Azərbaycan ermənilərin cavabını Naxçıvan ərazisindən də verə bilər
Ermənistan hərbi birləşmələrinin Naxçıvanla sərhəddə törətdiyi təxribat bir neçə məqsəd güdür. Ekspertlərə görə, Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu yerləşir və bu ordu ən müasir hərbi texnika, silah-sursatla təmin olunub.
Naxçıvanın strateji mövqeyi Ermənistanın hava və quru məkanına tam nəzarət etmək imkanı verir. Silahlı Qüvvələrimizin arsenalında olan hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisində, o cümlədən paytaxt İrəvanda yerləşən istənilən hərbi təyinatlı obyekti sıradan çıxarmaq iqtidarındadır. Naxçıvan şəhərindən İrəvana olan hava məsafəsi 132 km, sərhəddəki yüksəkliklərdən isə təxminən 60-65 km təşkil edir. Bunu nəzərə alsaq, Azərbaycanın muxtar respublikadakı hərbi potensialından Ermənistanın nə üçün ciddi narahatlıq keçirdiyini müəyyənləşdirmək olar. Naxçıvanda mütəmadi olaraq keçirilən hərbi təlimlər, yeni hərbi təyinatlı obyektlərin inşası da ermənilərin bu narahatlığını daha da artırır. Prezidentin Naxçıvana səfərindən dərhal sonra Ermənistanın xarici işlər və müdafiə nazirinin Naxçıvanla sərhəddə yerləşən ərazilərə gəlişi də bu narahatlıqla bağlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dövlət başçısının Naxçıvanda səsləndirdiyi bəyanatlar Ermənistandakı gərginliyi xeyli artırıb. Təxribatın həyata keçirilməsində məqsəd hakimiyyətə tam sahiblənə bilməyən Paşinyanın diqqəti daxili proseslərdən yayındırmaq niyyəti də ola bilər. Ola bilsin ki, Paşinyan xarici təhlükədən daxildəki prosesləri sabitləşdirmək üçün yararlanmaq fikrindədir. Təxribatın həyata keçirilməsində başqa məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətinin baş verənlərə yönləndirilməsi də ola bilər. Mümkündür ki, təxribat nəticəsində qarşıdurma baş versin və qarşıdurma Ermənistanla sərhəddə baş verdiyi üçün KTMT-yə müraciət olunsun. Təşkilatın baş verənlərə reaksiya verməyəcəyi təqdirdə isə Paşinyan qurumla münasibətlərə yenidən baxılması məsələsini gündəmə gətirsin.
Düşmənin sonuncu təxribatını "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Naxçıvan strateji mövqeyinə görə, Ermənistanın Qafan, Gorus, Sisyan, Mehri, Əzizbəyov rayonlarına həm də məsafəcə yaxındır. Ekspertin sözlərinə görə, Laçın dəhlizinə, Dağlıq Qarabağa gedən yollar Naxçıvanın alt istiqamətindən keçir:
"Əgər Naxçıvandan ağır artilleriya atəşi açılacaqsa, istər-istəməz Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqələr mütləq dayanacaq. Bu mənada Dağlıq Qarabağın azad olunmasında Naxçıvanın çox böyük önəmi və strateji mövqeyi var. Azərbaycan ermənilərin cavabını Naxçıvan ərazisindən də verə bilər”.
Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Naxçıvan istiqamətində təxribat törədən Ermənistan Türkiyəni Qars müqaviləsinin şərtlərinə uyğun olaraq müharibəyə qoşmaq istəyir:
"Naxçıvanı müdafiə etmək məcburiyyətində qalan Türkiyənin hərbi qüvvələri əməliyyat zamanı Ermənistan ərazisinə daxil olacaq və bu zaman Rusiya müttəfiqlik öhdəliyini yerinə yetirəcək. Nəticədə Türkiyəyə qarşı müharibəyə başlayacaq. Ən nəhayət, Rusiya-NATO səviyyəsində müharibəyə çevriləcək”.
Siyasi ekspert Araz Aslanlı da hesab edir ki, son zamanlar baş verən təxribatların məqsədi diqqəti daxili proseslərdən yayındırmaq və Azərbaycanı provokasiyaya çəkməkdir:
"Ermənistan başa düşür ki, böyük təxribata əl atsa, Azərbaycanın cavab addımı 2016-cı ilin aprelindəkindən də böyük olacaq. Amma öz aləmlərində Azərbaycanı provokasiyaya çəkməkdən yayınmırlar. Məlumdur ki, erməni lobbisi Qərb dövlətlərində daha güclü mövqeyə malikdir. Doğrudur, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra diaspora və lobbisinin güclənməsi istiqamətində xeyli işlər görülür. Amma ermənilərin bu sahədə daha böyük təcrübəsi və resursları var. Ona görə də belə provokasiyalardan sonra ermənilər dünyanın müxtəlif ölkələrindəki media qurumlarında Azərbaycan əleyhinə materiallar yayaraq, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. Baş verəcək hadisələrdən Azərbaycanın imicinə zərbə endirmək üçün istifadə etmək istəyirlər. Məhz cəbhədəki təxribatların bir istiqaməti də bu amala xidmət edir”.
İsmayıl