Pravda.ru saytındakı məqalə Rusiyanın ölkəmizə qarşı yeni planlarının anonsudur
Ehtiyatlı olmalıyıq...
Kreml yenə “Talış” kartından yararlanmağa cəhd edir
Pravda.ru saytındakı məqalə Rusiyanın ölkəmizə qarşı yeni planlarının anonsudur
Pravda.ru saytındakı məqalə Rusiyanın ölkəmizə qarşı yeni planlarının anonsudur
Rusiyanın müxtəlif mətbuat orqanlarında zaman-zaman Azərbaycanın əleyhinə yazılar yazılır. Qərəzli şəkildə ölkəmizlə bağlı informasiyalar verilir, təhlillər ortaya qoyulur. Xüsusən də, Azərbaycanda baş verən hansısa hadisəni Rusiyaya məxsus nəşrlər daha qabarıq, qərəzli, həqiqətə uyğun olmayan formada təhlil edirlər.
Ən çox da, ölkəmizdəki etnik azlıqlarla bağlı yalan, şişirdilmiş informasiyalar ötürülür. Belə təhlil xarakterli yazılardan biri də, bugünlərdə pravda.ru saytında dərc olunub. Manatın son devalvasiyasından sonra bir neçə rayonda insanlar bahalaşmadan narahat olub, icra qurumlarından məlumat istəmək məqsədi ilə toplaşıblar. Bu insanların da dərdi dinlənilib, aidiyyəti qurumlar tədbirlər görüləcəyini söyləyiblər. Məsələ də bununla bitib. Pravda.ru saytı isə bu cür informasiyaları "təhlil” edərək, "Azərbaycanda talışlar ayağa qalxdı”, "Talışlar muxtariyyət elan etmək niyyətindədir” kimi cümlələrdən ibarət yazı dərc edib. Yazıda həmçinin talışlar haqqında tarixi bilgi verilib. Amma bu bilgilərin əksəriyyəti həqiqətə uyğun deyil. Məqaləni hazırlayan Lyubov Lyulko adlı jurnalist ötən əsrin 30-cu illərində talışların muxtariyyət elan etmələrini, 1990-cı illərdə separatçı Əlikram Hümbətovun yaratdığı "Talış Muğan Respublikası” adlı qondarma qurumları misal gətirib. Talışların Azərbaycanın cənub rayonlarında, Lənkəran, Masallı, Astara rayonları ilə yanaşı, Biləsuvar, Cəlilabad və hətta Füzuli rayonlarında kampakt məskunlaşdıqlarını göstərib. Halbuki, Biləsuvarda, Füzulidə ümumiyyətlə talışların kampakt yaşaması yoxdur.
Məqalədə ekspert rəyləri də verilib. Düzdü, politoloq Gülnarə Məmmədzadə pravda.ru-nun talışların ayağa qalxması fikirlərini birmənalı olaraq inkar edib. O bildirib ki, müəyyən sosial-iqtisadi problemlər Azərbaycanda var: "Amma bu problemləri talışların və ya digər etnik qrupların problemi kimi qiymətləndirmək olmaz. Belə problemlər ümumidir. Çətinliklərin aradan qaldırılması istiqamətində də aidiyyəti dövlət qurumları əhali ilə görüşürlər, problemlərin həllinə çalışırlar. Ola bilsin ki, hansısa qruplar məqsədli şəkildə, bu məsələlərdən ölkənin əleyhinə qarşı istifadə etməyə çalışsın. Amma bunu etnik qrupun kütləvi etirazı, muxtariyyət tələbi kimi dəyərləndirmək yanlışdır”.
Ekspertin bu fikirlərinə baxmayaraq, məqalə müəllifi yenə də qərəzli yanaşmasını ortaya qoyub, talışların hüquqlarının pozulduğunu iddia edib.
Rusiya mətbuatının bu cür məqalələrlə çıxış etməsinin birinci dəfə şahidi deyilik. Müxtəlif etnik qruplarla bağlı məqalələr ayrı-ayrı nəşrlərdə ildə bir neçə dəfə yayımlanır. Hətta etnik qruplara məxsus, Rusiyada yaşayan, separatçı meyilli bir neçə şəxsdən də münasibətlər alınır, qərəzli çıxışlar, çağırışlar olur. Şimal qonşumuzun mətbuat orqanlarının bu cür yazıları niyə dövriyyəyə buraxdığının heç kəsə sirr olmadığını bildirən analitiklər deyirlər ki, Rusiyanın hər zaman Azərbaycanla bağlı məkrli planları mövcuddur. Və bu planlardan biri də ölkəmizdə yaşayan milli azlıqlardan istifadədir.
Analitik Sədrəddin Soltanın qənaətincə, pravda.ru-da gedən məqalə, Rusiyanın ölkəmizlə bağlı yeni planlarının anonsudur: "Pravda Kremlə yaxın mətbuat orqanlarından biri sayılır. Orada bu tip yazının yerləşdirilməsi, indiki situasiyada təsadüfi sayıla bilməz. Bunun arxasında məkrli niyyət dayanır. Məncə, Azərbaycan dövləti son dərəcə ehtiyatlı olmalıdır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, Rusiyanın Azərbaycanla bağlı planlarının tərkib hissəsində etnik azlıqlardan istifadə olunması hər zaman yer alıb: "Hələ 1990-cı illərdə də Rusiya bu kartdan istifadəyə cəhd etdi. İndi də rus mətbuatında bu tip yazılar, etnik qrupları qızışdırıcı tezizlər yer alır. Bu çox qorxulu bir haldır. Amma mənə elə gəlir ki, həmişəki kimi, Rusiyanın bu niyyətləri də boşa çıxacaq. Hər halda buna ümid edirəm. Çünki bizdə etnik azlıqlara hər zaman tolerant münasibət var”.
Politoloq Qabil Hüseynli isə Rusiyanın etnik azlıqlardan Azərbaycana qarşı istifadə edə biləcəyinə inanmır. Onun sözlərinə görə, vaxtilə etnik azlıqların Azərbaycan üzərinə qalxması dövlətin zəif vaxtına təsadüf etmişdi: "Azərbaycandakı etnik azlıqlar bizimlə birgə eyni dinə qulluq edib, qohumlaşmış etnik azlıqlardır. Talışların da çoxu elədir. Ona görə də mən güman edirəm ki, etnik azlıq kartından Azərbaycanda istifadə etmək mümkün olmayacaq. Bizim üçün əsas təhlükə Ermənistandan gəlir. Rusiyanın etnik azlıqlarla bağlı olan planını nəzərdən qaçırmayaraq bütün diqqəti Ermənistana yönəltməliyik”.
Etnik azlıqların hüquqlarının qorunması məsələsinə gəlincə isə... Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Azərbaycan milli, dini, irqi baxımdan həqiqətən də çox tolerant bir ölkədir: "Burada konkret olaraq hansısa milli azlığa qarşı hər hansı diskriminasiya hallarına yol verilmir. Xüsusilə də talışlara qarşı. Məsələn, düşmən ölkə Ermənistanda bir nəfər də azərbaycanlı olmadığı və torpağımızın 20 faizinin işğal olunduğu halda hazırda Azərbaycanda 30 mindən çox erməni yaşayır. Çox düzgündür ki, heç kim onları milliyyətinə görə təhdid etmir. Ortada elə bir fakt olduğu halda, Azərbaycanda milli azlıqların-xüsusilə də talışların hüquqlarının pozulduğunu iddia etmək düzgün deyil. Bu, gülüş doğurur. Çünki hazırda talışlar digər azərbaycanlılarla ən çox qohumluq əlaqələrinə malik olan - qız verən, qız alan millətdir”.
Anar Bayramoğlu