"Bu gün dəstəklənən kiçik sahibkarlıq obyektləri gələcəkdə iri müəssisələrə çevriləcək"
Son 15 il ərzində dövlət tərəfindən sahibkarlar təbəqəsinin qorunması və biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə institusional islahatlar, vergi islahatları aparılıb. Eyni zamanda sahibkarlara dövlət dəstəyi davam etdirilib. Paralel olaraq regionların inkişafı daim Prezidentin diqqət mərkəzində olub. Çünki ölkənin iqtisadi inkişafı sadəcə paytaxtın deyil, bərabər səviyyədə bütün regionların, şəhər və rayonların iqtisadi gücünün artırılması, iş yerlərinin çoxaldılması, yeni tipli zavod və fabriklərin açılması ilə mümkündür. Hələlik dövlət büdcəsindən ayrılan vəsait olmadan bu işi həyata keçirmək istənilən nəticəni vermir. O baxımdan həm sahibkarlara, həm də regionların iqtisadi inkişafına dövlət büdcəsindən əsaslı yardım ayrılır. Hesab edilir ki, zamanla bu cür yardımlara ehtiyac qalmayacaq və aparılan düzgün islahatlar sayəsində rayonlar öz-özünü maliyyələşdirəcək.
"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq”ə açıqlamasında deyib ki, qeyri-neft sektorunun inkişafı özəl sektorla bağlıdır. Özəl sektor isə dövlət yardımları olmadan inkişaf edə bilməz. Ona görə də dövlət bu istiqamətdə çoxsaylı layihələr, dövlət proqramları həyata keçirir:
"Xüsusən də regionlarda dövlət proqramlarının həyata keçirilməsi olduqca mühümdür. Bakıda iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru yaxşı inkişaf edib. Regionları da bu həddə çatdırmaq lazımdır. Bu səbəbdən dövlət regionlarda kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Şəxsən mənim bəyəndiyim proqram özünüməşğulluqdur. Dövlət işsiz, sosial yardıma ehtiyacı olan ailələrə kiçik təsərrüfat qurmaq üçün lazımi avadanlıq və vasitələr verir. Beləliklə həm məşğulluq problemini həll edir, həm də regionlarda kiçik sahibkarlığın inkişafına, dolayı yolla ölkədə məhsul istehsalının artmasına nail olur. İri sahibkarlıq müəssisələrinin də Abşeron yarımadasına yox, digər regionlara salınmasına nail olmaq lazımdır.
Çünki ölkə əhalisinin təxminən yarısı, 5 milyon vətəndaş bölgələrdə yaşayır və işləyir. ÜDM-nin çox böyük hissəsi Abşeron yarımadasında formalaşır ki, bu da normal göstərici deyil. Bu səbəbdən regionların inkişafı və sair analoji proqramlar artırılmalı, həm regional, həm də sahəvi cəhətdən tarazlı inkişafa nail olunmalıdır. Bu halda yaxın illərdə neftdən asılılıq tam ləğv oluna bilər”.
Ekspertin sözlərinə görə, vergi islahatları da buna xidmət etməli, gömrük sistemində islahatlar aparılmalıdır:
"Ölkədə istehsalı yüksək olan mallara qarşı protektinoast siyasət yürüdülməli, istehsalı olmayan, ya da çox az məhsullar üzrə gömrük rüsumları ən minimuma endirilməlidir. Beləliklə, həm yerli istehsal dəstəklənər, məhsul istehsalı artar, həm də ölkədə istehsalı olmayan və ya çox az olan, xaricdən gətirilən mallar ucuzlaşar. O zaman dövlətin burda yükü daimi olmayacaq. Uzağı 5-10 il müddətində dəstək davam etsə, sonrakı dövrdə buna ehtiyac olmayacaq. Bu gün dəstəklənən kiçik sahibkarlıq obyektlərinin çoxu gələcəkdə orta və iri müəssisələrə, təsərrüfatlara çevriləcək. Ölkəmiz özünü yerli istehsal olan gündəlik tələbat malları ilə təmin edə biləcək. Üstəlik, qeyri-neft ixracımız da artacaq, gəlirlərimiz çoxalacaq və neftin qiymətindən asılı olmayacağıq”.
İsmayıl