Deputat:"Adi və sosial ipoteka kreditlərinin faizləri yüksəkdir " - Məsələyə baxılmalıdır





"Yeni dəyişiklərə əsasən, ipoteka şərtləri sadələşdirilib”.

Bunu "Sherg.az”a ipoteka şərtləri barədə yeni dəyişiklikləri şərh edərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. 

Onun sözlərinə görə, yeni şərtlərə əsasən, müraciət edən şəxslərdən tələb edilən iş fəaliyyətinin müddəti aşağı salınıb:

"Məsələn, əvvəllər borcalanlardan 12 ay iş fəaliyyəti tələb olunurdusa, bu müddət indi 6 aya endirilib. İpoteka üçün müraciət edən şəxslərin gəlirləri hesablanarkən, iki illik sahibkarlıq fəaliyyəti tələb edilirdi. Yeni qaydalara əsasən bu müddət bir ilə endirilib. Bütün bunları nəzərə alaraq, ipoteka kreditlərinin verilməsi şərtlərinin asanlaşdırıldığını deyə bilərik.

Son dəyişikliklər təqdirəlayiqdir. Buna rəğmən, həm adi kreditlər, həm də sosial ipoteka kreditləri üçün tətbiq edilən yüksək faizlərin aşağı salınması vacibdir. Bu faizlər, həqiqətən, yüksəkdir və bu məsələyə baxılmalıdır. Ona görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən kreditlərin şərtlərinin asanlaşdırılmasına xidmət edir”.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişikliklər edib. Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Aysel Aslan