Namizədlərin sosial şəbəkələrdə təbliğat aparması effekt verməyəcək
Ölkəmizdə bu ilin payızında baş tutacaq növbəti parlament seçkilərinə təxminən 10 gün vaxt qalıb. Artıq bir müddətdir ki, qeydə alınmış namizədlər öz təbliğat-təşviqatları ilə məşğuldurlar. Amma budəfəki təşviqat prosesi əvvəlki təbliğatlardan tam fərqlidir.
Bir sözlə, namizədlər "pulsuz efir vaxtı yoxdur” deyib, təbliğatlarını daha çox sosial şəbəkələrdə qururlar. Bununla yanaşı, sosial şəbəkələrin verdiyi imkanlar çərçivəsində təbliğat prosesinin daha yaradıcı olmasına çalışırlar. Belə ki, bəzi namizədlər təbliğatına dair videorolik hazırlayaraq şəbəkələrdə yayır, bəziləri isə kənd-kənd, qapı-qapı gəzərək, seçicilərlə görüşdüyünü lentə yazıb, paylaşırlar. Buna rəğmən ekspertlər bu cür təbliğatın müsbət nəticələr verməyəcəyini iddia edirlər. Məsələn, tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da "Şərq”ə açıqlamasında qeyd edib ki, təşviqatın sosial şəbəkələrdə aparılması elə də effektiv deyil: "Baxın, 60 dairədə namizədləri olan partiyalara pulsuz efir vaxtı verilir. Yeganə Yeni Azərbaycan Partiyasıdır ki, bu tələbi yerinə yetirə bilir. Qalan təşkilatlara pulsuz efir vaxtı verilmir, çünki tələbi yerinə yetirə bilmir. Bununla yanaşı, MSK seçki təşviqatını aparmaq üçün pullu televiziya və qəzetlərin adlarını açıqladı. Namizədlərin ondan istifadə etməməsi o demək deyil ki, efir vaxtı yoxdur. Efir vaxtı var, lakin pullu olduğuna görə, əksər namizədlər pulsuz internet vasitəsilə təbliğata üstünlük verir. Mənə elə gəlir ki, bunun elə də ciddi təsiri olmayacaq. Çünki ölkəmizdə əsas dairələr regionlardadır. Region əhalisi internetdən elə də geniş istifadə etmir”.
Ekspertin fikrincə, namizədlərin KİV-lərdə təbliğatı elə də çox deyil: "Bu da onların təbliğata vəsait sərf etmək istəməmələrindən irəli gəlir”.
Namizədlərin təbliğatla bağlı videorolik hazırlamasına diqqət çəkən Məhərrəm Zülfüqarlı söyləyib ki, bu rolikləri sosial şəbəkələrdə deyil, TV-lərdə nümayiş etdirmək daha yaxşı nəticə verər: "Hansısa namizəd ciddi seçki kampaniyası aparmaq istəyirsə, bu imkanlardan daha çox istifadə etməlidir. Rolik yaxşıdır, amma bu, telekanalda gedərsə, daha çox vətəndaşı, seçicini özünə cəlb edə bilər”.
Namizədlərin gəncləri başlarına toplayıb, evbəev gəzməsinə gəlincə, müsahibimiz bildirib ki, bu, təbliğat üçün yaxşı metoddur: "Qapı-qapı proqramı beynəlxalq təcrübədə müsbət qiymətləndirilir. Biz Azərbaycanda buna ilk dəfə 2005-ci ildə Şirvan şəhərində, 2010-cu ildə isə Şamaxıda rast gəldik. Sumqayıtda yaşayıram. Bir gün bir qadın qapını döydü. Gənc bir xanımın seçki təbliğatının materiallarını verdi. Düzdür, bu doğru proqramdı, lakin düzgün yanaşmaq lazımdır. Çünki həmin proqramda 3 nəfər iştirak etməlidir. Həm də tək material deyil, namizəd haqqında qısa məlumat da verməlidir. Seçici maraqlansa, onun haqda geniş danışmalıdır. Bizdə isə imitasiya gedir. Eşidirlər ki, belə bir şey var. Onu edirlər. Amma düzgün yerinə yetirmirlər. İndiki məqamda qapı-qapı gəzmək proqramını həyata keçirən ciddi bir qurum görmürəm”.
Ayyət Əhməd