Dilqəm Əsgərov və Şahbaz Quliyevi həmsədrlərdən soruşublar

Bayram Səfərov: “Cavab olaraq onlar da bildirdilər ki, məsələnin həllinə çalışılır”



"ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə öz torpaqlarımızda ermənilər tərəfindən həbsə alınan Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırdıq. Onların diqqətinə çatdırdıq ki, bizim iki vətəndaşımız öz torpaqlarımızda saxlanıb”.

Bu sözləri "Şərq”ə "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. Təşkilat sədri qeyd edib ki, həmsədrlər və eyni zamanda beynəlxalq təşkilatlar sözügedən məsələyə laqeyd yanaşır: "Hətta onlara sual verdik ki, siz və eyni zamanda beynəlxalq institutlar buna niyə ciddi maraq göstərmir və məsələnin həlli istiqamətində Ermənistana niyə təzyiqlər göstərilmir? Cavab olaraq onlar da bildirdilər ki, məsələnin həllinə çalışılır”.

B.Səfərov vurğulayıb ki, sözügedən məsələni Azərbaycan tərəfi dəfələrlə qaldırıb: "Bilirsinizmi, belə işlərin həllini həmsədrlər deyil, onların təmsil olunduğu ölkələrdən tələb etmək lazımdır”.

İcma rəhbəri söyləyib ki, bütün dünya Azərbaycanla bağlı problemlərə laqeyd yanaşır: "Bunun səbəbini isə içərimizdə axtarmaq lazımdır. Qabaqca içərimizdə axtaraq, sonra kənara çıxarıq. Məsələ odur ki, hamı bir olmalıdır. Hər kəs dövlət başçısının ətrafında birləşməlidir və onu dəstəkləməlidir”.

Sonda B.Səfərov onu da əlavə edib ki, girovlarımızın azad olmasına inanır: "Azərbaycan bu işlə məşğuldur. Girovlarımız unudulmayıb və unudulmayacaq da. Azərbaycan tərəfi bu işlə ciddi məşğuldur. İnanıram ki, Azərbaycan Prezidentinin iradəsi nəticəsində girovlarımız ölkəmizə qayıdacaqlar”.

Ayyət Əhməd