Ekspertdən avtobus qəzalarına sərt təpki: "Avtobus şirkətlərinə elə cəza tətbiq edilməlidir ki..."

"Sürücülük vəsiqəsi olmayan, idarə etdiyi nəqliyyat vasitəsi ilə sürücülük vəsiqəsində göstərilən kateqoriyanın uyğun gəlmədiyi şəxslər avtobusları idarə edirlər. Marşrut sahibləri isə belə hallara göz yumurlar”.
Bunu "Sherg.az”a avtobus qəzalarının artmasının səbəblərini izah edərkən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. 
Onun fikrincə, avtobus qəzaları zamanı səbəblər araşdırılmalı, sürücülərlə bərabər marşrut xəttinə cavabdeh olan şəxslər də cəzalandırılmalıdır:
"Bir qəzanı törədərkən ictimai nəqliyyatda çalışan sürücü məsuliyyətə cəlb olunur. Amma şirkət üzərində nəzarəti həyata keçirən şəxslər heç bir cəza almır. Məsuliyyətli şəxsə cəza tətbiq edilsə belə, şirkətin rəhbərliyi tərəfindən sövdələşmə yolu ilə onun adı hallanmadan məsələyə xitam verilir. Burada problem ondan ibarətdir ki, ictimai nəqliyyata aid olmayan şəxsləri işə götürürlər. Nəticə etibarı ilə yol qəzalarının sayının artması müşahidə edilir.
Ciddi cəza mexanizmlərinin qurulmasına ehtiyac var. Avtobus şirkətlərinə elə cəza tətbiq edilməlidir ki, bir daha çoxyerlik avtomobil nəqliyyatlının idarəsi üçün səlahiyyətli olmayan sürücünü işə götürməsin. Problemlər məhz buradan dərinləşir. Avtobuslarda olan texniki nasazlığa görə də, şirkət cavabdehlik daşımalıdır”.
Qeyd edək ki, bu gün Bakıda ağır yol qəzası baş verib. Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo New BS" markalı sərnişin avtobusu yolun kənarındakı dayanacağa çırpılıb. Avtobusun idarəetməsini itirən sürücü gəldiyi sürətlə dayanacağa doğru istiqamətlənib və oradakı şəxslərdən biri nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Aysel Aslan