Ən pisi də odur ki, müəllimlər arasında 60 test tapşırığından 4 bal toplayanlar olub
“İmtahanlar onu göstərir ki, müəllimlərimizin bilik və bacarıqları aşağı səviyyədədir”
Mayın 26-dan başlayaraq Təhsil Nazirliyi tərəfindən orta məktəbdə çalışan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. Bu imtahanda əvvəlki illərdə iştirak etməyənlər və ya az bal toplayanlar iştirak ediblər.
Son bir həftə ərzində keçirilən diaqnostik qiymətləndirilmədə cəmi 3 müəllim ən yüksək nəticə göstərərək 60 bal toplamağa müvəffəq olub. Ən pisi də odur ki, müəllimlər arasında 60 test tapşırığından 4 bal toplayanlar olub.
Təhsil eksperti Kamran Əsədov müəllimlərin diaqnostik qiymətləndirməsini müsbət hal kimi dəyərləndirib. Sonuncu dəfə təhsil sistemində çalışanların bilik və bacarıqlarının yoxlanılmasının 1994-cü ildə həyata keçirildiyini xatırladan ekspert deyib ki, həmin vaxtdan keçən uzun müddət ərzində müəllimlərin biliklərinin hər hansı bir formada yoxlanılmaması təhsil verənlərin keyfiyyət göstəricisinə mənfi təsir göstərib:
"Təhsil Nazirliyi tərəfindən 2014-2017-ci illərdə həyata keçirilən müəllimlərin diaqnostik imtahanlarından sonra öz biliyini nümayiş etdirən 4472 - orta məktəbimizin 142 min müəlliminin 45 faizinin nəticəsi çox aşağı səviyyədə oldu.
2018-ci ilin 26 mayından etibarən Təhsil Nazirliyi əvvəlki illərdə imtahanda iştirak edən, amma az bal toplayan müəllimlər üçün yenidən imtahanlar keçirdi. Yenə də ortaya xoşagəlməz nəticələr çıxdı. İmtahanlarda iştirak edən 20 minə yaxın müəllimdən yalnız 3 nəfəri maksimum nəticə göstərdi və 60 bal topladı. Lakin aşağı nəticə göstərənlərin, qanun pozuntusuna yol verənlərin sayı hədsiz dərəcədə çoxluq təşkil edib”.
K.Əsədovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik imtahanda istifadə olunan test tapşırıqlarının heç biri tədris proqramından kənar olmayıb, hətta əksəriyyəti əvvəlki illərdə dəfələrlə TQDK (DİM) tərəfindən qəbul və sınaq imtahanlarında, sinif test kitabçalarında və test banklarında olan suallar idi:
"DQ imtahandan istifadə olunan ixtisaslar üzrə test tapşırıqlarının ağırlıq səviyyəsi və dərəcəsi DİM tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarından dəfələrlə aşağı idi. Əgər DİM-in keçirdiyi qəbul imtahanlarından iştirakçılara müxtəlif ağırlıq dərəcəli - asan, orta və çətin tipli test tapşırıqları təqdim olunurdusa, Təhsil Nazirliyi tərəfindən keçirilən DQ imtahanında istifadə olunan test tapşırıqları asan və orta tipli test tapşırıqlarıdır.
Buna baxmayaraq öz üzərində çalışmayan, gündəlik dərs prosesini ciddi qurmayan müəllimlər aşağı nəticə əldə etdilər. İstər DQ, istər MİQ imtahanlarında istifadə olunan test tapşırıqları kütləvi şəkildə açıq bazada olan suallardır.
Keçirilən imtahanlar onu göstərir ki, müəllimlərimizin bilik və bacarıqları aşağı səviyyədədir. Məktəb direktorları rəhbərlik etdikləri müəssisədə çalışanlara, onların tədris keyfiyyətinə düzgün nəzarət edə bilmirlər”.
Şəymən