Ehtiyatlı olun, uşaqlarınız xəstə doğulmasın!!!

İnfeksiyalar tamamilə müalicə olunandırlar. Amma hamilə qadında hepatit virusu aşkarlanarsa, buna ciddi yanaşılmalıdır
Nikaha daxil olmağa hazırlaşanların icbari tibbi müayinə cəlb edilməsinin müsbət tərəfləri artıq özünü göstərir. Səhiyyə Nazirliyinin məlumatına görə, iyunun 1-dən aparılan tibbi müayinələr zamanı 161 nəfərdə siflis, 45 nəfərdə NİV, 4213 nəfərdə isə QİÇS virusu aşkarlanıb.
Virus aşkarlanmış şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması ilə bağlı məsləhətlər verilir və cütlüklərə müalicə olunmaq tövsiyə edilir. Artıq bundan sonrası cütlüklərin öz ixtiyarındadır. Sağlam ailə qurmaq və dünyaya sağlam uşaqlar gətirmək yolunu tutanlar təbii ki, müalicəni gözardı etməyəcəklər.
İcbari tibbi müayinə öz yerində, amma bəzi qadınlar var ki, hamiləlikdən öncə, könüllü şəkildə müayinə olunmağı vacib hesab edir. Bununla bağlı sosial şəbəkələrdə geniş müzakirələr açan xanımlarımız da var. Xanımlar, xüsusən də övlad gözləyənlər, biri-birinə məsləhətlər verir, hara, hansı həkimə müraciət etdiklərindən danışır, təcrübələrini paylaşırlar. Bir qisim xanımlar da hamiləlikdən öncə müəyyən infeksiyalara, viruslara qarşı peyvənd olunduqlarını bildirir.
"Azərbaycanda yaşayanda tez-tez yeni ailə qurmuş xanımların rubella mikrobuna görə hamilə qala bilmədiklərini eşidirdim. Hamiləlik dövründə bu mikrob olarsa, uşaqda çox böyük fəsadlar, məsələn, karlıq, beyində problemlər yaradır. Rubella hava vasitəsilə çox asanlıqla insanlar arasında yayıla bilir. Dediyim kimi əsas təhlükəsi hamiləlik dövründə olduğundan qızlarda xüsusilə təhlükəlidir. İngiltərədə qız uşaqlarına körpəliyində bu mikroba qarşı vaksin vururlar. Bu da gələcəkdə daha sağlam körpələrin doğulması deməkdir. İkinci övladımın sağlamlığını təmin etmək üçün bu gün mənə də vaksin vurdular. Məncə yeni fəaliyyətə başlamış millət vəkillərimizə gündəmə gətirmək üçün əla mövzudur.”
 Bu sözləri Londonda yaşayan gənc ana Çinarə xanım Facebook səhifəsində yazıb.
Məsələ ilə bağlı həkim-terapevt, fəlsəfə doktoru Şəmsiyyə Namazovanın fikirlərini öyrəndik. Şəmsiyyə xanım "Şərq”ə açıqlamasında hazırda hepatit viruslarının dünyada ən yayğın şəkil aldığını dedi. Həkim bildirdi ki, hepatit virusuna qarşı peyvənd mövcuddur, lakin bu da insanın yoluxmayacağına tam təminat vermir:
- Yaxşı olar ki, gənc xanımlar ailə qurmağa hazırlaşanda, övlad dünyaya gətirmək qərarına gəldikdə öncədən müayinədən keçsinlər. Çünki hazırda dünyada müxtəlif xəstəliklər, viruslar geniş yayılıb. Əvvəlcədən müayinə olunmaq qadını hamiləlik zamanı qoruyur. Biz həkimlər həmişə xanımlara məsləhət görürük ki, müxtəlif infeksiyalar, viruslarla bağlı öncədən müayinə olunsunlar və belə hallar aşkarlandıqda gərəkən müalicəni alsınlar, artıq bundan sonra hamilə qalsınlar. Çünki istənilən infeksiya, virus dölün normal inkişafına mane olur, uşağın dünyaya normal gəlməsinə təhlükə yarada bilir. Amma toksoplazmoz, xlamidiya, herpes və s. mikroblara qarşı peyvəndlər mövcud deyil. Peyvənd yalnız hepatit V virusuna qarşı vurulur. Lakin peyvənd edilməsi həmin insanın hepatit V virusuna heç bir zaman yoluxmayacağı anlamına gəlmir. Hepatit elə bir virusdur ki, hətta peyvənd olunduqda belə, yoluxma riskini saxlayır. Sadəcə, peyvəndlər yoluxma baş verəcəyi təqdirdə, xəstəliyin kliniki gedişatının yüngülləşməsinə xidmət edir. Bir növ insanda bu virusa qarşı müəyyən immunitet, özünüqoruma formalaşır. Peyvənd olunmuş şəxsin yoluxma ehtimalı azalır, yoluxduqda isə xəstəliyi yüngül keçirir və müalicəsi də asanlaşır. Artıq neçə ildir ki, Azərbaycanda yeni doğulmuş körpələrə doğum evindəcə hepatit V virusuna qarşı peyvənd vurulur. Digər viruslara qarşı da həmçinin. Hər peyvəndin özünün vaxtı, zamanı var və analar bununla bağlı məlumatlandırılır, sahə həkimləri də valideynlərdən bunu tələb edir, uşağın mütləq peyvənd olunmasını diqqətdə saxlayırlar.
Ancaq müxtəlif infeksiyalara qarşı peyvəndlər mövcud deyil. Hamiləlik zamanı qadının qanında hansısa mikrob aşkarlanırsa, həkimlər çalışır ki, infeksiyalara çox yol verilməsin, yəni, pasiyent güclü iynələrdən istifadə etməsin. Zəruri göstəriş olmasa, buna getmirlər. Çalışırlar müəyyən dərman preparatları ilə kimyəvi müalicə aparılsın, qanın yuyulması həyata keçirilsin. Hazırda qanın yuyulması daha geniş yayılıb. Həkim qadının hamilələyi dövründə bir-iki dəfə bu proseduru məsləhət görə bilər. İnfeksiyalar tamamilə müalicə olunandırlar. Amma hamilə qadında hepatit virusu aşkarlanarsa, buna ciddi yanaşılmalıdır. Bu zaman ilk növbədə qanın əkilməsi icra edilir. Göstəricilərə baxılır, virus aşağı faizlidirsə, yaxud qadın daşıyıcıdırsa, yüngül müalicə aparılır. Amma viruslar yüksək faizlidirsə, təhlükəli həddədirsə, artıq uzun müddətli müalicə aparılır, hətta həkimin məsləhəti ilə hamiləliyin dayandırılması da mümkündür.
Məlahət Rzayeva