Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb

“Mossad” rəhbəri Roman Qofman ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb.

Sherg.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, Qofman Vaşinqtonda, o cümlədən MKİ direktoru Con Retkliffin iştirak etdiyi görüş keçirib. O, ABŞ tərəfinə Tehranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edib və İrana qarşı bir neçə günlük yeni hərbi əməliyyatın keçirilməsini təklif edib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hazırda Tehranla bağlı gələcək addımları nəzərdən keçirir.

Bundan əvvəl İsrail KİV-i Baş nazir Benyamin Netanyahunun İrana qarşı yeni hərbi əməliyyatın qaçılmaz olduğunu bildirdiyini yazıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi də buna cavab olaraq zərbələr endirib. Hazırda münaqişədə nisbi sakitlik müşahidə olunsa da, qarşıdurma hələ də həllini tapmayıb.