Ədəbsizlik uçuruma aparır, ailə modelləri dağılır

Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon “oynadır”
Gəncə şəhərində 2 uşaq anası balalarının gözünü yolda qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı Mətanət Əliyeva 28 gündür yoxa çıxıb. O, dekabrın 28-də uşaqlarını məktəbdən götürüb, lakin evə kimi gətirməyib. "Dəyirman dairəsi” adlanan ərazidə uşaqlarını öpüb-qucaqlayandan sonra evə yol salıb, özü isə gedib.
Araşdırmalar zamanı itkin düşən xanımın evdən məqsədli şəkildə qaçdığı məlum olub. Valideynləri polisə şikayət edəndən sonra onun "odnoklassniki” profili sındırılıb. Məlum olub ki, orda 20-yə yaxın müxtəlif oğlanla danışıb və hər birinə görüş vəd edib. Təhlükəsizlik kameralarına da baxış keçirilib və o, bir neçə kameradan sonra gözdən itib. Polis hətta onun sosial şəbəkədə yazışdığı oğlanları da taparaq dindirib, qadın onlarla olmayıb.
Qeyd edək ki, gəlinlərin evdən qaçması ilk hadisə deyil. Son illərdə bu tendensiya bir "dəb” halını alıb. Ən maraqlısı da odur ki, bu hadisələr baş verən ailələrdə tərəflər biri-birini qınayır,
hər kəs məhz özünü haqlı sayır. Acı reallıqsa budur ki, Azərbaycan ailəsi göz önündə parçalanır, ailə münaqişələrinin də, boşanmaların da sayı gündən-günə, ildən-ilə artır.
Bu müdhiş hadisələrin səbəblərinə gəldikdə isə ekspert rəyləri də birmənalı deyil.
Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, qadınların evdən qaçmalarına səbəb mənəvi deqradasiyalardır. Qadınlara nisbətən kişilərin adət-ənənəyə daha çox bağlı olduğunu vurğulayan sosioloq hesab edir ki, qloballaşmanın, demokratikləşmənin əslində nə demək olduğunu bilməyənlər özünü bu axının içinə atıb: "Baş verənlər onu göstərir ki, biz nə qloballaşmaya hazırıq, nə də demokratiyanın nə demək olduğunu bilirik. Əfsus ki, bizim qadınlarımız qloballaşmanın təsiri altına daha tez düşürlər və sərbəstlik əldə etmək istəyirlər. Kişilərimiz isə bu prosesdə geri qalır. Sevgi, xoş münasibətlərin yaranması kimlər üçünsə tələbat ola bilər. "Amma buna sizin ətrafınız hazırdımı, siz özünüz buna hazırsınızmı” sualı üzərində düşünmək lazımdır. Mən bundan əvvəl də dəfələrlə demişəm ki, internet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib çatıb. Maarifləndirmə səviyyəsi aşağı olduğundan biz bu gözəl texniki vasitələrdən, müasir texnologiyalardan səmərəli istifadəni bilmirik, düzgün istifadə etmirik. Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon "oynadır”. Gah mesaj yazır, gah mesaj oxuyur, gah oyunlarla məşğuldur. Cavan ərlər də, gəlinlər də səhərdən-axşamadək mesajlaşır, şəkil paylaşır, feysbukla, vatsapla məşğuldur. Bu, ədəbsizlikdi. Mədəniyyətsizlikdi. Hamı internet, "paylaşım” xəstəliyinə tutulub. Araşdırsan, görərsən ki, heç bir işin sahibi deyillər. Sadəcə, avaraçılıqdan telefonda mesajlaşırlar, interneti olan feysbukda, "odnaklassnik”də söhbətləşir. Evdə söz-söhbət də bunun üstündə yaranır. Nə kişi öz vəzifəsini bilir, nə qadın. Bilirsiz, bütün bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Ailələrə, gənclərə sağlam həyat tərzi mədəniyyəti aşılanmalıdır. Əxlaqi dəyərlərimiz itmək üzrədir. Gənclər ədəb qaydalarını bilmirlər. Çünki onları heç kim öyrətməyib. Atanın, ananın, özündən böyüyün yanında əxlaqsız söhbətlər edirlər. Bunların hamısının nəticəsidir ki, qurulan ailələr möhkəm olmur. Gənclər yüngül həyatı seçir. Problem artıq kritik xarakter almaqdadır. Və hamılıqla cəmiyyətdə gedən mənəvi deqradasiyanın qarşısını almağın yolları barədə düşünməliyik”.
Psixoloq Dəyanət Rzayev isə qadınların evdən qaçmasının əsas səbəblərindən birinin mədəni inkişafdan geri qalmasında görür: "Bu gün bölgələrimizin mədəni həyatında, konsert salonlarında, muzeylərdə, kino-teatrlarda bir o qədər də inkişaf yoxdur. Evdən qaçmaq qadının xarakterindən asılıdır. Bəzi qadınlar var ki, həddən artıq dözümlüdürlər. Nə baş versə də, uşaqlarını, ailəsini atmırlar. Bəzi qadınlar isə çox həssas olur və onları yaşadıqları hər hadisə təsirləndirir, müəyyən bir müddətdən sonra, o, məcbur olaraq ailədən, evdən uzaqlaşır. Artıq qadınlar da zorakılığa qarşı çıxıb öz hüquqlarını tələb edirlər. Qəbul edək ki, evdən qaçan xanımların əksəriyyətinin həyat yoldaşı onları qoyub Rusiyaya gedib. Onlar isə qayınana və qayınatanın təzyiqinə məruz qalırlar. Hansı ailəsində xoşbəxt olan qadın evdən qaçar? Bir sözlə, valideynlər qızlarını ərə verməzdən əvvəl onlara yüksək təhsil verməli, ailə dəyərlərini aşılamalıdır”. "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda arvadın evi tərk etməsi ilə nəticələnir: "Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır.
Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”.
M.Zeynalovanın sözlərinə görə, əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. "Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə, indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi var”.
Evdən qaçan gəlinlər arasında "Təmiz Dünya” İctimai Birliyinə üz tutanların da olduğunu deyən Birlik sədrinin sözlərinə görə, onlardan əksəriyyətini ailəsi ilə barışdırmaq mümkün olmur. Sosial şəbəkələrlə yanaşı, serialların da ailələrə güclü təsir etdiyini söyləyən M.Zeynalova serialları on il bundan öncə atılmış bombaya bənzədir. O, həmin serialların artıq öz nəticəsini verdiyini və bundan sonra da bu cür fəsadlar verəcəyini deyib.
Şəymən