Ona görə də vətəndaşlar pullarını ciblərində saxlayırlar
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov Azərbaycanda milli valyutanın pul kütləsinin azalmağından danışıb. Azərbaycanlıların nəğd vəsaitləri evlərində saxlamağa meyilli olduğunu deyən AMB rəhbəri əhalinin həm dollar, həm də 50 və 100 manatlıqlar alaraq milyardlarla manat vəsaiti dövriyyədən çıxardığını bildirib.
Xarici valyutaya kütləvi marağın bu gün də davam etməsinin səbəbini nağdsız ödənişlərə və kartda pul saxlamağa marağın az olması ilə izah edən E. Rüstəmov: "Təsəvvür edin, elə amerikalı tapmaq olarmı ki, cibində 10-20 dollardan artıq pul olsun? Xırda pul onlarda çay pulu vermək üçün lazım olur, amerikalılar bütün hesablaşmaları bank kartı vasitəsilə həyata keçirirlər, buna görə də onlarda pullar həmişə dövriyyədədir” - deyərək müqayisə aparıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Nazim Məmmədov ucuzlaşmadan əvvəl əhalinin manata etibarının yüksək olduğunu, heç kəsin evində vəsait saxlamaq haqqında düşünmədiyini deyib: "Çox təssüf edirəm ki, Mərkəzi Bank iqtisadi əsası olmadan manatı bir gecənin içində 34 faiz ucuzlaşdırdı. Bununla da əhalinin milli valyutaya olan inamı qırıldı. Azərbaycanlıların vəsaitlərini banklara qoymadan özündə saxlamasının səbəblərindən biri də budur ki, banklara etibar etmirlər. Əmanət yerləşdirmək funksiyası artıq əhalidən məcburən alınıb. Son zamanlar iqtisadiyyatda dollarlaşma baş verdiyinə görə manat ucuzlaşmaqda davam edəcək”.
Ekspert qeyd edib ki, hazırkı şəraitdə iqtisadiyyatın stimullaşdırılmasının yollarından biri manatla kreditlərin verilməsinin davam etməsidir ki, bununla kredit faizlərinin aşağı salınması da mümkünləşəcək: "Azərbaycan Mərkəzi Bankı açıqlayır ki, ölkənin təbiyyə balansına görə ölkəmizə daha çox valyuta daxil olur. Bu şəraitdə manatın kursu stabil qalmalı, hətta möhkəmlənməli idi. Son vaxtlar məmurların işdən çıxarılması ilə bağlı olan əməliyyatlar səbəbindən bəzi məmurlar tərəfindən ölkədən qeyri-leqal yollarla valyuta çıxarılır. Buna görə Mərkəzi Bank özündə olan rezervləri, dolları satmaqla manat toplayıb, bunu aşağı faizlərlə kommersiya banklarına yerləşdirərək iqtisadiyyatı stimullaşdırmalıdır”.
N. Məmmədov cənab prezidentin apardığı sahibkarlığa dəstəklə bağlı iqtisadi siyasət sayəsində bu məsələ ilə əlaqədar məntiqi nəticə çıxardılacağını söyləyib.
Aysel Aslan