Ekologiya və ətraf mühitin mühafizəsi
İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır və həyatımızda, fəaliyyətimizdə təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Hər birimiz daim canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, çünki ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı təbiətin toplusu başa düşülür.
Ətraf mühitin mühafizəsi-ekoloji hüquq normalarında, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsi, qorunub saxlanmasıdır. Onların arasında mərkəzi yeri insanların həyat və sağlamlığının mühafizəsinin üstünlüyü tutur. Ölkəmiz zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda Respublikamızda həllini gözləyən bir sıra ekoloji problemlər var: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. Lakin bu problemlərin həlli istiqamətində son illər müxtəlif mühüm qərarlar qəbul olunub, dövlət başçısı İlham Əliyev tərəfindən sənədlər imzalanıb və mühüm işlər görülüb ki, bunun da müsbət nəticəsini görürük. İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.
Ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.
Ölkədə yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanıb və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilir. Ümumiyyətlə, inkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov müsahibələrinin birində qeyd edib ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
"Məhz bu prinsiplərin həyata keçirilməsi zəminində də bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gərgin və çoxşaxəli fəaliyyət göstərməkdədirlər. Son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu nailiyyətlər barədə ölkə və beynəlxalq ictimaiyyətinin məlumatlandırılması hökumətin fəaliyyətinin şəffaflığının və hesabatlılığının, ətraf mühitin mühafizəsinə vətəndaş cəmiyyətinin, biznes qurumlarının, beynəlxalq təşkilatların cəlb edilməsi üçün əməkdaşlığın açıqlığının ifadəsidir ".
2006-cı ildə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etməsi ilə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu kompleks tədbirlər planında Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri dəqiqliklə göstərilib. Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcüd təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində tədbirlər görülüb. 2009-cu ilin sonunda Hövsan Aerasiya Stansiyasının istifadəyə verilməsi və buxtaya axıdılan kanalizasiya sularının qarşısı alınaraq aerasiya stansiyasına yönəldilməsi Bakı buxtasının tədricən təmizlənməsinə müsbət təsir edib. Eyni zamanda ölkə başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili”nin elan edilməsi isə Respublikada ekoloji durumun yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardandır.
"Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların yaradılması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu yaxınlarda "Hərəmiz bir ağaç əkək” şüarı altında keçirilən aksiyada iştirak edən Hüseyn Bağırov bildirib ki, Zığ-Heydər Əliyev Limanı magistral avtomobil yolunun ətrafında 2008-ci ildən bu günə qədər ümumilikdə 859 hektar ərazidə 894187 ədəd ağac və kol əkilib. O bildirib ki, bu layihə çərçivəsində ərazi 10 ildən sonra gözəl bir meşəyə çevriləcək. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da Azərbaycanda son illər ekoloji vəziyyətin əvvəlki illərə nisbətən yaxşı olduğunu qeyd edib: "Son 5-7 il ərzində ölkədə ekoloji durum düzəlir və bu istiqamətdə də inkişaf edir. Respublikada ətraf mühitin mühafizəsi istiqamətində atılan mühüm addılmlardan biri "Təmiz şəhər” layihəsidir. Neçə illərdir Balaxanıda zibilliklərin yandırılması nəticəsində paytaxtın üzərini tüstü-duman alırdı, nəfəs almaq olmur və xəstəliklərin sayı da artırdı. Bakı ətrafında olan zibilliklərin təmizlənməsi üçün Prezident İlham Əliyev sərəncam imzaladı və 2008-ci ildə də Təmiz Şəhər yaradıldı. Artıq tullantıların səmərli istifadəsi mümkünləşdirildi. Ümumiyyətlə, tullantılarla əlaqədar olaraq əhali arasında maarifləndirmə işləri genişləndirilməli, tullantıların çeşidlənməsi aparılmalıdır. Hər kəs buna fikir verməlidir və sağlamlığımız üçün ətraf mühiti qorumalıyıq ". Azərbaycan dövlətinin yürütdüyü ekoloji siyasətdə iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Lakin ekologiyanın qorunması tək dövlət işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Doğma təbiətimizi həm öz sağlamlığımız, həm də övladlarımızın gələcəyi, sağlam mühitdə yaşamaları naminə qoruyaq. (Modern.az)
Aytən Bağırova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.