ABŞ, İsrail və İran arasında davam edən müharibə artıq 10-cu gününə çatıb. ABŞ Prezidenti Donald Tramp münaqişənin gedişatı ilə bağlı açıqlama verərək müharibənin böyük ölçüdə başa çatdığını bildirib.
Sherg.az xəbər verir ki, Tramp "CBS News"-a müsahibəsində İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək, “İranın donanması yoxdur, rabitə sistemi yoxdur, hava qüvvələri qalmayıb. Məncə müharibə böyük ölçüdə bitib” deyə qeyd edib.
Digər tərəfdən, İsrail ordusu ABŞ ilə birlikdə 28 fevraldan etibarən İrana qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində 6 hərbi hava bazasını hədəfə aldıqlarını açıqlayıb. Bildirilib ki, hücumlar nəticəsində bir sıra helikopter və hərbi təyyarələr məhv edilib, bəzi hava bazalarının uçuş zolaqları istifadəyə yararsız hala salınıb.
Bu arada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin mülki şəxsləri hədəf aldığını iddia edərək Tehranın buna “amansız və qətiyyətli cavab verəcəyini” bildirib.
İranda isə minlərlə insan yeni dini lider Müctəba Xameneinin andiçmə mərasimi üçün Tehranda toplaşıb. İsrail rəsmiləri isə Xameneiyə qarşı sərt açıqlamalar verərək onu “yeriyən ölü” adlandırıblar.
Hadisələrlə bağlı vəziyyət gərgin olaraq qalır və regionda proseslər diqqətlə izlənilir.