Ərdoğan 50 islam ölkəsi liderini İstanbula yığdı“Zülmə lənət, Qüdsə dəstək” şüarı ilə mitinq keçirilib
Dünən İslam Əməkdaşlıq Təşkilatına üzv olan 50-dən çox ölkənin liderləri İstanbulda toplaşıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstindəki son hadisələrin ardından etdiyi müraciət əsasında, İstanbulda İƏT-in fövqəladə iclası başlayıb.

Növbədənkənar iclasda Fələstində baş verənlər müzakirə olunub, atılacaq addımlar barədə təkliflər səsləndirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edərək Fələstində dinc əhaliyə qarşı törədilmiş qətliamı pisləyib və Fələstinə qarşı dəstək verməyə davam edəcəklərini bildirib: "Fələstin məsələsinin həlli üçün əlimizi daşın altına qoymalıyıq. Bir olmalı və başqa ölkələrin ABŞ nümunəsini təqib etmələrinin qarşısını almalıyıq. ABŞ-ın addımı Yaxın Şərqdə sülh prosesini məhv edib. Amerikanın öz səfirliyini Qüdsə köçürməsi böyük bir provokasiyadır. İsrailin işğal və zorakılıq siyasətinə son qoyulmasının vaxtı çatıb. İsrailin dünya qarşısında hesab verməsini təmin etməliyik. Fələstinli qardaşlarımıza iqtisadi olaraq da dəstək verməliyik”.
Milyonlar "Yeniqapı”da bir araya gəldi...
Dünən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin də iştirakı ilə İstanbulun Yeniqapı sahəsində "Zülmə lənət, Qüdsə dəstək”şüarı ilə mitinq keçirilib. Mitinq meydanına gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ərəb ölkələrinin rəhbərləri böyük coşqu ilə qarşılanıblar. Mitinqdə həmçinin, baş nazir Binəli Yıldırım, Fələstinin baş naziri Rami əl-Hamdallah, MHP lideri Dövlət Baxçalı da iştirak ediblər. Çıxışlardan əvvəl Fələstində son hadisələr zamanı İsrail əsgərləri tərəfindən öldürülən insanların ruhuna "Qurani-Kərim” oxunub. İnsanlar şüarlar səsləndirərək ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsinə və Qəzzada baş vermiş qətliama etiraz bildiriblər.
"Qatillər dünyada hökmranlıq edə bilməz”
Mitinqdə çıxış edən baş nazir Binəli Yıldırım İsrailin zülmünü lənətləmək üçün müsəlman dünyasının bir araya gəldiyini deyib: "Zülm qarşısında ölkəmizin mövqeyini dünyaya elan etmək üçün bura toplaşmışıq. Qatillər dünyada hökmranlıq edə bilməz. İnsanlıqdan nəsibləri olmayanlar yenə səhnəyə çıxıblar. Fələstin torpaqları bir daha qana boyanıb. ABŞ isə minlərlə müsəlmanın qətliamını zövqlə seyr edir. Çox riskli bir addım ataraq səfirliyini Qüdsə köçürən Amerika Fələstində törədilən zülmə ortaq oldu. Beynəlxalq hüquq pozuldu. Dünya susduqca, İsrail azğınlaşdı.
Fələstin baş naziri: "Buradan dünyaya səslənirəm”
Fələstin baş naziri Rami Hamdallah bildirib ki, tarixdə olduğu kimi, bu gün də Türkiyə himayədar funksiyasını cəsarətlə yerinə yetirir: "ABŞ Prezidenti Tramp ciddi yanlışa yol verib. Səfirliyi Qüdsə köçürmək onlara lənət gətirəcək. Amerikalılar Qüdsün tarixindən xəbərsizdirlər. Dünya var olduqca Qüds müsəlmanların olacaq. ABŞ-ın hərəkətləri konkret şəkildə təxribatdır. Ona görə də hamımız Trampın qərarını pisləyirik və onu geri addım atmağa səsləyirik”.
"Zülm heç vaxt yerdə qalmaz”
MHP başqanı Dövlət Baxçalı isə deyib ki, həqiqi müsəlmanlar susaraq dilsiz şeytan olmayacaqlar: "Qüds imanımızdır, namusumuzdur. Onu əlimizdən ala bilməzlər. ABŞ yanğına körüklə gedir. Bölgə barıt çəlləyini xatırladır. Siyonizmin fəaliyyəti, Trampın sərsəm qərarı və Netanyahunun cani siyasəti zəhərli meyvəsini verməkdədir. 14 may günü terrorçu dövlət İsrailin qaranlıq üzünün ortaya çıxmasıdır. İsrail uşaq qatilidir, günahsız insanlara atəş açacaq qədər qudurğandır. Tramp da yəhudi lobbisinin maşasına çevrilib, onlara dəstək verir. Hər kəs bilsin ki, qan tökənlərin qanı töküləcək. Zülm heç vaxt yerdə qalmaz. Hardadır Səudiyyə Ərəbistanı, hardadır Misir? Bəsit ismarıclarla məsələnin üstünü örtməyə çalışırlar. Qorxaqlıq onların qanına işləyib. Hamısına lənət olsun”.
İsmayıl