Diplomatların dəyişməsinə ehtiyac duyulurdu

Qabil Hüseynli: “Bir sıra diplomatlarımız ideya savadsızlığı göstərir və Azərbaycan dövlətçiliyinə xəyanət edirlər”




Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Zülfüqarovun ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bunan başqa qeyd edək ki, dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultanzadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının addımını müsbət qiymətləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, gəncləşdirmə prosesi gedir: "Elə ölkələr var ki, ora göndərdiyimiz səfirlər və yaxud səfirliklərin əməkdaşları vaxtilə Azərbaycanda mülki vəzifələr tutublar. Mülki vəzifədən istefa verdikdən sonra səfirliyin işçisi kimi ora göndəriliblər. Amma indi Azərbaycanda diplomatik akademiya fəaliyyət göstərir. Bu təhsil ocağının çoxsaylı intellektual məzunları mövcuddur. Azərbaycan artıq diplomatlar yetişdirir. Hətta başqa ölkələrdən də buraya təhsil almaq üçün gələnlər var. Bu baxımdan diplomatik korpusun yeniləşdirilməsinə böyük ehtiyac duyulur. Ona görə ki, son hadisələr göstərir ki, bir sıra diplomatlarımız ideya savadsızlığı göstərir və Azərbaycan dövlətçiliyinə xəyanət edirlər. Eyni zamanda xaricdə Azərbaycan dövlətinin maraqlarını kifayət qədər aktivliklə müdafiə etməyi bacarmırlar. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkə maraqlarının qorunması və Azərbaycanın təmsilçilik səviyyəsinin yüksəldilməsi baxımından passiv fəaliyyət göstərirdilər. Ona görə də bu korpusun yenilənməsinə, ora gənc, enerjili, təşəbbüskar və vətənpərvər insanların göndərilməsinə ehtiyac var. Dövlət başçısının sərəncamını müsbət qiymətləndirirəm”.

Ayyət Əhməd