"Elçibəyin 80 illik yubileyi rəsmi səviyyədə qeyd olunmur" - Deputat

Fazil Mustafa:"Dəfələrlə məsələ parlament səviyyəsində və aidiyyəti qurumlar qarşısında qaldırılıb. Heç bir reaksiya verilməməsi isə üzücüdür"



"Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi rəsmi səviyyədə qeyd olunmur”.

Bunu "Sherg.az”a millət vəkili Fazil Mustafa bildirib. 

O diqqətə çatdırıb ki, hazırda mövcud olan vəziyyət Azərbaycanın bugünkü reallığının görüntüsüdür:

"Artıq keçmişin münasibətlərini həll etmək lazımdır. Əbülfəz Elçibəy dünyasını dəyişib və kiməsə siyasi rəqib deyil. Mərhum prezidentin yubileyinin qeyd olunması hansısa formada dövlətə problem yarada biləcək addımlar da deyil. Bu sadəcə hər kəsin özünə baş ucalığı gətirəcək tədbir olardı. Düşünürəm ki, bunu rəsmi səviyyədə keçirmək ölkənin maraqlarına uyğun addım olardı. Təəssüf ki, gözlədiyimiz kimi alınmadı. Dəfələrlə məsələ parlament səviyyəsində və aidiyyəti qurumlar qarşısında qaldırılıb. Heç bir reaksiya verilməməsi isə üzücüdür.

İstənilən halda biz öz imkanlarımız səviyyəsində Elçibəyin 80 illik yubileyini keçirməyə çalışdıq. Ümid edirik ki, gələcəkdə bu məsələyə daha fərqli yanaşma ortaya qoyulacaqdır”.

Qeyd edək ki, Elçibəyin 80 illik yubileyinin təşkil edilməsi üçün Ədalət Tahirzadə, Mircəlal Yusifli, Abbas Musayev, Novella Cəfəroğlu, Mehriban Vəzir, Almaz Əliqızı, Oqtay Məmmədov və İsfəndiyar İsgəndərovun iştirakı ilə Təşəbbüs Qrupu yaradılıb.

Aysel Aslan