"Sosial şəbəkələrdə ordunun döyüş əməliyyatlarına tam hazır olması barədə açıqlamalar paylaşıldıqda, istifadəçilər "belədirsə, nəyi gözləyirik, hücuma keçək” şəklində şərhlər yazırlar”.
Bunu "Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib.
O vurğulayıb ki, ordunun öz funksiyası var:
"Müdafiə naziri Zakir Həsənov rəsmi şəxsdir. O, "ali baş komandanın əmrlərini yerinə yetirməyə hazırıq” şəklində bəyanatlar verirsə, deməli, söz xatirinə demir. Müdafiə nazirinin də iştirak etdiyi hərbi təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğu aydın görünür. Şəxsi heyətin tam hazırlığı, müasir texnika və silahlarla yüksək səviyyədə təminat məsələləri müharibəyə tam hazır olduğumuzu sübut edir. Prezident İlham Əliyev də çıxışında deyib ki, Azərbaycan və Ermənistanı döyüş meydanında tək qoysalar, biz düşmən ordusunu darmadağın edərək, ərazilərimizi işğaldan azad edib, ərazi bütövlüyümüzü təmin edəcəyik.
Müdafiə naziri döyüş hazırlığı ilə bağlı çıxışlar edir, ordunun ali baş komandanın əmrini yerinə yetirməyə daim hazır olduğunu bəyan edirsə, bu açıqlamalar Müdafiə Nazirliyində görülən işlərin yekunudur.
Aprel hadisələrindən sonra bu il Naxçıvan ərazisində bəzi ərazilər düşməndən azad olundu. Bu bir günün əməliyyatı deyil. Uzun müddət hazırlıqlar aparılıb, müzakirələr keçirilib və 26 il düşmən tapdağında olan böyük bir ərazi düşmən tapdağından azad edildi. Üstəlik bu müharibə şəraitində, döyüş əməliyyatları ilə deyil, sıradan kəşfiyyat və hərbi tədbirlərlə vəziyyət xeyrimizə dəyişdirilib. Bütün bunlar göstərir ki, Azərbaycan ordusu bütün sahələrdə inkişaf etmiş silahlı qüvvələrlə eyni səviyyədədir”.
Azərbaycan cəmiyyətinin də müharibəyə, torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına hazır olduğunu diqqətə çatdıran Ş.Ramaldanov xatırladıb ki, aprel döyüşləri də insanlarda ruh yüksəkliyi olduğunu sübut etdi:
"Gənclər, yaşlılar, iqtidar və müxalifət – hər kəs birlik olaraq, Dağlıq Qarabağ məsələsində Azərbaycan Respublikası Prezidentinə dəstəyini göstərdi, ali baş komandanla həmfikir olduqlarını nümayiş etdirdi. Düzdür, cəmiyyət də artıq tələb edir, amma siyasi məhdudiyyətləri də nəzərə almaq lazımdır. Xalq silahlı qüvvələrə inanır və ordunun inkişaf etdirilməsi gələcək hərbi əməliyyatlara hazırlıq üçün vacibdir. Əgər münaqişə sülh yolu ilə həllini tapmasa, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə öz ərazi bütövlüyünü təmin edəcək”.
Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşüb. Nazir deyib ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazır və qadirdir.
Aysel Aslan