“Dərman istehsalına başlamaq yaxşı haldır”

Adil Qeybulla: “Zaman yetişər ki, Azərbaycan Avropa standartlarına uyğun dərman istehsal edə bilər”



Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün yaxın vaxtlarda danışıqlara başlanacaq. Bu barədə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

O bildirib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb: "Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır”. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədovun sözlərinə görə, ilkin mərhələdə yaxşı imici olan, keyfiyyətli dərman buraxan qurumlarla birgə müəssisələr yaradılacaq: "Bu yolla gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq”.

Təşəbbüsü müsbət dəyərləndirən tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə söyləyib ki, bu işin reallaşması çox yaxşı olardı: "Amma bir məsələni qeyd edim ki, Azərbaycanın yaxın gələcəkdə dərman istehsal etməsi inandırıcı görünmür. Ona görə ki, dərmanlar ən azı Avropa standartları və beynəlxalq parametrlərə müvafiq keyfiyyətdə hazırlanmalıdır. Yəni dərmanların istehsalı üçün ölkəmizə müasir texnologiya və mütəxəssis lazımdır. Ola bilsin ki, artıq hansısa tanınmış firmalara bu işdə müştərək iş qurulsun və dərman istehsalına başlanılsın. Amma bu yenə də yaxın perspektivin işi deyil. Buna başlamaq təşəbbüsü yaxşı haldır. Məsələ burasındadır ki, istənilən başlanğıc çətin olur. Amma zaman yetişər ki, Azərbaycan Avropa standartlarına uyğun dərman istehsal edə bilər”.

Azərbaycanda müasir və yüksək səviyyəli dərmanların istehsal olunmadığını deyən ekspert bildirib ki, ölkəmizdə daha çox istehsal olunan dərman preparatları da mövcuddur: "Buraya mikstura, məlhəm, yod və lener mazı, arı və ilan zəhərindən alınan bəzi dərmanlar daxildir. Ancaq Azərbaycanda indiyə qədər müasir dərmanlar istehsal olunmayıb. Bizdə dərman sənayesi məsələsinə baxılmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, dərman istehsalının gerçəkləşməsi üçün məhsul verilməlidir: "Yəni daxili bazara ucuz məhsul verilməlidir. Bu da yaxın perspektivin işi deyil. Amma bütün hallarda bu addımı dəstəkləmək lazımdır”.

Ayyət Əhməd