Əli Abbasov “MTN işi” və korrupsiyaya görə vəzifəsindən kənarlaşdırılıb

İlham İsmayıl: “Dinləmə məsələsi elə bir həddə çatıb və elə yüksək səviyyəli şəxslər dinlənib ki, Rabitə və Texnologiya Nazirliyi bu barədə dövlət rəhbərliyinə informasiya verməyib”
Osman Gündüz: “Əgər ölkə başçısı belə addım atıbsa, deməli, komandanın formalaşdırılmasında buna ehtiyac olub”



Son bir ay ərzində artıq ikinci nazirin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilməsi cəmiyyətdə müzakirə olunan ən aktual məsələlərdəndir. Oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun ardınca, dünən dövlət başçısının sərəncamına əsasən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsindən kənarlaşdırılıb. Əslində Ə.Abbasovun işdən çıxarılacağı ilə bağlı versiyalar onun rəhbərlik etdiyi nazirliyin bir neçə rütbəli şəxsinin həbsindən sonra səsləndirilməyə başlamışdı.

Ə.Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına səbəblər yetərincə idi. Eks milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad olunduqda yayılan ilk versiya bu oldu ki, nazirliyin rəhbəri qeyri-qanuni olaraq yüksək çinli məmurların telefonlarını dinlətdirir və ayrı-ayrı sahibkarlardan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət tələb edirmiş. Əgər MTN hansısa vəzifəli şəxsin telefon danışıqlarını dinlətdirirsə, sözsüz ki, bundan Rabitə nazirinin də xəbəri olmalı idi. Bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov da həbs olunudular. Məlum oldu ki, bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib. Daha sonra Əli Abbasov bu həbslərlə bağlı dindirilib. Eks nazir oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub. Prezidentin Sərəncamı ilə işdən azad olunan Əli Abbasovun bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamanın isə sadəcə fikir yayındırmaq məqsədi daşıdığı ortaya çıxıb. Prosesin gedişində aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşların hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib. Hər iki qurumun rəhbərliyi əlbir şəkildə qanunsuz əməllərlə məşğul olub və yüzlərlə sahibkarın, iş adamının, vəzifəli şəxslərin həyatını puç ediblər. Nəticə etibarı ilə aydın olub ki, Ə.Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmayıb, zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb. Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN-in eks rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar. İlkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları” da yaxından iştirak edib. Bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.

Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunazidd əməllərdə iştirak etmiş şəxslər barədə həbs-qətiimkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcək. Ə.Abbasovun rəhbərlik etdiyi qurumda da hər şey çox bərbad vəziyyətdə olub. Halbuki son illərdə müasir informasiya texnologiyalarının inkişafı, rabitə sistemlərinin yenilənməsi, dünya standartlarına uyğunlaşdırılması üçün son illər dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılıb. Ancaq büdcədən ayrılan vəsait poçt sisteminin inkişafına deyil, rəhbərliyin şəxsi ambisiyalarına sərf olunub. Bu səbəbdən poçt şöbələrinin 90 faizi sovet vaxtında necə idisə, elə də qalıb. Poçt şöbələrinin əksəriyyətində sovet dövründən qalma iri çap maşını hələ də qalmaqdadır. Kompüterləşmənin ilk olaraq burada getməli olduğunu nəzərə alsaq, görünən mənzərə qarşısında təəccüblənməmək qeyri-mümkündür. Poçt şöbələrinin natəmizliyi, burada hökm sürən səliqəsizlik, vətəndaşlara aşağı səviyyəli xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədə gedən inkişaf prosesindən nə qədər kənarda qaldığını bir daha göz önünə sərir. Eyni zamanda kommunal xərclərin ödənilməsinin bu poçt şöbələrində həyata keçirildiyi dövrdə vətəndaşlardan hər gün yüzlərlə şikayətlər daxil olurdu. Poçt şöbələrində ödəniş etmək istəyən vətəndaşlar burada müxtəlif səbəblərdən növbələrdə gözləməli olur, poçtun ya çap aparatı, ya da ödəniş cihazı sıradan çıxaraq vətəndaşların əsəblərini tarıma çəkirdi. Ölkədaxili pul köçürmələri üçün poçt şöbələrinə üz tutan vətəndaşlar binaya daxil olmağa belə peşman olurlar. Eks rabitə nazirinin birbaşa nəzarətində olan və bütün bölgələrdə öz şöbələri olan poçt sisteminin niyə belə bərbad vəziyyətdə olması çox düşündürücüdür.

Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki, eks nazir Əli Abbasovun ölkə başçısı tərəfindən vəzifəsindən azad edilməsi hökumətin işinin daha da təkmilləşməsinə xidmət edir: "Hökumət üzvlərinin təyini və azad edilməsi ölkə başçısının səlahiyyətlərinə daxil olunan məsələdir. Əli Abbasovun nazir vəzifəsindən azad edilməsi növbəti kadr dəyişikliyidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin atdığı bütün addımlar ölkənin inkişafına xidmət edir. Yəni, ölkə başçısı tərəfindən qəbul edilən hər bir qərar kadr dəyişikliyindən daha çox, cəmiyyət qarşısında dayanan problemlərin həllinə yönəlib. Təcrübə göstərir ki, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər daim öz müsbət nəticəsini verir”. A.Mirzəzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir qərarı xalqın milli maraqlarına cavab verir.

MTN-in keçmiş əməkdaşı, müstəqil ekspert İlham İsmayıl da deyib ki, MTN məsələsi ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması arasında birbaşa əlaqə var: "Bu məsələ ilə bağlı ehtimal irəli sürmək olar ki, əməliyyat-axtarış qanunu əsasında MTN telefon dinləmələrini həyata keçirir. Rabitə Nazirliyi dövlət və özəl qurumların dinlənilməsi üçün şərait yaratmağa borcludur. Belə çıxır, dinləmə məsələsi elə bir həddə çatıb və elə yüksək səviyyəli şəxslər dinlənib ki, Rabitə və Texnologiya Nazirliyi bu barədə dövlət rəhbərliyinə informasiya verməyib. Bu məsələni ancaq belə qiymətləndirmək olar ki, Əli Abbasov yüksək instansiyaların dinləndiyini bilib, ancaq hökumət rəhbərliyini bundan xəbərdar etməyib.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsinə münasibət bildirib. O deyib ki, son illər informasiya cəmiyyətində ciddi problemlər var idi: "İlk növbədə bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxil olan məsələdir. Əgər ölkə başçısı belə addım atıbsa, deməli, komandanın formalaşdırılmasında buna ehtiyac olub. Şəxsən mən dəfələrlə Rabitə Nazirliyindəki nöqsanları dilə gətirmişəm. Təbii ki, əvvəlki dövrlərlə müqayisə etdikdə dinamika hiss olunurdu. Nazirin keçirdiyi kollegiya iclasında rabitə sektorunda olan problemlərlə bağlı xəbərdarlıq edilib. Hətta bu yaxınlarda işdən çıxarılan "Bakı Telefon Rabitəsi” İB rəisi Beytulla Hüseynova da xəbərdarlıq olunub. Belə problemlərin olması da kollegiyada öz əksini tapıb. Hiss olunurdu ki, bu sahədə mühüm problemlər var idi”. Ekspert onu da bildirib ki, Azərbaycanda internet qiymətlərinin endirilməsi və keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı işlərə ehtiyac var: "Uzun müddətdir ki, endirimlərlə bağlı addımların atılması ləngiyirdi. Axırıncı dəfə böyük endirim bir neçə il bundan öncə baş verib. Bundan sonra dövlət provayderlərinin məsələsinə yenidən baxmaq lazım gələcək. Azərbaycanın internet məkanında dövlət provayderləri deyilən məsələ var ki, sərbəst rəqabətə maneə yaradır. Düşünürəm ki, ilk olaraq "Bakinternet”, "AzTelekom”, ümumiyyətlə dövlət provayderinin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”.
Göründüyü kimi, Azərbaycan Prezidenti korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir.

Aparılan islahatlar onu göstərir ki, ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

İsmayıl