Pənah Hüseyn: “Yeni mərhələdə proseslərin taleyini əhəmiyyətli dərəcədə gəncliyin mövqeyi müəyyən edəcək”
"Demişəm ki, liderliyə iddialı şəxslərdən biri mənəm"
“Müxalifət öz mövqeyində dəyişiklik etməlidir”
Pənah Hüseyn: “Yeni mərhələdə proseslərin taleyini əhəmiyyətli dərəcədə gəncliyin mövqeyi müəyyən edəcək”
Pənah Hüseyn: “Yeni mərhələdə proseslərin taleyini əhəmiyyətli dərəcədə gəncliyin mövqeyi müəyyən edəcək”
"Mənimlə İsa Qəmbər və ümumiyyətlə, Müsavat Partiyası arasında fikir ayrılıqları var”
1 noyabr Parlament seçkisindən sonra müxalifət düşərgəsində qarşılıqlı ittihamlar səslənməkdədir. Seçki uğursuzluğuna görə biri-birini günahlandıran partiya liderləri yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün bəzi təkliflər irəli sürüblər. Belə bir məqamda Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn müxalifətdə yeni mərhələ təklifini ortaya qoyub və yeni mərhələnin liderliyinə iddialı olduğunu bildirib.
Ancaq AXP sədrinin sözləri müxalif düşərgədə birmənalı qarşılanmayıb. Gərginlik yaradan məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Pənah Hüseyn polemikalara hər zaman açıq olduğunu söyləyib...
- Pənah bəy, seçkidən sonra müxalifətin durumunu necə xarakterizə edərdiniz? Seçkidəki məğlubiyyət düşərgədə pessimizm yaradıbmı?
- Seçkidən sonra yaranmış durum dəyərləndirilir. Müvafiq nəticələrin ümumiləşdirilib bundan sonrakı fəaliyyətin və istiqamətin müəyyən edilməsi üçün məsləhətləşmələr aparılır. Hesab edirəm ki, yaxın dövrdə bu mərhələyə yekun vurulacaq və müəyyən addımlar atılacaq. Şəxsən mənim qənaətimə görə, demokratik düşərgənin ümumi dəyərlər və prinsiplər ətrafında hərəkat şəklində birləşməsi olduqca zəruridir. Bir şeyi də nəzərə almaq lazımdır ki, müxalifətin demokratik düşərgəsi yalnız siyasi partiyalardan ibarət deyil. Bu, daha geniş kütləni əhatə edir.
- Yeni mərhələ təklifi müxalifətdə birmənalı qarşılanmadı. Yeni mərhələ deyəndə nəyi nəzərdə tuturduz?
- Birincisi, mənim dediyim yeni mərhələni müəyyən edən obyektiv proses var. Bu, Azərbaycanda, regionda və dünyada gedən çox ciddi sarsıntılarla müşahidə olunan geosiyasi, sosial-iqtisadi və mənəvi böhran dövrüdür. Üstəgəl, bu prosesin terrorla "bəzədilməsi də” əlavə problemlər yaradır. Ona görə də hesab edirəm ki, Azərbaycanın siyasi müxalifəti öz mövqelərində, baxışlarında, prinsiplərində və fəaliyyət istiqamətlərində dəyişikliklər etməlidir. Çünki siyasi müxalifətdə mövcud olan böhran artıq dibə çatıb. Yeni mərhələ isə indiki şəraitdə siyasi müxalifətin sosial bazasının güclənməsinə və təsir imkanlarının artmasına səbəb olacaq. Eyni zamanda böhrandan çıxmaq üçün həm siyasi müxalifətin, həm də iqtidardakı müəyyən qüvvələrin birləşə biləcəkləri sahələrdə iş birliyinə ciddi ehtiyac var. Bu baxımdan siyasi müxalifət öz mövqeyində dəyişiklik etməlidir.
- Liderliyə iddia etməyiniz də müxalifət daxilində etiraz yaratdı...
- Mən təklif etmişəm ki, ilkin mərhələdə müxalifət liderlərinin və lider təşkilatların kimlər olacağı seçilsin. Bu, mənim şəxsi fikrimdir. Yəni jurnalistin sualına cavab olaraq demişəm ki, liderliyə iddialı şəxslərdən biri mənəm və hesab edirəm ki, yeni hərəkat ən ümumi maraqlar üzərində qurulmalıdır. Amma bu o demək deyil ki, şəxsən tanımadığım və ya bu gün meydanda olan digər şəxslərin liderliyini inkar edirəm. Onlar da liderliyə iddialı ola bilərlər. Liderlik kiminsə arzu və istəyi ilə olmur ki? Bir də görürsən ki, lider artıq ortadadır. Düşünürəm ki, yeni mərhələdə proseslərin taleyini əhəmiyyətli dərəcədə gəncliyin mövqeyi müəyyən edəcək. Bu baxımdan gənc liderlərin ortaya çıxmasına da sevinərəm. Meydan gənclər üçündür.
- Gənclər demişkən, gənc siyasətçilərin müxalifət partiyalarından uzaqlaşmasına münasibətiniz necədir?
- Gənclərin kütləvi surətdə partiyalarını tərk etməsi fikri ilə razı deyiləm. Çünki bunu müşahidə etməmişəm. Əksinə, gənclərin siyasi qurumlara gəlişi prosesi gedir. Üstəlik, gənclərin yeni partiya yaratmaq təşəbbüsləri də ortadadır.
- Müxalifətdə gənc və yaşlı nəsil arasında ziddiyyət olduğunu düşünürsüzmü?
- Bu əbədi mövzudur və illərdir müzakirə olunur. Təbii ki, hər iki tərəfdə biri-birini qəbul etməyən şəxslər var. Yəni yaşlı və gənc nəsil söhbəti hər zaman gündəmdə olacaq.
- Müsavat rəhbərliyi ilə aranızdakı ziddiyyət nədən qaynaqlanır?
- Bilirsiz, polemikalar, diskussiyalar ümumi işin xeyrinədir. Ona görə də polemikaların davam etməsini istəyirəm. Məsələ burasındadır ki, müxalifətdə fərqli kurs irəli sürdüyüm üçün mənimlə İsa Qəmbər və ümumiyyətlə, Müsavat Partiyası arasında fikir ayrılıqları var. Lakin baş verənlər strateji olaraq mənim doğru yolda olduğumu göstərir. Əlbəttə, müəyyən məsələlərdə mənim də haqlı olmadığım məqamlar var.
- Azərbaycanın da qatıldığı G-20 Zirvə Görüşü barədə fikirləriniz nədir? Sizcə, bu Sammit ölkəmizə nə vəd edir?
- Dünyada və Azərbaycanın daxil olduğu regionda çox dərin sarsıntılar, geosiyasi böhranlar yaşanmaqdadır. O baxımdan Azərbaycanın Sammitdə iştirakını dövlətin maraqları baxımından müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu dəvət həm də Türkiyə ilə dostluğumuzu, qardaşlığımızı və müttəfiqliyimizi daha yaxşı ifadə edən bir məsələdir.
- Fransada baş verən terrora görə, islam dünyasının hədəf alınmasına münasibətiniz necədir?
- Terrorun islama heç bir dəxli yoxdur. Necə ki, faşizmin və ya Norveçdə törədilən o qətliamın xristianlıq dininə heç bir dəxli yoxdur, eləcə də Parisdəki terror hadisələrini müsəlmanlara şamil etmək yolverilməzdir. Terrorçunun milləti və dini olmur. Səbəbsiz ölümlər və qətliamlar islam dininə ziddir. Ona görə də terror törədən hər kəsi qəzəblə və nifrətlə pisləmək lazımdır.
İsmayıl