“Şagirdlərin fərdi olaraq hazırlaşmaq üçün müəllim yanına getməsi əvvəlki zamanlarda da bu və ya başqa səviyyədə olub, indi var və görünür, gələcəkdə də olacaq”
“Düşük şoular kimə və nəyə lazımdır!?” - MÜSAHİBƏ
Musa Qasımlı: “Televiziya proqramları hazırlayanda məsuliyyətli olmalıdırlar”
“Şagirdlərin fərdi olaraq hazırlaşmaq üçün müəllim yanına getməsi əvvəlki zamanlarda da bu və ya başqa səviyyədə olub, indi var və görünür, gələcəkdə də olacaq”
“Şagirdlərin fərdi olaraq hazırlaşmaq üçün müəllim yanına getməsi əvvəlki zamanlarda da bu və ya başqa səviyyədə olub, indi var və görünür, gələcəkdə də olacaq”
Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlının "Sherg.az”a müsahibəsini təqdim edirik.
- Televiziyalarla bağlı da çoxsaylı etirazlar, giley-güzar var. Ziyalılar etiraz edirlər ki, televiziyalar yalnız şou proqramlardan ibarətdir, çox az hallarda ziyalıları dəvət edirlər. Ziyalılar efirlərdə görünmür və ya efirlər ziyalıların üzünə bağlıdır. Axı, ziyalı cəmiyyətin vicdanıdır. Azərbaycanda isə az qala insanların zövqünü ziyalılar deyil, şou nümayəndələri formalaşdırır ki, bu da... Sizcə, bu hal nə ilə nəticələnə bilər?
- Televiziya işi həm böyük zəhmət tələb edən fəaliyyət sahəsi, ağır proses, həm də nəticədir. Bildiyiniz kimi, dünyanın heç bir inkişaf etmiş ölkəsində ideal və tənqiddənkənar televiziya kanalı yoxdur.
Ölkəmizin televiziyaları böyük inkişaf yolu keçiblər. Yüksək səviyyəli televiziya mütəxəssisləri yetişib. Bir neçə televiziya kanalının mövcudluğu, senzuranın olmaması ölkəmizdə demokratiyanın, söz, mətbuat azadlığının, fikir müxtəlifliyinin konkret göstəricisidir. Hesab edirəm ki, inkişafın təməlində dayanan amillərdən biri də məhz fikir müxtəlifliyidir. Hamı eyni cür, tək qəlibdə düşünə bilməz. Ona görə də ölkəmizin televiziya məkanındakı bəzi televiziya proqramlarının tənqid edilməsini normal qarşılamaq lazımdır. Bu tənqidlər televiziyaların işinin daha yaxşı olması istəyi, etimaddan doğan gözləntilərlə bağlıdır. Tənqid edənlər televiziya proqramlarının daha yaxşı olmasını istəyir və bunu gözləyirlər.
Dövlətin kütləvi informasiya vasitələri üçün yaratdığı əlverişli şəraitdən sui-istifadə etmək lazım deyil. Televiziyaların bir sıra vacib funksiyaları var: xəbər vermək, maarifləndirici proqramlar təşkil etmək, əyləncə, reklam və s. Efir saatını doldurmaq üçün düşük şoular vermək kimə və nəyə lazımdır? Axı, cəmiyyətin tələbatı belə şoulara deyil. Tamaşaçılar onlara baxmır. Televiziyalar hər hansı bir toplumu istədiyi şəklə sala bildiyindən, hesab edirəm ki, belə proqramları hazırlayanlar da ciddi düşünməli, məsuliyyətli olmalıdırlar.
- Ölkənin tibb sahəsi ilə bağlı narazılıqlar çoxdur. İllərdir bu sahələrlə bağlı islahatların aparıldığı deyilir, amma səmərəli nəticə müşahidə olunmur. Ən yüngül əməliyyatlar ölümlə nəticələnir...
- Cənab Prezidentimiz İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikilib, təmir olunub və həmin iş bu gün də davam etdirilir. Həkimlərimizin heç də hamısını bir tərəziyə qoymaq və pis demək qətiyyən doğru yanaşma deyil. Sadəcə, cərrahiyyə əməliyyatını bacarmayan həkim bu işə girişib insanları, ailələri bədbəxt etməməlidir. Yaxşı həkimlərimiz var. Məsələn, bir neçə il əvvəl vətəndaşlarımız ürək əməliyyatları üçün xarici ölkələrə gedirdilər. Onlarla bərabər maliyyə vəsaitləri də xaricə axırdı, ailələri isə narahat qalırdı. Cənab Prezidentimizin açdığı Bakı Ürək Mərkəzinin fəaliyyəti nəticəsində vəziyyət xeyli dəyişib. Bu Mərkəz minlərlə insanın əziyyətinə son qoyub. İndi müayinə və cərrahiyə əməliyyatı olunmaq üçün hətta bəzi xarici ölkə vətəndaşları ölkəmizə gəlirlər. Hesab edirəm ki, Mərkəzin işi bütün səhiyyə sistemi üçün bir örnəkdir və ondan öyrəniləsi şeylər var.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yetirmələrinin də ölkəmizin səhiyyə sisteminə fayda verəcəyinə inanıram.
- Azərbaycanın təhsil həyatında da çoxsaylı paradokslar mövcuddur. Təhsil məktəbdə deyil, ayrı-ayrı evlərdə verilir. Təhsili, tədrisi ayrı-ayrı evlərdən məktəblərə qaytarmaq o qədərmi çətindir? Bu barədə qısa da olsa düşüncələriniz maraqlıdır.
- Bütün ölkələrdə olduğu kimi, bizdə də təhsil sistemi bir neçə təməl üstündə dayanır: maddi-texniki baza, kadrlar, sosial məsələlərin həlli və s. Maddi-texniki baza sarıdan ölkəmizin təhsil sistemində problemlər demək olar ki, həll olunub. Həm dövlət xətti, həm də Heydər Əliyev Fondunun vasitəsi ilə minlərlə müasir məktəb, hətta ən ucqar dağ kəndlərində tikilib, ən yaxşı avadanlıqlarla təchiz edilib, istifadəyə verilib. Keyfiyyəti haqqında mübahisələr etmək mümkün olsa da, dərsliklərimiz var. Dövlət sosial məsələlərin həllini də imkanlara uyğun olaraq ardıcıllıqla həll edir. Lakin kadr məsələlərində problemlərin olduğunu hamı görür. Axı, bizim bir çoxumuz indiki kimi təchiz olunmuş yaxşı məktəblərdə təhsil almamışıq. Döşəməsi dağılmış, qışda soyuqdan üşüdüyümüz məktəblərdə müəllimlərimiz bizə yaxşı dərs veriblər. Lakin təəssüf olsun ki, bu gün ən yaxşı binaları və təchizatı olan məktəblərdə bir çox hallarda yaxşı, keyfiyyətli dərslər keçirilmir. Bunun da səbəbi sadədir. Hesab edirəm ki, əgər məktəb direktoru, müavinləri əsl müəllimdirlərsə, yerindədirlərsə, məktəbə bağlıdırlarsa, onda həmin məktəbdə dərsin də keyfiyyəti yaxşı olacaq. Əgər təhsil şöbəsinin müdiri aylarla məktəbə baş çəkmirsə, o zaman tədris prosesinin yaxşı təşkilindən, nizam-intizamdan və verilən dərsin keyfiyyətindən necə danışmaq olar? Ona görə də hər şeyi kadrların həll etdiyi qənaətindəyəm.
Şagirdlərin fərdi olaraq hazırlaşmaq üçün müəllim yanına getməsi əvvəlki zamanlarda da bu və ya başqa səviyyədə olub, indi var və görünür, gələcəkdə də olacaq. Onun qarşısını inzibati yollarla almaq mümkün deyil. Məktəblərdə təhsilin keyfiyyətini artırmaqla həmin prosesin səviyyəsini azaltmaq olar. Bu, təhsil sisteminə rəhbərlik edən və orda çalışan şəxslərin işə can yandırmalarından, peşəkarlığından asılıdır. Təhsildən kənar olan şəxslərin yalnız diplomu olduğu üçün təhsil sistemində işləmələrinin ümumi işimizə fayda vermədiyini hamı görür.
- Son zamanlar Azərbaycanın tarixi və ədəbi şəxsiyyətləri ilə bağlı qarayaxma xarakterli kampaniyalar aparılır. Bu barədə Sizin də parlamentdə çıxışınız oldu. Təsəvvür edin ki, bizim tarixi və ədəbi şəxsiyyətlərimizi, böyük ədiblərimizi ermənilər də təkzib edirlər, öz azərbaycanlılarımız da. Sizcə, öz şəxsiyyətlərimizi ləkələməklə hara gedirik?
- Millətimizin böyük, zəngin və şərəfli tarixi var. Azərbaycan xalqı dövlətqurucu və dünya mədəniyyəti yaradan xalqdır. Azərbaycan tarixinə və xalqımızın yetişdirdiyi şəxsiyyətlərə böhtan atılmasının səbəbləri və məqsədləri dərindən araşdırılmalıdır. İstənilən tək, vahid bir xalqı ayırıb yadlaşdırmağın, qarşı-qarşıya qoymağın, dövləti zəiflətməyin, ölkəni parçalamağın yollarından biri milli kimliyin böhranını yaratmaqdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində şəxsiyyət vəsiqələrindəki milli mənsubiyyət ifadəsi düzgün olaraq götürüldü, "Azərbaycan Respublikasının vətəndaşı” yazıldı. O deyirdi ki, mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam. "Millət, milli” ifadələri dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi, bizdə də dövlət, siyasi anlam daşıyır. Konstitusiyamıza ümumxalq rəy sorğusu ilə edilən düzəlişlərdə də bu məsələ doğru olaraq öz əksini tapıb. Ancaq bu gün bir sıra televiziya kanallarında və sosial şəbəkələrdə Azərbaycan konstitusiyasının bu tələbləri kobud surətdə pozulur, xalqımızın və dövlətimizin birliyini, vahidliyini bilərəkdən və ya qəsdən dağıtmaq üçün cəhdlər edilir, Azərbaycan xalqının şərəfli tarixi, tarixi şəxsiyyətləri, zəngin mədəniyyəti üzərinə ya bilərəkdən, ya da cahillikdən kölgə düşürülür. Soruşulur: Babək, Nizami, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Həzi Aslanov, Səməd Vurğun, Kərim Kərimov və başqa şəxsiyyətlərin kimliyinin şübhə altına alınmasında, süni şəkildə digər məsələlərin edilməsində məqsəd nədir və bütün bunları kimlər edir? Buna televiziya proqramlarında və sosial şəbəkələrdə necə cürət edə bilirlər? İstər qəsdən, istərsə də cahillikdən olsun, bütün bunların hamısı Azərbaycana düşmən kəsilən qüvvələrin ölkəmizə qarşı məkrli planlarının həyata keçirilməsinə, milli kimlikdə şübhələr və böhran yaradılmasına, insanların, xüsusən gənclərin şərəfli tariximizdən və mədəniyyətimizdən uzaqlaşdırılmasına xidmət edir, milli və dövlət birliyimizə qarşı yönəlib. Bu dəyərlərimizə əl uzadanlar demək istəyirlər ki, guya, Azərbaycan xalqı qəhrəmanlar, böyük dövlət və siyasi xadimlər yetişdirə bilməz, tarixi və mədəniyyəti yoxdur, bu ərazilərdə yerli, aborigen, dövlət qurucu deyil. İndi siz özünüz deyin: bütün bunların edilməsində məqsəd nədir? Edilənlər Azərbaycana düşmən olan ölkələrin və mərkəzlərin söylədikləri yalanlar ilə üst-üstə düşmürmü? Belə olduqda dövlətimizin qanunlarının tətbiq edilməsinə ehtiyac yaranmırmı?
- 2017-ci ölkənin ictimai-siyasi həyatı üçün nə ilə yadda qaldı və 2018-ci ildən məxsusi olaraq Dağlıq Qarabağ münaqişəsinə dair gözləntiləriniz nədir? Münaqişənin həlli nədən keçir və bu yöndə təklifləriniz varmı?
- Hesab edirəm ki, ötən ildə cənab Prezidentimizin rəhbərliyi altında yürüdülən siyasət nəticəsində dövlətimizin beynəlxalq mövqeləri daha da gücləndi və nüfuzu artdı. Keçirilən İslam həmrəyliyi ili çərçivəsində dünyaya bir sıra mühüm mesajlar verildi. Ölkə daxilində islahatların aparılması davam etdirildi.
Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəmizdə ilk növbədə sabitlik davam etdirilməli, milli birliyimiz, dövlətimiz daha da güclü olmalı, əlverişli regional və beynəlxalq şərait yaranmalıdır.
- Musa müəllim, bir az da İrandakı iğtişaşlardan danışaq. Cənub qonşumuzdakı iğtişaş nədən qaynaqlanır? Tarixə nəzərə salanda görürük ki, hər 40-50 ildən bir İranda inqilablar olur. Sizcə, bu hadisələri inqilab adlandırmaq mümkündürmü və son hadisələr İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
- İranda baş verən hadisələr onun daxili işidir. Bu ölkədə anarxiya, xaosun və vətəndaş müharibəsinin olmasının Azərbaycana geniş mənada faydası yoxdur. Bu fikri təhlil etməyə lüzum görmürəm. Sadəcə onu deyim ki, qonşunun evində yanğın olanda digər qonşular öz evlərində rahat otura bilməzlər. İranda təqribən 35 milyon nəfər azərbaycanlı tarixi torpaqlarımızda yaşayır. Qarışıqlıq nəticəsində bir neçə min qaçqının ölkəmizə keçməsi çoxlu ağır problemlər yaradar. Hesab edirəm ki, İranda hansı rejimin olması bu xalqın öz işidir. İndiki rejimin mövcudluğunun və məlum dövlətlərlə gərgin münasibətlərinin qonşulara, bizə faydasının, yoxsa zərərinin olub-olmaması məsələsi də strateji baxımdan dərindən təhlil edilməlidir. Bu barədə də geniş danışmaq istəməzdim. Məncə, dərin təhlilçilərə hər şey yaxşı aydındır.
Heç bir ölkə, cəmiyyət inqilabdan, xaosdan qazanmır, əksinə, itirir. Çünki inqilab həmişə əksinqilab yaradır. Qalib gələn məğlub olanı əzmək, sıradan çıxarmaq üçün çalışır. Bu isə vətəndaş qarşıdurmasına, qan tökülməsinə və fəlakətə gətirir. Ona görə də peşəkar tarixçi olaraq mən həmişə qarışıqlığın əleyhinə, cəmiyyətin dinc, islahatlar yolu ilə inkişafının tərəfdarı olmuşam.
İrandakı rejimlə düşmən olan bəzi dövlətlər bu ölkənin daxili işlərinə demokratiya, insan haqları adı altında qarışmağı bundan sonra da davam etdirəcəklər. İran rəsmilərinin baş verən proseslərdə bilavasitə Ermənistanın və onun vasitəsi ilə digərlərinin də iştirakını araşdıraraq real vəziyyəti ortaya çıxarması da yaxşı olardı. O zaman Ermənistana münasibət inanıram ki, indiki kimi olmayacaq.
- Musa müəllim, 2018-ci illə bağlı xalqımıza arzularınız...
- Xalqımıza ən xoş günlər arzulayıram. Qoy, yeni ildə dövlətimiz daha da güclü olsun, xalqımız firavan yaşasın, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə edək.
Söhbətləşdi: Ayyət Əhməd