Daşlanan qatarlar...

6 nəfərə xəsarət yetirməkdə məqsəd nədir?
Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax...

Lalə Mehralı: "Ailədə uşaqlara lazımi qaydada tərbiyə verilmir”

Vəfa Əkbər: "Uşaqlar guya ki, cəmiyyətdən qisas almağa çalışırlar”



Bu xalq mahnısını kim bilmir ki?! Amma hər zaman da "pəncərədən daş gəlməsi” mühabisələrə səbəb olur. Niyə axı, pəncərədən daş gəlməlidir? Əslində, bu sual, Bakı-Sumqayıt, indi də Bakı-Qazax-Böyük Kəsik qatarının daşa basılması kimi çox müəmmalıdır. Bəlkə də həqiqətə varsaq, birisinin istəklisinimi, yarınımı görmək üçün pəncərəyə daş atmasına bir anlam vermək olar. Bəs qatarların daşa basılmasında nə məna, nə anlam, nə məqsəd ola bilər? Yoxsa, bu daşa basanların hamısı xalq mahnımızın təsirinə düşüb?

Xatırlayırsınızsa, ötən il Bakı-Sumqayıt sürət qatarı istismara verildi və elə siftəsindəcə yeniyetmələr tərəfindən daşa basıldı.

O zaman hadisə barədə məlumat verən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirmişdi ki, sürət qatarını daşa basanlar yaxalanıb, valideynləri ilə də söhbət aparılıb. Hətta, N.Əzməmmədov sürət qatarının keçdiyi "təhlükəli” ərazilərdə çəpərləmə işləri aparılacağını da demişdi. Tutaq ki, Bakı-Sumqayıt yolunun hansısa "qaçaq-quldurlu” hissəsində çəpərləmə aparıldı. Bakı-Qazax qatarının qət etdiyi yolda ki, bunu etmək mümkünsüzdü. İndi, sərnişinlər neyləsin, pəncərə qarşısında əyləşib, daşın nə vaxt başlarına dəyəcəyinimi gözləsinlər?!

Bu daşabasmanın da bir səbəbi, nədəni, "məram-məqsədi” olmalıdır və var da yəqin.

Əvvəlcə onu deyək ki, Ağstafanın Böyük Kəsik stansiyasından Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Şəmkir tərəflərdə daşa basılıb. Özü də daş atanlar sərrastmış. Qatar bələdçisi də daxil, 6 nəfər müxtəlif dərəcəli, hətta ağır xəsarətlər də alıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov isə bildirib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: "Hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb. Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm stansiyasından 500 metr aralıda qeydə alınıb”.

N.Əzməmmədov bildirib ki, hadisə Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırıldıqdan, nəticələr əldə olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Hadisədən sonra stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və başqa predmetlər atmağa başlayıb, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.

Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyəcandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər yaralılara stansiyada yardım göstəriblər.

Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıb. Qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər.

Göründüyü kimi, bu dəfə qatarın daşa basılması ziyansız və xəsarətlərsiz ötüşməyib. Bəs niyə kimlərsə daşa əl atıb kimlərinsə başını yarmağa çalışır? Məsələyə mütəxəssislərin rəyi maraqlı oldu.

Psixoloq Lalə Mehralı "Şərq”ə açıqlamasında bildirdi ki, burada dərin sosioloji-psixoloji məqamlar var:

- Qatarın, vaqonların daşa basılması zahirən bəsit hadisə, uşaq dəcəlliyi kimi görünə bilər. Amma bunun dərin sosio-psixoloji kökləri var. Adətən bu cür hərəkətləri uşaqlar, yeniyetmələr edir. Və sizə deyim ki, səbəbsiz edirlər. Onlardan səbəbini soruşanda heç nə deyə bilmirlər. Deyirlər ki, uşaqlar arasında mərc etmişdik ki, görək kimin atdığı daş daha uzağa gedəcək, kimin daşı "hədəfə” dəyəcək və s. Yəni, uşaqlar bunu şüursuz şəkildə, düşüncəsiz edir. Burada sırf kiməsə konkret zərər vurmaq məqsədi yoxdur. O yeniyetmə, uşaq anlasa ki, onun atdığı daş kiminsə başını yara bilər, kiməsə zərər vurar, bu hərəkəti etməz. Amma uşaqların şüursuzca hərəkət etməsinin kökləri var. Biz bunu müəyyən etməli və bunun qarşısını almağa yönələn tədbirlər görməliyik. Əvvəla, onu deyim ki, bu, ailədə verilən tərbiyədən irəli gəlir. Normal ailə tərbiyəsi görmüş uşaq heç vaxt sərnişinlər olan vaqona tərəf daş atmaz. Ailədə uşaqlara lazımi qaydada tərbiyə verilmir. Başa salınmır ki, hansı əməl yaxşı, hansı pisdir. Hansı hərəkət cəmiyyətə, insanlara xeyirli, hansı zərərlidir. Cəmiyyətdə məlum bir aqressiya var və bu aqressiya özünü ailələrdə, valideynlərin uşaqlara münasibətində də, tərbiyədə də özünü büruzə verir. Uşaqların maraq dairələri çox dardır. Məşğuliyyətləri məhduddur və bəsitdir. Uşaqların maraq dairəsi və məşğuliyyəti telefon və planşetdən o yana keçmir. Valideyn 100-150 manata mobil telefon, planşet alıb verir uşağın əlinə, ancaq 15 manata konstruktor oyunu almır ki, uşağın zehni inkişaf etsin, maraq dairəsi genişlənsin, uşaqda müəyyən bir peşəyə, ixtisasa maraq oyansın. Sovet vaxtı texniki yaradıcılıq mərkəzləri vardı. Azərbaycan gənclərinin ixtiraları, hazırladığı təyyarə modelləri, kosmik konstruksiyalar ölkə boyu yayılırdı. Bunlar hamısı uşaqların beynini, zehnini inkişaf etdirən işlər idi. İndi belə hallar demək olar ki, yoxdur. Düzdür, paytaxtda da bölgələrdə də, yaradıcılıq mərkəzləri tikilir, açılır, ancaq ora gedən varmı? Uşaqlara yaradıcı oyunlar, düşündürücü məşğuliyyətlər lazımdır. Nə qədər valideyn var ki, uşağına bircə dəfə də nə "kubik-rubik”, nə rəngli kağız, plastilin alır. Halbuki, bunlar uşağın zehnini genişləndirən, onu düşünməyə, ən yaxşını tapmağa vadar edən vasitələrdir. Digər tərəfdən, ailələrdəki sosioloji gərginlik övladlara da təsir edir. Uşaqlar da bu stressin içində "qaynayır” və daxildəki mənfi enerjini hər cür hərəkətlə üzə çıxarırlar. Qatarları da daşa basırlar, biri-birilə dalaşırlar, oğurluq da edirlər. Biz uşaqları, yeniyetmələri müsbət işlərə yönəltmədikcə, belə hadisələrin də çox şahidi olacağıq.

Psixoloq Vəfa Əkbər də uşaq və yeniyetmələrdəki gərginliyin səbəbinin ailədən qaynaqlandığını dedi:

- Sosial gərginliyin artdığı bir mühitdə yaşayırıq. Və təbii ki, belə vəziyyət uşaqların psixikasına da təsirsiz ötüşmür. Belə uşaqların sayı getdikcə artır. Ailələrdə aparılan söhbətləri, sosioloji narazılığı, yaşayışdan şikayətləri eşitdikcə, uşaqlar da aqressivləşir. Onların cəmiyyətə inamı, güvəni itir. Bu, sırf ictimai aqressiyadır. Uşaqlar belə vəziyyətə görə cəmiyyəti təqsirkar bilir və öz düşüncələri müqabilində guya ki, cəmiyyətdən qisas almağa çalışırlar. Sanki bütün cəmiyyət günahkardır. İstəyirlər kiməsə ziyan vursunlar, nəyisə dağıtsınlar. Nəsə bir ziyankarlıq etsinlər. Artıq onlar öz davranışlarına nəzarət edə bilmirlər. Baxın, illər öncə, ötən əsrdə uşaqların oyunları nədən ibarət idi; o zaman da uşaqlar daşla oynayırdılar. Amma çay kənarında - kim daşı suyun üzəri ilə uzağa atar, kimin daşı daha yaxşı səkəcək... Şəhər yerində həyətlərdə futbol oynayan uşaqlar da topu bilərəkdən kiminsə pəncərəsinə vurub sındırmırdılar. Təsadüf hallar olanda, valideynlər zərərçəkmişdən üzr istəyirdi, ziyanı qarşılayırdı. Amma indi, təəssüf ki, biz bəzən valideynlərin uşaqlarına əsassız yerə qahmar çıxdığını, uşağını lazımsız dərəcədə müdafiə etdiyini görürük. Bunlar da uşağın gələcək inkişafına mənfi təsir edir. Uşaqda belə fikir formalaşır ki, o, bu hərəkəti tamamilə düz edib. Uşaqların, yeniyetmələrin məşğuliyyəti yoxdur. Oxumağa, tədrisə də maraq qalmayıb. Deyir, oxuyub, kim olacam ki, oxuyanlar işsiz qalıb. Qatarları daşa basan o uşaqlar bəlkə heç məktəbə də getmir. Belə olan halda, məktəbin hansı rolundan danışa bilərik?!

Məlahət Rzayeva