“Beş min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər”
Dollar 2 manat olmayacaq
Baş bankir dollarla krediti olanlara da müjdə verdi
“Beş min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər”
“Beş min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov dünən parlamentin iclasında iştirak edərək, manatın məzənnəsi, iqtisadi gərginliklər, devalvasiya haqqında fikirlərini bölüşüb.
E.Rüstəmov deyib ki, Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək: "Zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq. Bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.
Söhbət 250 milyon dollardan gedir
Mərkəzi Bankın İdarə Heyətinin sədri dollarla kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. O bildirib ki, hazırda bu məsələ hökumətin iqtisadi komandasının gündəliyinə daxildir və müzakirə olunur: "Beş min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil. Buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.
Sosial şəbəkələrdə yayılan pul nişanları uydurmadır
"Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur” - deyən baş bankirin sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarının çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”.
Manatın üzməsinin qarşısının alınması üçün tədbirlər görülür
E.Rüstəmov bu gün manatın məzənnəsinə bir neçə amilin təsir etdiyini vurğulayıb: "Söhbət xarici amillərdən, dollarlaşma prosesi, o cümlədən möhtəkirlərin əhali arasında yaratdığı gözləntilərdir. Əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birgə ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsi, manatın məzənnəsinin dinamikasının, onun proqnozlaşdırılan kəskin üzməsinin qarşısını almaq üçün çox güclü tədbirlər görmək fikrindədir, iqtidarındadır. Prezident İlham Əliyev hökumətin sonuncu iclasında bizə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişləndirməklə bağlı tapşırıq verdi. Bunlara Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı aiddir. Beynəlxalq maliyyə qurumları ilə danışıqlar, müəyyən investisiya proqramları, o cümlədən, Prezidentin nəzərdə tutduğu genişmiqyaslı struktur islahatları proqramı çərçivəsində ölkəyə maliyyə resurslarının cəlb olunması variantlarına da baxılır. Artıq Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər qurumlar beynəlxalq maliyyə qurumları ilə əlaqədədir. Biz bu imkanlardan geniş istifadə edəcəyik”.
"Lakin məzənnə üzür, üzməkdə davam edir”
"Həm Azərbaycan Dövlət Neft Fondu, həm də Mərkəzi Bank valyuta bazarında aktiv çalışırlar” - deyən baş bankir qeyd edib ki, atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub: "Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Lakin siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən, atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir”.
"Dolların 2 - 2.5 manat olacağı proqnozları şayiədir”
E.Rüstəmov bir dolların iki manatadək qalxması ehtimalından da danışıb: "Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib. Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq”.
Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran bankir əlavə edib ki, neftin qiyməti 25-30 dollar ətrafında proqnozlaşdırıldığından, makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
Anar Bayramoğlu