
Əcnəbilərə gedənlər ehtiyatlı olsunlar
Türkiyədə azərbaycanlı qadının başı kəsildiMehriban Zeynalova: “Qadın qeyri-rəsmi nikaha daxil olmağa razılıq verməməli, tanımadığı bir insanla həyatını paylaşmamalıdır”

Ölkə daxilində ailədaxili zorakılığa məruz qalan qadınlarımız azmış kimi, yad ölkələrdə də kişilərdən şillə-təpik "yeyən”lərin sayı son zamanlar artır.
Bu günlərdə analoji hal Antalyada yaşayan həmyerlimizin başına gəlib. 29 yaşlı Elmira xanım 9 il əvvəl evləndiyi Türkiyə vətəndaşından məhz fiziki zorakılığa məruz qaldığı üçün boşanıb. Amma "kişi” qadının evinə gələrək onun əl-qolunu bağlayıb və möhkəm döyüb. Hətta öldürməklə də hədələyib. Qadın polisə müraciət etsə də, kişi həbs edilməyib. Bu mənada qadının həyatına təhlükə qalmaqdadır.
Xatırlayırsınızsa, daha bir həmyerlimiz Türkiyə vətəndaşı olan ərindən ayrıldıqdan sonra kişi Bakıya gəlib onu "doğma divarlar arasında” döymüşdü.
Başı kəsilən azərbaycanlı qadın
Başqa bir müdhiş olay isə 13 il əvvəl baş veribmiş.
Türkiyədə kəsilmiş başı dənizə atılan azərbaycanlı qadının faciəsi yad ölkələrdə xoşbəxtlik arayanlara əslində, ibrət dərsi idi. Bu faciədə həmyerlimiz Təzəgül Dadaşova həyatını itirmişdi. T.Dadaşova İstanbulda qeyri-rəsmi yaşadığı Türkiyə vətəndaşı tərəfindən qəddarlıqla qətlə yetirilmişdi. Qadının başı dənizə, qolları və bədəni isə əl arabasının içində küçəyə atılıbmış. Əl arabasının içində cəsəd qalıqları haqda polisə yerli sakinlər xəbər verib. Bir qədər sonra isə
polisə dəniz sahilindən qadın başı tapılması haqda məlumat daxil olub. Müxtəlif istintaq hərəkətləri, həmçinin DNT testi nəticəsində başın, qol və bədənin eyni şəxsə mənsubluğu müəyyən edilib və öldürülən qadının da Azərbaycan vətəndaşı olduğu bilinib. Türkiyə polisi yalnız 13 il sonra qətlin izinə düşüb və qadının qeyri-rəsmi nikahda yaşadığı kişini şübhəli şəxs qismində saxlamışdı.
Görünən budur ki, xarici ölkələrdə hələ neçə belə qadınımız var ki, həyatları real təhlükə altındadır. Bəs bu qadınlar nə etməlidir?
Bilin, kimə ərə gedirsiniz...
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qanunlardakı bəzi boşluqların qadınlara həyatı bahasına başa gəldiyini dedi:
- Bizdə məişət zorakılığı ilə bağlı polisə lazımi səlahiyyət verilmir. Mühafizə orderinin tətbiqi də lazımi qaydada həyata keçirilmir. Qanunlarda hələ də xeyli boşluqlar var. Amma elə ölkələr var ki, orada qadının təhlükəsizliyinin təminatı yüksək səviyyədə təşkil olunur. Məsələn, İsraildə məişət zorakılığına məruz qalmış, təhlükə, təhdid altında olan qadınlara xüsusi qolbaqlar paylanır. Qadın hər hansı bir təhlükə hiss etdikdə qolbağ vasitəsilə dərhal hüquq-mühafizə orqanlarını xəbərdar edir. Bəzi ölkələrdə qadınlar hətta mühafizəçilərlə təmin edilirlər. Bizdə bu imkanlar olmadığından qadınlarımız çox zaman qorumasız qalır və təhlükədən sığortalana bilmirlər. Antalyada yaşayan həryerlimiz keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalırsa, dəhşətli şəkildə döyülürsə, burada artıq yerli polis hərəkətə keçməlidir. Necə yəni, polis keçmiş əri həbs etməyib? Görünür, burada lazımi prosedurlara əməl edilməyib, ya da kifayət qədər informasiya, dəlil ortalıqda yoxdur. Həmin şəxs konkret məsuliyyətə cəlb olunmalıdır və təhlükəli şəxs kimi polisdə qeydiyyata alınmalıdır. Qadın da qoruma altına alınmalıdır.
M.Zeynalova məlum olaydan çıxış edərək əcnəbilərlə nikah məsələsində zəruri bir məsələyə də toxundu:
- Şəxs əcnəbi vətəndaşla nikah bağlamaq istəyirsə, ilk növbədə həmin ölkənin səfirliyinə, yaxud diplomatik nümayəndəliyinə sorğu ilə müraciət edib, lazımi məlumatlara malik ola bilər. Nikah bağlamağa hazırlaşdıqları şəxslə bağlı səfirliklərə müraciət edib onun cinayət törətmiş, yaxud cinayətə meyilli adam olub-olmadığı barədə məlumatlar əldə etmək mümkündür. Səfirliklər belə məlumatları verməlidirlər. Yoxsa ki, insanı tanımadan, bilmədən ailə qururlar, evlənirlər, övlad sahibi olurlar, sonra bəlli olur ki, demə, bu adam cinayətkarmış, təhlükəli həyat tərzi keçirirmiş. Ümumiyyətlə, ailə qurarkən tərəflər bir-biri ilə bağlı mümkün qədər çox məlumat əldə etməlidirlər. Xüsusən də bu, əcnəbilərə aiddir. Biri-birini tanıyan, qohumluq bağları olan adamlar da evlənir, sonra problemlər üzə çıxır. Amma bir halda ki, xarici ölkənin vətəndaşı ilə
ailə qurmağa hazırlaşırsan, xüsusilə ehtiyatlı olmalı və şəxs haqqında ətraflı məlumatlara sahib olmalısan. Qadınlarımız da, kişilərimiz də ehtiyatlı olsunlar. Şəxsə yaxşı bələd olmadan ailə qurmağa tələsməsinlər.
Gizli həyat...
Mehriban Zeynalova qeyd etdi ki, qadınların bu kimi ağır durumlara düşməsinin, çıxılmaz vəziyyətlərdə qalmalarının əsas səbəbi getdikləri ölkədə qeyri-leqal yaşamalarıdır:
- Miqrasiya qaydalarına əsasən hər bir şəxs ayaq basdığı ölkədə 3 gün müddətində qeydiyyata düşməlidir. Söhbət, əlbəttə işləməyə gedənlərdən və yaxud uzun müddətli qalmaq qərarı verənlərdən gedir. Yəni, hər bir insan xarici ölkəyə nə məqsədlə getdiyini bilir və addımlarını da buna müvafiq atır və ya atmalıdır. Bir çox hallarda istər polisin, asayiş keşikçilərinin, istərsə də, ümumiyyətlə, dövlət orqanlarının işini çətinləşdirən məhz miqrantların qeydiyyata düşməməsi olur. Qeydiyyata alındıqda onlar barəsində məlumat toplamaq daha asan olur. Həmçinin, qadın qeyri-rəsmi nikaha daxil olmağa razılıq verməməli, tanımadığı bir insanla həyatını paylaşmamalıdır. Əks halda başlarına min cür fəlakət də gələcəyi ehtimalı da böyük olur. Qadınlarımızın həyatını hər addımda təhdid edən faktor bir-iki gün ərzində tanış olduqları adamlarla eyni dam altında yaşamağa razı olmalarıdır. Qadınlarımız rəsmi nikaha daxil olmadıqlarından vətəndaş nikahında yaşadıqları insan barəsində heç bir məlumat əldə edə bilmirlər. Bəlkə də bilmədən hansısa cinayətkarla, qanundan yayınan, həbsxana həyatı keçmiş və ya pozğun, əxlaqsız bir adamla qeyri-rəsmi nikaha daxil olurlar. Amma əgər qadınlarımız evliliyə ciddi yanaşsalar, onlara birgə yaşayış təklif edən adam rəsmi nikaha daxil olsalar, həmin şəxs barəsində dolğun məlumat əldə edərlər. Məlum məsələdir ki, qadınlarımızın əksəriyyəti qazanc ardınca xarici ölkələrə üz tutur. Və onlar kiminsə önünə şərt qoya da bilmirlər. Dəvətlə getməyiblər ki, rəsmi nikah tələb etsinlər. Belə bir tələbə kim məhəl qoyacaq? Qadınlarımız ehtiyac üzündən tanımadıqları, yaxud da yenicə tanış olduqları, ya da tanış edildikləri adamlarla vətəndaş nikahında yaşamağa başlayırlar. Həmin şəxsə də bu sərf edir, çünki heç bir məsuliyyət daşımır, heç bir öhdəliyi də olmur. Başqa məqsədlər üçün gedənlər, bilə-bilə bu yolu seçənlər, yüngül həyat ardınca qaçanlarla yanaşı, məlumatsızlıq ucbatından, bilmədən insan alverçilərinin toruna düşənlər də az deyil. Eləcə də sırf iqtisadi çətinliklər üzündən, ailəsini, balalarını dolandırmaq üçün qonşu ölkələrə, xarici dövlətlərə gedənlər də var. Bu qadınların səhvi ondadır ki, miqrasiya qaydalarına uyğun qeydiyyata düşmürlər. Beləcə, həm insan alveri faktı, həm cinsi istismar, həm də əməyin istismarı, zorakılıq, işgəncə halları baş verir. Amma qadınlar məlumatsızdır ki, hətta vətəndaşlığı olmayan şəxslərə də hüquqi yardımlar göstərilir, onlar da sosial layihələrə cəlb oluna bilər. Türkiyə Avropa Şurasının "Məişət zorakılığına qarşı” Konvensiyaya qoşulub. Bu Konvensiya kimliyindən asılı olmayaraq bütün qadınların hüquqlarının qorunmasını təmin edir. Amma bizim qadınlar təbii ki, belə məsələlərdən məlumatsızdırlar və ehtiyat edirlər ki, polisə müraciət etsələr, onları ölkələrinə deportasiya edəcəklər. Bu qorxu qadınlarımızı polisə müraciət etməkdən çəkindirir. Qeyri-leqal yaşayırlar, ona görə.
Məlahət Rzayeva