Əhali haqlıdır, şəhərin ciddi problemləri var, amma...

Azərbaycanda meriya institutu olmadığı halda merin seçilməsini tələb etmək absurddur





Qarı kim sevmir ki?! Yaşatdığı bütün problemlərə rəğmən sakit havada yağan qar topaları hər kəsin zövqünü oxşayır, ətrafa gözəllik, insanlara sağlamlıq bəxş edir. Amma Bakı sakinlərinin qar sevinci bir o qədər uzun sürmür. Elə buna görə də, "Bakıya qar yaraşmır” deyimi şəhər sakinlərinin çoxunun dilinin əzbəridir. Çünki qar yağan gün yollar buz bağlayır, nəqliyyatın hərəkəti çətinləşir, avtobuslar gecikir, piyadalar küçələrdə qalır.

Problem bununla da bitsə, dərd yarıdır. Hava şəraiti mülayimləşəndən sonra da onun əriməsi paytaxt sakinləri üçün ciddi narahatlıq yaradır. Uzun illərdir ənənə halını alan bir tendensiya da qarlı günlərdə əziyyət çəkən şəhər sakinlərinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qarasınca deyinməsidir. Şəhərin infrastrukturuna cavabdeh olan Bakı meri isə yaranan problemlərdən diqqəti yayındırmaq üçün elə bir açıqlama verir ki, qar da, buz da yaddan çıxır. Onun guya zarafat, əslində isə absurd olan açıqlamaları günlərlə medianın və sosial şəbəkələrin gündəminə oturur.

BŞİH başçısının şəhər sakinlərinin problemlərinə qarşı laqeyd yanaşması isə ölkə ictimaiyyətinin səbr kasasını getdikcə daha çox daşırır. Belə məqamlarda isə problemdən çıxış yolu kimi Bakı meriyasına seçkilər mövzusu yada düşür: niyə seçkilər keçirilmir?

Qeyd edək ki, bu gün Bakı Cənubi Qafqazda yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb.

Ancaq ekspertlər hesab edirlər ki, iqtisadi əlverişlilik və Avropa Şurası qarşısında öhdəliklər baxımından Bakı merinin seçkiləri keçirilməlidir.

Bakı şəhər merinin seçilməsi ilə bağlı hər hansı bir normativ hüquqi aktlar olmadığını vurğulayan Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında deyib ki, əvvəlcə belə bir institut yaradılmalıdır: 

"Hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti yerli icra hakimiyyəti sisteminə daxildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə də, yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təyin olunur”.

Ə.Nuriyevin sözlərinə görə, Bakı şəhərinin statusu haqda qanun qəbul olunmalı və daha sonra digər məsələlərin tənzimlənməsi kimi proseslər öz həllini tapacaq: 

"Hesab edirəm ki, istənilən halda Bakıda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı real addımlar atılmalıdır. Bəlkə də respublikanın böyük şəhərlərində hakimiyyət orqanlarının seçkili vəzifə hesab olunması daha effektiv olar və onların məsuliyyətinin artırılmasına gətirib çıxarardı. Dünyanın müxtəlif ölkələri bu cür təcrübələrdən faydalanır. Bununla da paytaxt və böyük şəhərlərin idarəetmə məsələsində əhalinin iştirak imkanları daha da genişlənir. Azərbaycan qanunvericiliyi buna yol vermədiyi üçün də bizdə merin seçilməsi məsələsi müzakirə predmeti olaraq qalıb”.

Bakıda baş verən təsərrüfat xarakterli bütün işlərin Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğunu vurğulayan Fond prezidenti hesab edir ki, əhali haqlı olaraq hər hansı problem baş verdiyi zaman onun həllini ilk növbədə BŞİH-nin başçısından tələb edir. Amma Azərbaycanda meriya institutu olmadığı halda merin seçilməsini tələb etmək absurddur. Şübhəsiz, düşünürəm ki, Bakı şəhərinin statusu haqda Konstitusiya qanununun qəbulu zərurəti var. Burada idarəetmə orqanlarının formalaşması prinsipi də öz əksini tapmalıdır. Seçki yolu ilə seçilmə şəhər başçısını daha məsuliyyətli edir. Amma yuxarıda da dediyim kimi, bunlar sadəcə təklifdir, tələb edilməsi üçün mütləq ortada normativ hüquqi akt olmalıdır.

Şəymən