“Əhalinin sosial müdafiəsi etibarlı əllərdədir”

İlham Əliyev: “İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq”



Azərbaycan müstəqillik əldə etdikdən sonra sosial-iqtisadi problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb. Görülən işlər içərisində əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki tədbirlər daha tədqirəlayiqdir. Sirr deyil ki, ötən müddət ərzində vətəndaşlara layiqli əmək şəraitinin yaradılması, onların sosial rifahının yüksəldilməsi istiqamətində çoxsaylı qanunlar qəbul edilib, sərəncamlar imzalanıb. Təkcə Prezident İlham Əliyevin sərəncamları ilə aztəminatlı təbəqənin və xüsusi yardıma ehtiyacı olan vətəndaşların pensiya və təqaüdləri beş dəfədən çox artırılıb.

Həyata keçirilən çoxsaylı sosial proqramlar nəticəsində aztəminatlı ailələrin maddi problem məsələsi maksimum dərəcədə həllini tapıb. Bu ənənə beynəlxalq aləmdə baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi zamanı da davam etdirilib. Belə ki, ötən illər ərzində dünya ölkələrinin iqtisadi tənəzzülə uğraması, Avropa dövlətlərinə miqrasiya axınının başlanması Azərbaycanda heç bir sosial proqramın ləngiməsinə təsir edə bilməyib. Əksinə, dövlət ehtiyatı əldən verməmək üçün əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə maddiyata əsaslanan yeni-yeni layihələrin icrasına start verib. Prezident İlham Əliyevin 16 yanvar 2016-cı il tarixdə imzaladığı fərman və sərəncamlar ölkədə əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məlumdur ki, dövlət başçısının məlum sərəncamı qlobal iqtisadi böhranın milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə imzalanıb. Təkcə bu sərəncamla 1 milyon 223 min nəfər əmək pensiyaçısının təqaüdünün baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq. Həmçinin, şəhid ailələri üçün təqaüdün aylıq məbləği 10 faiz artırılaraq, 220 manat müəyyən edilib. Eyni zamanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin fevralın 1-dən artırılması nəzərdə tutulur. Bununla kifayətlənməyən dövlət başçısı yaranmış gərginliyin əhalinin sosial rifah halına mənfi təsirlərinin minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının qaldırılması üçün respublika hökuməti tərəfindən təkliflərin hazırlanması barədə tapşırıq verib. İlkin məlumata görə, artıq müvafiq qurumlar tərəfindən tapşırığın icrası olaraq devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb. İstehlak qiymətləri çox ciddi nəzarətə götürülüb. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə hökumət tərəfindən bütün sosial ödənişlərin

artırılması istiqamətində təkliflər hazırlanıb. İndiyə qədər həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bundan sonra da Azərbaycanda insanların sosial müdafiəsi dövlət üçün prioritet təşkil edəcək. Dövlət başçısı İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bir daha bəyan edib ki, bundan sonra insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq. Dövlət başçısı onu da bildirib ki, son illər ölkədə həyata keçirilən işlər insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib: "Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Neftlə zəngin ölkələrin, eləcə də neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində biz buna bənzər addımlar müşahidə etmirik. Məndə məlumat yoxdur ki, hansısa ölkə indiki böhran şəraitində əməkhaqlarını və pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır və bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək. İndiki şəraitdə bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq. Bu, bizim imkanlarımıza bağlı olan məsələdir”. Məlumat üçün deyək ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, sosial ödənişlərin artırılması nəzərdə tutulur. Odur ki, respublika ictimaiyyəti əmin olmalıdır ki, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunması və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində dövlət tərəfindən bütün müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

İsmayıl