FED-in qərarı dünya iqtisadiyyatına təsirsiz qala bilməz
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. FED uçot dərəcəsini gözlənildiyi kimi 0,25 faiz artıraraq 1,75 - 2 səviyyəsinə yüksəldib. Bu, il ərzində ikinci faiz artımı olub.
Uçot dərəcəsinin artırılması ilə bağlı müxtəlif fikirlər səslənir. Əhalinin əksəriyyəti bu artımın manatın məzənnəsinə təsir edəcəyini düşünür.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə açıqlamasında FED-in uçot dərəcəsini artırmasının Azərbaycan bazarına birbaşa təsir etmədiyini deyib. Onun sözlərinə görə, bu qərarın funksional olaraq maliyyə əməliyyatları kontekstində heç bir təsiri yoxdur.
E.Rüstəmov həmçinin deyib ki, valyuta bazarı ilə bağlı gözləntilər obyektiv olmalıdır: "Biznes, əhali obyektiv gözləntilərlə yaşamalıdır. Gözəntilərin səhv işıqlandırılması prosesləri istəmədən başqa istiqamətə yönəldə bilər. Onu biz formalaşdırsaq da, translyasiyanı KİV təşkil edir. Ona görə də istərdik ki, proseslərin qiymətləndirilməsi, yazılması ilə bağlı vahid anlaşma olsun”.
FED-in son qərarının dünya iqtisadiyyatına ciddi təsirləri olacağını deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, FED bu il 2 dəfə faiz artımının olacağını təsdiqlədi:
"Çox güman ki, sentyabr və dekabr aylarında növbəti faiz artımı olacaq. Bundan başqa FED 2008-ci il böhranından sonra dünya bazarlarını külli miqdarda əlavə vəsaitlə təmin edirdi ki, iqtisadi böhranla bağlı proseslərə müəyyən dəstək olsun. Buna görə də banklara, iri şirkətlərə təqribən 4 trilyon dollara yaxın maliyyə yardımı ayırmışdı. FED-in sonuncu açıqlaması isə o oldu ki, bazarlardan həmin maliyyə yardımı yığışdırılır, bu da dolların bahalaşmasına və dünyada ucuz kreditlərə çıxış imkanlarının getdikcə məhdudlaşmasına səbəb olacaq.
Bu nöqteyi-nəzərdən təbii ki, FED-in addımı dünya iqtisadiyyatına ciddi təsir edəcək və ilin sonuna qədər 2 dəfə faiz artımının olması dünyada dollar indeksinin yüksəlməsinə, dolların dəyər qazanmasına səbəb olacaq. Bu da bütün dünyaya, o cümlədən bizim ətraf ölkələrə təsir göstərir və göstərməkdə davam edəcək. Bizim ən böyük ticarət tərəfdaşımız olan Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrin də milli valyutaları dəyərdən düşür, bir müddət sonra Azərbaycan manatına da basqıların yaranması baş verəcək.
Düzdür, hələlik Azərbaycan üçün neft qiymətləri kifayət qədər komfortludur. İndi neftin qiyməti 75-77 dollardır, yəni gözləntilərdən də yüksəkdir deyə Azərbaycanın gəlirləri xeyli artıb və valyuta gəlirlərinin artması manata dəstək olur. Amma bu həmişə belə olacaq anlamına da gəlmir, yazılmamış bir qanun var - dünyada dollar bahalaşdıqca, neftin ucuzlaşması prosesi həmişə olub. Bu ilin sonuna qədər dünyada dollar daha çox bahalaşsa, neftin qiymətində də enmələr müşahidə olunacaq və bu zaman Azərbaycanda manata olan basqıların artması baş verə bilər”.
Yeganə Bayramova