Düşünülmüş siyasət, güclü iradə və Azərbaycan-Türkiyə qardaşlığı...
“Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”
"TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”. Bunu ötən gün TANAP-ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılıb və tədbirlər keçirilib. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmayıb:
"Belə olan halda Türkiyə ilə qərara gələrək, yeni bir layihəni irəli sürdük və bunun adını TANAP qoyduq. Anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzalamışıq. Bu illər ərzində böyük işlər gördük”. Ölkə rəhbəri bəyan edib ki, TANAP layihəsinin icrası həm texniki, həm də maliyyə cəhətdən çox mürəkkəb bir iş olsa da, çox böyük müvəffəqiyyətlə icra edilib: "TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Layihə yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”. Prezident bildirib ki, həyata keçirilən layihələrin arxasında düşünülmüş siyasət və güclü iradə dayanır: "Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini açdıq. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırdıq. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etdik. Tarixi gündə yenə birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.
Dövlət başçısının xüsusilə diqqət çəkdiyi TANAP ölkənin iqtisadçı-ekspertləri tərəfindən də yüksək dəyərləndirilir. İqtisadçı-alim Vüqar Bayramovun dediyinə görə, strateji əhəmiyyəti ilə yanaşı, Cənub Qaz Dəhlizinin icrası sayəsində Azərbaycan mövcud qiymətlərlə 150 milyard dollara yaxın gəlir əldə edəcək: "Bu baxımdan, TANAP-ın açılması Azərbaycan üçün həm də iqtisadi nöqteyi-nəzərdən çox vacib layihədir. TAP-a İtaliyada yaradılan problemlər müəyyən vaxt itkisinə səbəb ola bilər, lakin kəmərin çəkilişinin qarşısını ala bilməz. Çünki bu layihə üçün siyasi qərar ən yüksək səviyyədə verilib”. V.Bayramov qeyd edib ki, layihə ölkəmizin dövlət gəlirlərinin artırılması və stabil dövlət gəlirlərinin olması baxımından vacibdir:
"Əsrin kontrakt”ı 2050-ci ilə qədər uzadılıb və bu, Azərbaycana illik 7 milyard dollarlıq gəlirin gəlməsi deməkdir. TANAP-ın istifadəyə verilməsi isə dövlət gəlirlərimizin illik 12 milyard dollaradək artmasına imkan verəcək. TANAP-ın işə düşməsilə Azərbaycanın regionda strateji və iqtisadi baxımdan mövqeyi möhkəmlənəcək ki, bu baxımdan da layihə ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Nəticədə regional məsələlərdə Azərbaycan öz mövqeyini qoruyub saxlayacaq. TANAP həmçinin Türkiyə və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.
Layihə regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması deməkdir”. Həmsöhbətimizin fikrincə, TANAP layihəsini gələcək perspektivdə başqa istiqamətlər, Macarıstana doğru da genişləndirmək mümkün olacaq: "Layihənin növbəti mərhələdə məhz Şərqi Avropaya doğru genişləndirilməsi nəzərdə tutulur. Gələcək perspektivdə sözügedən layihə Bolqarıstan, ardınca Şərqi Avropanın digər ölkələri, o cümlədən Macarıstanın da həmin kəmərdən mavi qaz almasına gətirib çıxara bilər. Yəni TANAP yalnız Yunanıstan, Albaniya, Cənubi Avropa deyil, eyni zamanda, Şərqi Avropanın da mavi qazla təminatında aparıcı mövqeyə malik ola bilər”.
İqtisadçı-ekspert Pərviz Heydərov da bəyan edib ki, Cənub Qaz Dəhlizi və TANAP Azərbaycanı tranzit ölkəyə çevirir. Onun sözlərinə görə, layihələrin həyata keçməsi ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə bağlıdır: "Belə beynəlxalq layihələrin təşkil olunması, çəkilişi, onlara lazımi investisiyaların qoyulması siyasi və iqtisadi cəhətdən çox böyük güc tələb edir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini irəli sürəndə dünyanın aparıcı ölkələri daxil olmaqla əksər ölkələr buna qeyri-real yanaşdı.
Onlar deyirdilər ki, Azərbaycanda bu layihəni həyata keçirəcək nə təbii ehtiyat, nə də iqtisadi güc var. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin yetərli olacağını və bu layihəyə ehtiyac olmadığını bildirirdilər. Amma Azərbaycanın ümummilli lideri Heydər Əliyev "Əsrin Müqaviləsi”ndə iradə göstərərək, Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirdi. Sonradan bu layihə özünü doğrultdu.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin yenisini təşkil edən Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropa və Türkiyə bazarlarına çıxardı. "Şahdəniz” yatağından Azərbaycan qazının Avropa və digər ölkələrin bazarlarına çıxarılması üçün TANAP layihəsinin ideyası Azərbaycan tərəfindən irəli sürüldü. Bu layihənin reallaşması üçün yenə Azərbaycan tərəfi böyük iradə nümayiş etdirdi. Beləliklə, TANAP meydana gəldi və bunun üzərində müvafiq işlər başladı. Bütövlükdə bütün layihələrə 40 milyard dollar vəsait investisiya cəlb olundu. Bunun da əsas hissəsini məhz Azərbaycan qoydu. Bu da Azərbaycan dövlətinin əhəmiyyətli layihələrin təşəbbüskarı olmasını və onun həyata keçməsinə böyük səy göstərməsini sübuta yetirir”.
İsmayıl