Əcnəbi valideynlər övladına görə cərimələnirmi?

Türk, ukraynalı və ingilis 100 manatlıq cəzadan danışdı


Volkan Sənəmoğlu: "Uşaq məktəbə getməzsə,10 gündən artıq dərsdən qalarsa, həmin il sinifdə saxlanılır”

Dmitri Kupinov: "Fransada əvvəllər buna oxşar qanun mövcud idi”

Aya Lahlou: "Heç kim dərsə gəlmək məcburiyyətində deyil”


Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynləri cərimələnəcəklər. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulur. Məcəlləyə təklif olunan dəyişiklik bir müddət öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Sözügedən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq edilir. Əlbəttə, bu məsələ ölkə ictimaiyyətində əməlli -başlı rezonans doğurdu. Valideynlərlə yanaşı, təhsil ekspertləri də qərara etiraz etdilər və bunun səmərə verməyəcəyini söylədilər. Bu narazılıqları nəzərə alıb "Sizin ölkənizdə də valideynlər övladlarının dərsdən qalmasına görə cərimələnirmi” sualı ilə əcnəbi təhsil ekspertlərinə müraciət etdik. Türkiyədən olan ekspert Volkan Sənəmoğlu qeyd etdi ki, onlarda belə bir qərar yoxdur: "Uşaq məktəbə getməzsə,10 gündən artıq dərsdən qalarsa, həmin il sinifdə saxlanılır, növbəti sinifə keçmir. Amma pul cəzası deyilən bir şey yoxdur”.

Ukrayna mənşəli fransız ekspert Dmitri Kupinov isə deyib ki, Fransada əvvəllər buna oxşar qanun mövcud idi: "Bu qərar ailələrin maddi vəziyyətinə uyğunlaşdırılmışdı. Sonradan həmin qanun işləmədi. Bununla belə hesab edirəm ki, Azərbaycanın qəbul etdiyi qərar çox önəmlidir və bu, istedadlı nəslin yetişməsinə öz töhfəsini verə bilər. Ümid edirəm ki, hər şey olduğu kimi tətbiq olunacaq”.

İngilis ekspert Aya Lahlou da qeyd edib ki, onlarda da belə qanun yoxdur: "Heç kim dərsə gəlmək məcburiyyətində deyil. Çoxu bütün dərslərini evində internet vasitəsilə öyrənir. Həm də ki, kimsə dərsə gəlmək istəmirsə, onu zorən dərsə gətirmək olmaz. O məktəbli dərsdə iştirak etsə də, çox passiv olacaq. Hər kəs öz sevdiyi peşəni seçməlidir. Məcburi bir şey yoxdur”.

Ayyət Əhməd