"Düşmənin Naxçıvan istiqamətində təxribat törətməsi, atəşkəsi pozması təsadüfi deyil”.
Bunu "Sherg.az”a ermənilərin Naxçıvan istiqamətindən Azərbaycan ordusuna qarşı təxribat törətməsindən danışarkən politoloq "Atlas"Araşdırmalar Mərkəzinin sərdi Elxan Şahinoğlu söyləyib.
O bildirib ki, illərdir, Naxçıvan istiqamətində atəşkəsə riayət edilməsi təxribatın təsadüfi olmadığını açıqlayır:"Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Naxçıvanda oldu və hərbi hissələri ziyarəti zamanı Ermənistana sərt mesajlarını ünvanladı. Artıq bundan sonra, Ermənistan güc nazirləri Naxçıvanla sərhədə gəldi, baxış keçirdilər. Həmin ərəfədə cəbhədə atəşkəsin pozulması göstərir ki, ermənilər bizə "mesaj” göndərmək istəyiblər. Düşmənin bu cəhdi yenə uğursuz oldu və dərhal cavab atəşi açıldı”.
E.Şahinoğlu bu təxribatın Nikol Paşinyanın nazir olmasından sonra ilk həmlə olduğunu xatırladıb:
"Planlaşdırılmış hücum onu göstərir ki, Ermənistanın Qarabağ siyasətində dəyişən heç nə yoxdur. Hakimiyyət dəyişsə də, münaqişə əvvəlki kimi davam etdirilir. Deməli, cəbhə bölgəsində təzyiqi artırmalıyıq. Vaxtilə, müdafiə naziri Zakir Həsənovun dediyi kimi, bir şəhidimizin qarşılığında onlarla düşmən hərbçisi məhv edilməlidir”.
Qeyd edək ki, ayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Aysel Aslan