Dövlət Baxçalı: “İmamoğlu-Kılıçdaroğlu çəkişməsi İstanbula problem yaradacaq”





Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı partiyanın qrup toplantısında önəmli açıqlamalar səsləndirib. Seçki ərəfəsində və sonrasında onu və partiyasını ittiham edənlərə sərt cavablar verən Baxçalı hər kəsin öz xətalarına baxmasını məsləhət bilib. MHP sədri 23 iyunda təkrar keçirilən İstanbul bələdiyyə seçkisinin nəticələri barədə də ətraflı danışıb. Partiya sədri kampaniya boyunca min-bir əziyyətlə çalışdıqlarını və üzərlərinə düşən hər şeyi etdiklərini deyib.

"Hər ağacı daşlamaq olmaz...”

Baxçalı partiya olaraq vicdanlarının rahat olduğunu ifadə edib: "Heç kim samanlıqda iynə axtarmasın, orasını-burasını oynatmasın, hamı öz dilinə, sözünə diqqət yetirsin. Unutmasınlar ki, hər ağacı daşlamaq olmaz. Mədrəsədə dərviş olan, amma çöldə keşiş kimi davrananlarla işimiz yoxdur. MHP qardaşlığın, doğruluğun, haqqın, tarixi və milli mirasın ən yaxşı qoruyucusu olduğunu dəfələrlə sübut edib. Bugün də sübut etdik. Partiyamız "Cumhur İttifaqı”nın qələbəsi üçün çox tər tökdü, əmək verdi. Biz İstanbula mitil atdıq, düşmənlərimizin tozu-torpağı havaya qalxdı. Vəzifə uğrunda çirkin mübarizə aparanlar, səviyyəsiz bazarlıq niyyətində olanlar dəliyə döndü. Şəhərə mitilimizi atdıq, bizi sevməyənlərin rəngi-ruhu saraldı”.

"Söydəyimiz hər sözün arxasındayıq..”

Partiya sədri MHP-ni PKK ilə ittifaqda suçlayanları da sərt dillə qınayıb:
"Bizi hədəfə alaraq, "İmralı adasındakı caninin məktubundan mədət ummaqda” ittiham edənlər alçaq və arsız adamlardır. Bunu dilə gətirmək yox, xəyal etmək, düşünmək belə anormallıqdır. Biz deyirik ki, HDP birbaşa Kandildəki terrorçulara xidmət edir. Onlar arasında fərq yoxdur. Ancaq məsələ ondadır ki, HDP-nin Əkrəm İmamoğlunu dəstəkləməsi İmralıdakı terrorçu tərəfindən qəbul edilmir. 

Ədirnədə həbsxanada olan terrorçu S.Dəmirdaşla, İmralıda cəzasını çəkən terrorçu başı Öcalan və Kandilin xəyanət yuvası arasında ciddi qarşıdurma yaranıb. Əgər cani Öcalan HDP-yə çağırış edirsə, biz bunu mütləq diqqətə almalıyıq. Bunu görməzdən gələ bilmərik. Əslində onların bir-biri ilə didişməsi millətçiləri maraqlandırmır, lakin burada söhbət İstanbulun taleyindən gedir. MHP-nin terrorizmə baxışı, mövqeyi konkretdir və dəyişməsi imkansızdır. Biz bəziləri kimi köksüz partiya deyilik”.

"İstanbul şəhəri əhlinə əmanət edilmədi...”

MHP başqanı yenilənən seçkidə milli iradənin ortaya qoyulduğunu bəyan edib: "Partiyanın İstanbul şöbəsinə, hörmətli prezident Ərdoğana və bütün AKP-lilərə təşəkkür edirəm. Hamı vəzifəsini yerinə yetirdi. Türk demokratiyası növbəti dəfə özünü büruzə verdi. Seçki qutuları yayılan söz-söhbətdən, uydurma ittihamlardan və yalandan xilas oldu. 

Ən əsası isə "tək adam” iftirası ortadan qalxdı. 23 iyunun nəticələri bizə qara yaxanlara ən sərt sillə effektini verdi. Əfsuslar ki, İstanbul əhlinə əmanət edilmədi. Bunun mənfi nəticələrini gələcək günlərdə mütləq görəcəyik. Seçilən başqanın qısa zamanda nəyi bacarıb, nəyi bacarmadığı bəlli olacaq. Onun fəaliyyətini çox diqqətlə izləyəcəyik və hər addımını qeyd edəcəyik”.

"Kılıçdaroğlunun başı üzərində kəskin bir qılınc kimi asılı olacaq”

Partiya rəhbəri CHP sədri Kamal Kılıçdaroğlunun "23 iyun seçkisinin nəticələri də ləğv olunarsa, reaksiya verməyəcəm” sözlərini təxribat adlandırıb: "Kılıçdaroğlu proseslərə ironik yanaşaraq, həqiqətlərin üzərini örtməyə çalışır. Əslində, Kılıçdaroğlu çoxdan qorxu tunelinə girib və qayğılanmağa başlayıb. Amma qorxunun əcələ faydası yoxdur. Çünki Əkrəm İmamoğlu CHP sədrinin başı üzərində kəskin bir qılınc kimi daim sallanacaq və Kılıçdaroğlunun kabuslar görməsinə səbəb olacaq. Onların çəkişməsi isə İstanbula problem yaradacaq”.

"PKK və FETÖ-nün İstanbulda hökmranlıq etməsinə imkan verməyəcəyik”

Əkrəm İmamoğlunun seçkidən sonra səsləndirdiyi açıqlamalara toxunan Baxçalı bu cür sözlərin bələdiyyə başqanına yaraşan ifadələr olmadığını deyib: "Onun sözləri məqsədini aşır, ifadələri siyasi hədəflərini ələ verir. 

Məlum olur ki, niyyət İstanbula xidmət deyil, başqa proseslərə hazırlıqdır. Süni "dövlət adamı” və "prezident” ədası ilə insanlara dərs verməyə cəhd göstərən İmamoğlu əsl vəzifəsi olan bələdiyyə başqanlığının öhdəsindən gələ bilməyəcək. İstanbul bizim göz bəbəyimizdir. 

PKK və FETÖ-nün bu şəhərdə hökm sürməsinə qətiyyən imkan verməyəcəyik. Dağda gizlənmiş terrorçuları İstanbula gətirməyə çalışan hər kəs ağır şəkildə cavabını alacaq. Kiminsə özünü siyasi kloun kimi aparmasına da imkan verməyəcəyik”.

İsmayıl