmin binanın istismarına və texniki durumuna görə məsuliyyət daşıyır. Təəssüf ki, bizdə sovetdən belə bir ənənə qalıb ki, mən çoxmənzilli binada yaşayıram və mən yalnız mənzilimin içərisini təmir etdirməliyəm. 

Mənzilimin çölündə nə baş verirsə, o mənə aid deyil. Artıq o dövr geridə qalıb. İnsanlar başa düşməlidirlər ki, ümumi mülkiyyətə görə, hamı məsuliyyət daşıyır. İstər binanın zirzəmisi olsun, istər bloku olsun, istərsə də digər sahəsi olsun, buna görə yalnız həmin binanın sakinləri cavabdehdir”.

Kənan Eynuroğlu