Ekspert deputatın iradı ilə razılaşır: "Doğrudan da tədris proqramları ağırdır"

Şagirdlərin daşıdığı yük – dərs yükü Milli Məclisin müzakirə predmetinə çevrilib.
Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasının gündəliyinə yeni "Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi daxil edilib. Müzakirələr zamanı millət vəkili Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir:
"Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var.
Vaxtilə Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul edilən təhsil qanununda bu məsələ ilə bağlı müəyyən məqamlar nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, bunlar əsaslandırılmış bir addım deyildi. Daha çox süni, populist xarakter daşıyırdı. Ona görə yeni qanunda bu məsələyə də aydınlıq gətirmək lazımdır”.
Millət vəkili repetitorluqla məşğul olanlarla bu fəaliyyətlə məşğul olmayan müəllimlərin gəlirlərində, maddi qazanclarında ciddi disproporsiyanın yarandığını bildirib.
O qeyd edib ki, müəllimlərin heç də hamısı repetitorluqla məşğul olmur.
"Ona görə hesab edirəm ki, bu məsələdə ciddi addımlara ehtiyac var. Elə etmək lazımdır ki, müəllimlər daha çox məktəblərdə öz işləri ilə məşğul olsun, şagirdlərə yüksək səviyyəli təhsil versinlər. Yəni onların maddi problemlərinin həllində növbəti addımlara ehtiyac duyulur”, - deyə millət vəkili əlavə edib.
Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir.
Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ sözügedən qanunun predmeti ola bilməz: "Bu məsələnin qanunla hansısa bağlılığı yoxdur və ola da bilməz. Eyni zamanda, müəllimlərin dərs-tədris yükü fərqlidir. Məsələn, bəzi məktəblərdə ədəbiyyat dərsi 200 saat ola bilər, bəzisində isə 60 saat. Yəni məktəblərdəki siniflərin və şagirdlərin sayına görə bu rəqəm dəyişir. Ona görə də bu məsələnin qanunla tənzimlənməsi mümkün deyil”.
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü «Şərq»ə açıqlamasında şagirdlərin dərs yükünün ağır olması ilə bağlı millət vəkilinin iradları ilə razılaşdığını dedi:
- Doğrudan da, tədris proqramları ağırdır. Həftəlik dərs saatlarının çox olması şagirdlərə çətinlik yaradır. Şagirdlər o qədər yüklənir ki, asudə vaxtları qalmır. Şagird həyətdə, küçədə həmyaşıdları ilə oyunlara qatılmağa, həmsöhbət olmağa vaxt tapmır. 5 günlük dərs həftəsi olan məktəblərdə 8 dərsin olması yolverilməzdir. Bu, əsasən yuxarı siniflərdə belədir. Amma onu da deyim ki, Təhsil Nazirliyində bu məsələ ilə bağlı iş aparılır, dərs saatlarının azaldılmasına çalışırlır. Bir sıra fənlərin dərs saatı artıq azaldılıb. Şagirdlərin dərsdənkənar məşğələlərdə könüllü iştirakı məsələsinin həllinə başlanılıb. Yəni, bu istiqamətlərdə iş gedir. Müxtəlif ölkələrdə dərs saatlarına, tədris proqramlarının yükünə baxdıqda, bizdəki vəziyyətdən o qədər də fərqli deyil. Sadəcə, dərs saatlarının azaldılması məsələsinə baxılmalıdır. Tədris proqramları da yüngülləşdirilməlidir.
Müəllimlərin dərs yükü ilə bağlı isə M.Mürşüdlü problemin olmadığını düşünür:
- Müəllimlərin dərs-tədris yükü 12 saatdan 18-ə qaldırılıb. Müəllim həftə ərzində 18 saatlıq dərs yükünü apara bilər. Müəllimlər gərək üzərləridən işləsinlər, peşəkarlıqlarını artırsınlar. Hər müəllimə gündə 4-5 saat dərs düşür. Məncə, bu, normaldır. Müəllim çatışmayan yerlərdə isə daha çox dərs saatı götürülməsinə icazə verilir.Bu da doğru addımdır.
Məlahət Rzayeva