Dilqəm Əsgərov ailəsinə məktub yazdı, vəziyyəti yaxşı deyil

Elman Məmmədov: “Yalnız bir yolumuz qalıb. Gərək biz də işğal olunmuş torpaqlarımızdakı ermənilərdən 5-10 nəfərini əsir götürüb, dəyişək”



Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib. Bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb.

Məktubda yazılana görə, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib. O, Ermənistanla əlaqə saxlayıb bu məsələni müzakirə edəcəklərini söyləmişdi.

Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə deyib ki, türk qanına susamış ermənilərin əlində olan insanın halının necə olmasını hər birimiz təsəvvür edə bilərik: "Biz öz üzərimizdə bunun şahidi olmuşuq. Xocalı soyqırımı zamanı mindən çox Xocalı sakini düşmən tərəfindən əsir götürülmüşdü. Əsirlikdən qayıdıb gələnlər başlarına açılan oyunlar haqda danışıblar. Hazırda iki soydaşımızın vəziyyətini hamımız bilirik. Erməni amansız düşməndir. Erməni vəhşidir. Onlar bizə qarşı insanlığa sığmayan bütün vasitələrdən istifadə ediblər”.

Girovlarımızın azad olunması ilə bağlı nə etməliyik sualına gəlincə, parlamentari qeyd edib ki, öncə beynəlxalq təşkilatlara güvəndik: "ATƏT, BMT, Avropa Şurası və Beynəlxalq Qırmızı Xaç Komitəsinə üz tutduq. Bildirdik ki, onlar heç bir dövlətin sərhəddini pozmayıbar. Öz vətənlərinə, dədə-baba yurdlarına gediblər. Əzizlərinin qəbrini ziyarət ediblər. Günahsız insanlardır. Təqsirkar onların ocaqlarını, yurdlarını işğal edən Ermənistandır. Baxın, özünü insan hüquqlarının müdafiəçisi sayan təşkilatların hamısı ermənilər kimi fikirləşirlər. Onlar da bu məsələlərdə əlbir, dilbirdilər. Bu cırtdan terrorçu dövlətə qarşı heç olmasa, bir dəfə də olsun təzyiq göstərmədilər. Erməni əsirliyində neçə min insanımız var. Təkcə 150 nəfər Xocalı sakinin taleyi bu gün məlum deyil. Beynəlxalq təşkilatlardan ümid gözləmək əbəsdir”.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan çox hümanistlik nümayiş etdirir: "Könüllü ağ bayraq qaldırıb Azərbaycana gələn erməni əsgərləri və ailələrinə qarşı beynəlxalq hüququn və humanizmin normalarına uyğun hərəkət edir. Onları öz xahişləri ilə ya 3-cü ölkəyə, ya da Ermənistana qaytarır. Bunun müqabilində biz də gözləyirik ki, düşmən tərəfi də bizim girovlarımızı qaytarsın. Amma etmirlər. Yalnız bir yolumuz qalıb. Gərək biz də işğal olunmuş torpaqlarımızdakı ermənilərdən 5-10 nəfərini əsir götürüb, dəyişək. Başqa yolumuz yoxdur”.

Ayyət Əhməd