Əcnəbilər seçkilərdən razı qalıb

Beynəlxalq müşahidəçilər məntəqələri gəziblər, qanun pozuntusuna rast gəlməyiblər

Dünən Azərbaycan Respublikasında Milli Məclisə 5-ci çağırış seçkilər keçirilib. Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
"Azərbaycanın seçki təcrübəsindən çox ölkələrin yararlanmasını istərdim”
23 saylı Səbail seçki dairəsinin 28-ci məntəqəsində seçkiləri müşahidə etmiş İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi qrupunun rəhbəri Səfif Həbib Kabaşi 1 noyabr Parlament seçkilərinə hələ bir müddət əvvəl Azərbaycanda olub prosesi yaxından izlədiklərini və seçkilərin normal, beynəlxalq hüquq normaları əsasında təşkil olunduğunu bildirib: "Azərbaycan xalqından isti münasibət gördük. Aktivlik-fəallıq onu deməyə əsas verir ki, əhali öz taleyinə biganə deyil. Seçki günü də insanların azad şəkildə öz iradələrini ifadə etdiyini müşahidə etdik. Azərbaycanın bu seçki təcrübəsindən çox ölkələrin yararlanmasını istərdim”.
"Seçkilərdə müsbət atmosfer müşahidə olunur, heç bir çatışmazlıqla qarşılaşmamışıq”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla deyib ki, seçkilərdə müsbət atmosfer müşahidə olunub və heç bir çatışmazlıqla qarşılaşmayıb. AŞ PA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışıblar: "Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.
"Heç bir qanun pozuntusu qeydə alınmayıb”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının üzvü Maykl Saymes isə hesab edir ki, seçki prosesinin təşkilində hər şey normaldır: "Mən ikinci dəfədir Azərbaycanda seçki prosesini müşahidə edirəm. İlk müşahidəmdən bu günə qədər xeyli müsbət dəyişiklik baş verib”.
M.Saymes müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmadığını vurğulayıb.
"Seçkilərdə neqativ hallar müşahidə olunmayıb”
ABŞ-dan olan müstəqil müşahidəçi, Kaliforniyadan olan sabiq konqresmen Co Baka da deyib ki, Azərbaycanda parlament seçkilərində mənfi hal qeydə alınmayıb: "Vətəndaşlar səsvermə prosesində aktiv iştirak ediblər. Bu da sevindiricidir. Bəziləri səsverməyə hətta kiçik yaşlı uşaqları ilə gəlirdilər ki, bu isə öz növbəsində müsbət haldır. Çünki artıq kiçik yaşlarından insanlar seçki prosesinin vacib olduğunu anlayırlar”. C.Baka 8 seçki məntəqəsində seçki prosesini izləyib.
"Azərbaycanda seçkilər çox şəffaf keçir”
ABŞ-dan olan müstəqil müşahidəçi, Texas ştatının konqresmeni Solomon Ortiz də parlament seçkilərinin gedişatından məmnun olduğunu bəyan edib: "Mən artıq burada müşahidəçi kimi ikinci dəfədir ki, oluram. Azərbaycanın seçkilərin keçirilməsinə olan münasibətindən məmnunam. Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var”.
S.Ortiz qeyd edib ki, artıq səhər saatlarından seçicilərin fəallığı daha çox müşahidə olunub: "Çox vətəndaş bazar günü səhər saatlarında məntəqəyə gəlir. Səhər saatlarında parlament seçkilərinə gələn seçicilərin sayı ABŞ-la müqayisədə daha çoxdur. Bu, demokratiyaya doğru yolda göstəricidir”.
Qeyd edək ki S.Ortiz 4 seçki məntəqəsində olub.
"Azərbaycanda seçki prosesi ABŞ üçün nümunə ola bilər”
Azərbaycanda seçkilər prosesi müəyyən aspektlərdə ABŞ üçün nümunə ola bilər. "Tool Shed Group”un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Katsın sözlərinə görə, bura səsverməyədək şəxsiyyətin eyniləşdirilməsi və təkrar səsvermə hallarının qarşısının alınması da daxildir.
C.Kats qeyd edib ki, seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil edilib: "Seçki komissiyalarının üzvləri yaxşı hazırlıq keçiblər və çox səmərəli işləyirlər. Müxtəlif məntəqələrdə seçki prosesini diqqətlə müşahidə etdim və amerikalı kimi çox heyrətləndim. Ümumilikdə bu seçkilər azad, yaxşı təşkil edilmiş prosesdir”.
"Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq”
19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqələrində olan beynəlxalq müşahidəçilər - Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin qeyd edib və seçkilərin gedişindən razı olduqlarını bildiriblər. Ervin Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk ediblər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir: "Biz insanların seçki 
məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədi dəstəkləmək üçün məntəqələrə gəlirdilər”.
Yasril Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir: "Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq”.
"Gördüyüm seçki şəffaflığını Banqladeşdə danışacam”
Azərbaycanda keçirilən seçkiləri izləmək üçün bir sıra seçki məntəqələrində müşahidə aparan Banqladeş hakim partiyasının nümayəndəsi Abdul Martin Kasru müşahidə etdikləri prosesin olduqca ürəkaçan olduğunu qeyd edib: "Çünki insanlar xoş əhval-ruhiyyə ilə seçki məntəqələrinə gələrək namizədlərə səs verirlər. Burada müşahidə etdiklərimi mən böyük məmnunluq hissi ilə Banqladeşdə danışacam. Banqladeş parlamentinə seçkilər 300 dairə üzrə keçirilir. Bunlardan 250 nəfəri kişi, qalanı isə qadın namizədlərdir. Azərbaycanda isə tamamilə fərqlidir. İstənilən şəxs namizədliyini verə, seçilə bilər. Vətəndaşların qarşısında heç bir limit qoyulmayıb. Mən Azərbaycanda tam şəffaflıq gördüm. İnanıram ki, parlamentdə xalqın səs verdiyi namizədlər təmsil olanacaqlar”.
"Seçkilər yaxşı təşkil olunub”
MDB Parlamentlərarası Müşahidəçilər Missiyasının və Rusiya Dumasının Müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən parlament seçkisini müşahidə etməkdən imtinasını həmin təşkilatın başqalarının gözündə çöp axtarması kimi qiymətləndirdiyini vurğulayıb.
Leonid Slutski bildirib ki, seçkilər yaxşı təşkil olunub və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu çox yaxşı bilir: "Lakin okeanın o biri üzündən onlara məsləhət ediblər ki, Azərbaycandakı seçkiləri izləməyə gəlməsinlər, çünki bilirdilər ki, neqativ hal olmayacaq. Onların seçkilərdə iştirakdan imtina etməsi onu göstərir ki, bu struktur artıq əhəmiyyətini itirib və başqalarının əlində oyuncağa çevrilib”.
"Seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçirilir”
36 saylı Xətai 4-cü seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən MDB müşahidəçilər missiyasının nümayəndəsi Artem Barkov isə deyib ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçirilir. Heç bir ciddi qanun pozuntusu aşkarlanmayıb: "Hazırda 36 saylı seçki dairəsi üzrə seçki prosesini izləyirik. Artıq 6 seçki məntəqəsində olmuşuq. Heç bir ciddi qanun pozuntusu aşkarlanmayıb. Ümumilikdə, seçkinin təşkilatçılığı yüksək səviyyədədir. Bundan sonra da müşahidəni davam etdirəcəyik”.
MDB müşahidəçilər missiyasının digər nümayəndəsi Dmitri Sokolov da seçki prosesindən razılığını bildirib: "Biz bir neçə seçki məntəqəsində olmuşuq. Hər şey yaxşıdır. Günün sonuna qədər 10 seçki məntəqəsində müşahidələrimizi davam etdirəcəyik”.
Xarici müşahidəçilərin seçki təəssüratları
MDB-nin Müşahidə Missiyasının üzvü Yuri Demyanenko: "Biz digər MDB ölkələrində belə bir faktla rastlaşmamışıq. Rusiyada buna ərazi seçki komissiyaları deyilir, sizdə isə dairə seçki komissiyaları adlanır. Məhz sizin ölkədə dairə seçki komissiyalarının özünün binası var. Bu, müsbət haldır. Çünki komissiya 5 il ərzində fasiləsiz fəaliyyət göstərir və onun binasının olması da ümumi işin xeyrinə olan amildir. İnsanlar hər cür şəraiti olan binada peşəkar fəaliyyətləri ilə məşğul olurlar. Bu da seçki prosesinə müsbət təsir edir. Seçki məntəqələrində veb-kameraların quraşdırıldığını gördük. Seçki günü bu kameralar vasitəsi ilə videolar birbaşa internetdə yayımlanacaq. Yəni istənilən şəxs məntəqəyə getmədən canlı olaraq seçkinin gedişini izləyə biləcək. Yeni texnologiyaların belə formada istifadəsi seçkilərin obyektivliyi və şəffaflığı üçün çox vacib amildir. Bizə dedilər ki, hər keçirilən seçkidə veb- kameralarla təmin olunan məntəqələrin sayı artır. Hesab edirəm ki, bu düzgün yoldur”.
MDB-nin Müşahidə Missiyasının üzvü Anatoli Tabolkin isə seçki məntəqələrindəki şəxslərin təcrübəli olduqlarını bildirib: "Rusiyada bütün seçki məntəqələri də veb- kameralarla təchiz olunub. Bizim də təcrübəmizə görə, seçicilər istənilən seçki məntəqəsində seçkiləri internetdən izləyə bilər. Azərbaycanda da seçki məntəqələrində belə veb- kameraların olması şəffaflığın göstəricisidir. Amma seçkilər barədə ancaq gördüyünüzə istinad edərək fikir yürüdün. Kənardan deyilənlərə fikir verməyin”.
Aviqdor Liberman seçkiləri müşahidə edib
İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman Azərbaycandakı seçkiləri müşahidə edib. Liberman 6 məntəqədə olduğunu bildirib. O, seçkilərin sabit keçdiyini, hər hansı qanun pozuntusu müşahidə edilmədiyini vurğulayıb: "6 seçki məntəqəsində apardığım müşahidələrə əsasən, deyə bilərəm ki, seçkilər şəffaf və sabit keçirilir. Seçicilərin fəallığı müşahidə olundu”.
Xose de Venesia: "Məntəqələrdə seçici fəallığı mövcuddur”
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesia 15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və seçkilərin gedişatı ilə maraqlanıb.
Məntəqələrdə seçici fəallığını müşahidə etdiyini vurğulayan X.Venesia seçki prosesindən razılıq edərək deyib: "Səsvermə obyektiv, şəffaf, demokratiyanın tələblərinə uyğun şəkildə davam edir. Bu, bir daha göstərir ki, Azərbaycan demokratik inkişaf yoluna sadiqdir”.
Rumıniyanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Razvan Çinka da Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil edildiyini deyib: "Seçki komissiyalarının üzvləri nə etməli olduqlarını yaxşı bilirlər. Azərbaycanda təkrar səsvermənin qarşısını almaq üçün bütün tədbirlər görülür. Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Gələcəkdə Rumıniyada tətbiq etmək üçün bu təcrübəni öyrənmək istərdim”.
Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb
MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib ki, MDB-nin missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə, müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb. Onun sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: "Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrindədir, vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və iştirakçıları seçiciləri qarşılamağa hazırdırlar”. S.Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir”.
Hindistan MSK-nın üzvləri parlament seçkilərini müşahidə ediblər
33 saylı Xətai Birinci Seçki Dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində Hindistan Mərkəzi Seçki Komissiyasının üzvləri Vicay Colli və Sureş Çandra səsvermənin gedişini izləyiblər. Öz təəssüratlarını bildirən Vicay Colli Azərbaycana ilk səfəri olduğunu deyib: "Hər şeydən öncə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik etmək istərdim ki, belə şəffaf və demokratik seçkiləri təşkil edib və bizləri ölkənizə dəvət edib. İnanıram ki, Azərbaycanda keçirilən bu seçkilər günün sonuna qədər öz demokratikliyini və ədalətliliyini davam etdirəcək. Məntəqələrdə olarkən yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bizə geniş imkanlar yaradıldı. Məntəqə sədrləri səsvermə günündə iştirak edəcək seçicilərin sayı haqqında məlumat verdilər. Amma mən müşahidələrimdən bu qənaətə gəldim ki, seçicilərin sayı söylənilən rəqəmdən daha yüksəkdir. Bu qənaətimə əsas verən başlıca amil seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində məntəqələrə gəlməsidir. Düşündüyüm kimi, Azərbaycan xalqı çox dost və qonaqpərvərdir. Xalqlarımız arasında ortaq dəyərlər var. İnanıram ki, dövlətlərimiz arasında olan münasibətlər davamlı və daimi olacaq”.
Digər müşahidəçi Sureş Çandra isə deyib: "Azərbaycan haqqında təəssüratlarım gördüklərimlə üst-üstə düşdü. Ölkəniz haqqında yüksək fikirdəyəm. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yüksək şərait yaradılıb. Prosesin sonadək bu qaydada davam edəcəyinə əminəm”.
Estoniyalı müşahidəçi: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir”
Azərbaycanda keçirilən parlament seçkilərində seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Bu seçkinin Azərbaycan üçün çox önəmli olduğunu vurğulayan Estoniyadan olan müşahidəçi Uno Silberq prosesi yaxından izlədiklərini deyib: "Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunub. Seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Biz bir çox seçici ilə ünsiyyətdə olduq və bizə seçki kampaniyasının ədalətli təşkil olunduğu bildirildi. Müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar”. Seçki proseslərini izləmək üçün bir neçə dəfə Bakıda səfərdə olduğunu deyən müşahidəçi hesab edir ki, Azərbaycanda seçki prosesi keçdikcə daha da mükəmməlləşir: "İnanıram ki, burada demokratiya yaxşı səviyyədədir”. Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins isə deyib ki, Azərbaycanda parlament seçkiləri qanunvericiliyin tələblərinə uyğun keçirilir. L.Simpkinsin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri Abşeron rayonunda və Bakıda bir sıra seçki məntəqələrində olublar. L.Simpkins bildirib ki, missiya hələ heç bir qanun pozuntusu qeydə almayıb: "Səhər saatlarında havanın soyuq olmasına görə, passivlik müşahidə edilsə də, günorta saatlarına doğru seçicilərin aktivliyi artıb”.
Şəymən