Hüquqşünaslar bunu məmurlara ciddi siqnal sayır
Bu günlərdə Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil İradə Cavadovanın verdiyi məlumata görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan H.Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs edilib. İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı E.Məmmədova müraciət edib. E.Məmmədov isə onu H.Əliyevlə tanış edib. H.Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E.Məmmədov həbs olunub. Ardınca məlum olub ki, T.Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.
Məlumat üçün bildirək ki, istintaq dövründə H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Prezident İlham Əliyev keçmiş hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi H.Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.
Sabiq hakim və yaxınlarına səbr arzulayan hüquqşünas Qurban Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, bütün məmurlar üçün bir siqnaldır: "Məsələni müxtəlif prizmalardan dəyərləndirmək mümkündür. Baxın, bir hakim dələduzluq etdi. Vəzifəsindən asılı olmayaraq onu məhkum etdilər. Bütün məmurlara görkdür. Bu baxımdan onun həbsi təqdirəlayiqdir. Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Belə də olmalıdır”.
Bununla yanaşı, Q.Məmmədov hesab edir ki, cəza siyasəti cəhətdən H.Əliyev də cəzadan azad edilməlidir: "178-ci maddə ilə həbs edilən bütün insanlar azadlığa buraxılmalıdırlar. Birdəfəlik anlamaq lazımdır ki, insan həyatının pulla heç bir qarşılığı ola bilməz. Yəni mənim 50 min pulumu mənimsəmisənsə, buna görə həbs etmək düzgün deyil. Dələduzluq adlı əməlin cinayət məcəlləsindən çıxarılmasının vaxtı keçdiyi fikrindəyəm. Bu, çoxdan çıxarılmalıdır”.
Həmsöhbətimiz nəzərə çatdırıb ki, o pulu verən adamın da niyyəti araşdırılmalıdır: "R.Səlimov rüşvət verib. O da rüşvət verməkdə təqsirləndirilməli idi. Niyə insanlar rüşvət verirlər? "Qurani-Kərim”də belə bir ayə var: "Ey insan, rüşvət verib, məzlumun haqqını yemə”. H.Əliyev dələduz kimi həbs olunubsa, R.Səlimov da rüşvət verən kimi məhkum edilməlidir. Cinayətin predmeti olan pul müsadirə edilib, dövlətin hesabına köçürülməlidir”.
Vəkil Elçin Sadıqov isə deyib ki, hakimin azadlıqdan məhrum olunması gözlənilən idi: "Cəza qanunauyğundur”.
Qanun keşiyində duran adamın qanunsuzluq etməsinə gəlincə, müsahibimiz bunu neqativ hal kimi dəyərləndirib: "Dövlət işçilərinin belə işlərə əl atmasını ciddi şəkildə pisləyirəm. Fikrimcə, hazırda da belə dələduzluqla məşğul olanlar mövcuddur. Onlar da cəzalarını alacaqlar”.
Ayyət Əhməd