Qarabağın azadlıq yolu uzun görünür
Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ilin sonunda baş tutacağı gözlənilir. İrəvan artıq görüşün keçirilməsinə öz razılığını verib. Rəsmi Bakı isə bu barədə mövqeyini bildirməyib. Prezidentlərin görüşünün harada keçiriləcəyi də açıqlanmayıb. Çox güman ki, Azərbaycan tərəfi görüşə razılıq verdikdən sonra buna aydınlıq gətiriləcək. Azərbaycanın görüşlə bağlı mövqeyini bəyan etməməsi bəzi detalların tam razılaşdırılmaması ilə bağlı ola bilər.
Çünki dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Prezidenti Serj Sarkisyanla görüş xatirinə danışıqlar masasına əyləşmək fikrində deyil. Prezident yalnız nəticəsi olan görüşə gedəcəyini bəyan edib. Bu baxımdan bəziləri hesab edirlər ki, dekabr ayına planlaşdırılan görüş baş tutarsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı bir irəliləyiş əldə etmək mümkün ola bilər. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək istədiklərini açıqlayıb. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə jurnalistlərə açıqlamasında prezidentlərin görüşü barədə hansısa qərarın qəbul olunmadığını deyib. N.Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə dair əminlik olarsa, görüş baş tuta bilər. Xatırladaq ki, prezidentlərin sonuncu görüşü 2014-cü il oktyabrın 27-də Parisdə keçirilib.
Ehtimal olunan görüşlə bağlı "Şərq”ə açıqlama verən millət vəkili, AVP sədri Fəzail Ağamalı bunun müsbət nəticə verəcəyini düşünmür: "Ermənistan qeyri-konstruktiv siyasətindən əl çəkmək fikrində deyil. Ən müxtəlif üsullarla status-kvonu saxlamağa çalışır. Həm Minsk Qrupunun həmsədrləri tərəfindən, həm də ayrı-ayrı ölkələr tərəfindən verilən bəyanatlar müəyyən ümidlər doğursa da, lakin nəticədə Ermənistanın tutduğu işğalçılıq siyasəti ümidləri heçə endirir. Hətta "Böyük Sülh Sazişi”nin müzakirə olunduğu vaxtda danışıqlar prosesi yenidən dalana dirəndi. Düzdür, son günlər amerikalı həmsədr Ceyms Uorlikin "7 rayonun Azərbaycana qaytarılması” ilə bağlı açıq tekstlə çıxışı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səbəbləri bizə bəlli olmayan səfərləri münaqişə ilə bağlı müzakirələrin yenidən canlanmasına səbəb oldu. İndi baxaq görək nə olur. Dekabr ayının əvvəlində prezidentlərin Parisdə görüşü gözlənilir. Çox istərdim ki, görüşdən konkret nəticələr olsun. Lakin buna inamım çox azdır”.
Millət vəkili bildirib ki, rəsmi Bakı gözləmə mövqeyində deyil. Azərbaycan tərəfinin prinsipial mövqeyi dəyişməz olaraq qalır: "Biz təkid edirik ki, düşmən işğal etdiyi torpaqları dərhal boşaltsın və ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Lakin beynəlxalq şərait, xüsusən də Ermənistanın erməni lobbisi tərəfindən müdafiə olunması problemin öz həllini tapmasına imkan vermir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın güclü ordusu var. Nəinki təkcə işğal olunmuş torpaqlarımızı, hətta İrəvanı da geri ala bilərik”.
Strateji Araşdırmalar İnstitutunun direktoru, politoloq Ramiz Alıyev də deyib ki, prezidentlərin görüşü münaqişənin həlli istiqamətində atılmış növbəti addımdır: "Azərbaycan belə görüşlərə razılıq verməklə münaqişənin ədalətli və sülh yolu ilə həll olmasının tərəfdarı olduğunu nümayiş etdirir. Görüşün nəticəsinin uğurlu olması isə Ermənistan Prezidentinin müstəqil qərar qəbul edərək torpaqlarımızın azad edilməsi istiqamətində addım atması ilə mümkün ola bilər. Əgər işğalçı ölkə vassalı olduğu dövlətlərin tapşırıqlarını yerinə yetirməyə davam etsə, münaqişənin həllində irəliləyiş əldə etmək çətin olacaq. Ermənistan Prezidenti Serj Sarkisyan öz xalqının gələcəyini düşünürsə, erməni hərbi birləşmələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmalıdır. Çünki istənilən halda, Azərbaycan öz doğma torpaqlarını ya sülh, ya da hərbi yolla azad edəcək”.
İsmayıl