Bu gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva da iştirak edib.
Açılışdan sonra ölkə başçısı tibb müəssisəsinin kollektivi ilə görüşərək onların qarşısında çıxış edib.
Ölkə başçısı qeyd edib ki, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir:
"Qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi və bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək".
Prezident vurğulayıb ki, Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük:
"Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır”.
Ölkə başçısının fikirlərini müsbət qiymətləndirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu addım Prezidentin səhiyyə sahəsi ilə bağlı apardığı uğurlu siyasətin məntiqi davamını ifadə edir:
" Cənab Prezident həmişə söyləyir ki, bizim sosial, iqtisadi sahədə qazandığımız uğurların və apardığımız siyasətin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşlarımızın sağlamlığı, onların sosial rifah halının yaxşılaşması və vətəndaşlarımıza xidmət dayanır. Məhz bu siyasətin nəticəsidir ki, son 15 ildə Azərbaycanda 650-dən çox xəstəxana və ya tibb müəssisəsi əsaslı şəkildə təmir olunub və yaxud yenidən tikilərək vətəndaşlarımızın istifadəsinə verilib. Bu müəssisələr ən müasir tibbi avadanlıqlarla təchiz edilib".
M.Quliyevin sözlərinə görə, artıq 4 ildir ki, cənab Prezidentin birbaşa göstərişi ilə Azərbaycanda əhalinin icbari dispanserizasiyası aparılır:
Ötən il 5 milyon vətəndaşımız dövlət vəsaiti hesabına tibbi müayindən keçib və onların sağlamlıq vəziyyəti öyrənilib, hər hansı bir xəstəlik aşkar edildiyi halda onların müalicəsi təmin edilib. Bu gün Azərbaycanda çox müasir səhiyyə sistemi formalaşıb. Və bu sistemdə Azərbaycanın son 10 ildə müxtəlif xarici ölkələrdə və Azərbaycanda təhsil almış qabiliyyətli həkim və tibb personalı çalışmaqdadır. Bu gün dünyada aparılan elə bir əməliyyat yoxdur ki, Azərbaycanda edilməsin. Ölkəmizdə orqan köçürülməsindən tutmuş, açıq ürək və beyin əməliyyatlarına qədər həyata keçirilir".
Millət vəkili onu da əlavə edib ki, icbari tibbi sığortanın yaxın vaxtlarda bütün ölkə ərazisində tətbiqi gözlənilir:
"Bundan sonra əhalinin tibbi xidmətlərə əlçatanlığı da daha da yaxşılaşacaq. Yeni il qabağı cənab Prezidemtin fərmanı ilə TƏBİB müəssisəsi yaradıldı. Bu da publik hüquqi şəxs ölkə ərazisində icbari tibbi sığortanın həyata keçirilməsi üçün hazırlıq işləri görəcək.
Gələn ildən icbari tibbi sığorta daha geniş şəkildə tətbiq olunacaq. Azərbaycanda səhiyyə ximətlərinin keyfiyyətinin yüksəldilməsi təmin olunacaq. Bu məsələlər Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının daim diqqəti mərkəzindədir. Heç şübhəsiz ki, bundan sonra da görüləcək işlər Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, sağlamlığının bərpasına yönələcək. Yüksək mədəniyyətə və təhsilə malik vətəndaşlarımızın formalaşmasına xidmət edəcək".
Ayyət Əhməd